Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:52

"22 yaşlı gəncin qalib gəlməsində nə "gizli əl" ola bilər?"


Milli Kitab Mükafatı Müsabiqəsinin təşkilatçısı Nigar Köçərlinin "Milli yol" qəzetinə müsahibəsi


1. Növbəti MKM-ə start verildi. Xahiş edirik əvvəlcə bu haqda...


Milli Kitab Mükafatı ötən ilin noyabr ayında təsis olundu. Təsisçi – “Əli və Nino” Nəşriyyat Evidir.

Ötən il 6 regionda, 5 ali məktəbdə görüş keçirdik. Yüzlərlə yazılar çıxdı, müsahibələr verildi.

Həm regional, həm mərkəzi telekanallarda çıxışlar etdik. Əsas məqsədimiz iflic vəziyyətində olan ədəbiyyatda canlanma yaratmaq, yazıçılarımızı meydana çıxartmaq, onların kitablarını çap etmək, təbliğ etmək idi.

Keçən il ilk dəfə keçirdiyimiz MKM çərçivəsində onluğa düşən bütün əsərləri çap etdik, yazıçılara qonorar ödədik, onlara təqdimatlar təşkil etdik, kitablarını həm Azərbaycan, həm də dünyanın aparıcı kitabxanalarına göndərdik.

Ötən il qeyd etdiyimiz kimi, MKM mütəmadi olaraq hər il keçiriləcək.

Müsabiqəyə həcmi 40000 çap işarəsindən az olmayan bədii nəsr əsərləri (hekayə, povest, roman) təqdim oluna bilər. Şərtlərdə bəzi dəyişiklər var.

Regionlarda internetə çıxışla problemlər olduğundan bu il əsərlərin təqdim edilməsi yollarında dəyişiklik etdik - əsərləri həm elektron ünvanımıza (info@mkm.az), həm adı poçt ilə bizim ünvana göndərmək olar (Bakı ş., Tağıyev küçəsi, 19).

Bu ilki MKM-da başqa yenilik ondan ibarətdir ki, ABŞ səfirliyi ilə bərabər MKM çərçivəsində Azərbaycanda ilk dəfə ən yaxşı bədii tərcüməyə görə xüsusi mükafat təsis etmişik.

Bu nominasiyanın qalibi Amerika yazıçılarının hər hansı bir əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə edənlər arasında müəyyənləşəcək.

Daha bir yenilik – onluğa düşən əsərlərin bir parçası bizim saytımızda yerləşəcək və elektron səsvermə aparılacaq.

Bu səsvermə nəticəsində qalib gələnə xüsusi diplom veriləcək. Şəxsən mənə internet səsverməsinin nəticəsinin münsiflərin səsverməsindən necə fərqlənəcəyini görmək çox maraqlıdır.

Və əsas dəyişiklik – bu il münsiflər tərkibinə yeni simalar qatılıb.

Bunlar cəmiyyətimizdə çox böyük nüfuza malik olan şəxsiyyətlər professor Rafiq Əliyev, professor Cəmil Həsənli və professor Niyazi Mehdi, naşir Şahbaz Xuduoğlu, kinoşunas Ayaz Salayev və telerejissor Mehriban Ələkbərzadədir.

Çox şadam ki, belə insanlar ədəbiyyatımıza dəstək verirlər.

2. Müsahibələrinizdən birində MKM-in obyektiv keçirildiyini söylədiniz.

Münsiflərdən biri isə söyləmişdi ki, Rafiq Tağının islam haqqındakı məlum məqaləsinə görə ona sıfır bal verib.

Belə olan halda hansı obyektivlikdən söhbət gedə bilər?

Əlbəttə, mən buna çox pis baxıram, gərək bütün qınaqlar həmin münsifə yönəlsin və o münsif də növbəti dəfə belə yanlışığa yol verməsin.

Həmin qiymət Rafiq Tağının daha yüksək bal toplamasına ciddi zərbə vurdu. İstəyirəm ki, fikirlərim düzgün başa düşülsün, mən münsifləri ictimaiyyətin etibarını qazanmış, eləcə də öz sahələrində uğur əldə etmiş şəxslər arasından seçmişəm.

Onlar seçim edərkən heç bir dini və etnik, eləcə də siyasi faktorları nəzərə almamalıdır. Ədəbi məzmunu yüksək olan ədəbiyyat əsas meyar olmalıdır.

3. Keçən ilki MKM ictimaiyyət arasında birmənalı qarşılanmadı. Mükafatın obyektivliyi şübhə altına alındı. Bu il necə MKM-in uğuruna kölgə gətirən məqamları nəzərə alıb bu ilki qaydalarda dəyişiklər etmisizmi?

Bu, yeni layihədir. Azərbaycanda belə təcrübə olmayıb. Bizim nöqsanlarımız yalnız təcrübəsizliklə bağlı ola bilər. Axtarış davam edir.

Münsiflər heyəti təzələnir. Şərtləri hər kəs üçün daha uyğun və daha şəffaf olan formaya salmağa çalışırıq. Hər bir təklif və tənqidə açığıq, bir tək qərəzli mövqedən başqa. Qərəzli yanaşmaya, “ağa qara deyilməsinə” fikir verməməyə çalışırıq.

4. Münsiflər heyətinə yeni simaların dəvət edilməsi nəyisə dəyişəcəkmi?

Yeni simalar cəmiyyətimizdə mövqe formalaşdıran, ictimaiyyətin inam və etibarını qazanmış, ədəbiyyatımızın inkişafı üçün qarşımıza qoyduğumuz məqsədlərə çatmaqda bizə yardımçı olmağa çalışan insanlardır.

Onların münsiflərin əvvəlki üzvləri ilə birlikdə bu ilin Milli Kitab Mükafatının qalibinin müəyyənləşdirilməsinə obyektiv və vicdanla yanaşacağına əminəm.

Münsiflər Heyətinin üzvləri bizim kimi bu layihəyə, ədəbiyyatımızın inkişafına, yeni yazarlarımızın üzə çıxması, tanınması işinə çox məsuliyyətlə, təmənnasız yanaşır, öz dəyərli vaxtlarını, enerjilərini ayırırlar.

Mən onların hər birinə çox minnətdaram və ümid edirəm ki, milli ədəbiyyatımızı sevən hər bir şəxs onların işini dəyərləndirəcək.

5. Münsiflərin qərarları mətbuata açıq elan ediləcəkmi?

Bu ilki yeniliklərdən biri məhz budur. Münsiflərin öz rəylərini açıq şəkildə əsaslandırılmasına heç bir maneə olmamalıdır.

Çox istərdim ki, bunların son rəy verilməsi hansısa telekanalda canlı efirdə debat formasında keçirilsin.

İstəyirəm hamı görsün ki, münsiflər əsərə hansı meyarlara görə bal verir. Bu istiqamətdə işləyirik və kanallarla danışıqlar aparacağıq.

6. AYO-nun müsabiqəyə qatılmamağına münasibətiniz necədir? Sizcə, bu, Nigar Köçərlinin günahıdır, yoxsa AYO sadəcə ajiotaj xatirinə bu addımı atır?

Mənə belə gəlir ki, AYO tərəfindən MKM-in bu ildə keçirilməsi böyük bir bayramdır. Ədəbiyyatla bağlı layihəni tənqid etməklə mübariz qəhrəman görünməkdən asan iş yoxdur.

Elə ötən ildə eyni ssenari oldu. Lakin Həmid Herisçi və Rafiq Tağı qatıldılar, biri onluğa digəri isə iyirmiliyə düşdü.

Bizim layihəmiz kimin yerini dar eləyir? Əgər iştirak etmək istəmirlərsə, niyə sadəcə bir tərəfə çəkilmirlər? Səs-küylü bəyanatlar verməklə ədəbiyyatda ciddi bir iş görmək olmaz.

Ədəbiyyatı şou-biznesə qatmaq düzgün deyil.

Əgər biz istəyiriksə ki, cəmiyyətimizdə və ədəbiyyatımızda dəyişiklik olsun, bu cür layihələr həyata keçirilməlidir. Bu layihədə əməyi keçənlərin hamısının amalı budur.

Biz sadəcə danışmırıq, kiminsə zəhmətini yerə vurmaq üçün bəyanatlarla çıxış etmirik.

Düşünürəm ki, MKM-in növbəti dəfə keçirilməsi çoxları üçün gözlənilməz idi. Bir çoxları düşünürdü ki, bu Azərbaycanda keçirilən əksər layihələr kimi qısamüddətlidir.

Ancaq söz verdiyimiz kimi MKM hər il baş tutacaq və bunun nəticəsi olaraq ədəbiyyatımızın inkişafı məsələlərini gündəmə gətirəcəyik, yeni imzalar axtaracağıq, ən yaxşı yazıçılarımızı müəyyənləşdirərək, geniş kütləyə tanıdılması istiqamətində əlimizdən gələni edəcəyik.

Keçən il keçirilən MKM-in ən böyük uğurlarından biri kitab bazarına müasir Azərbaycan yazarlarının 10 kitabının daxil olması və onların bəzilərinin bizim bazarda “bestsellərə” çevrilməsidir.

Vətəndaşlarımız rus, Avropa və türk müəllifləri ilə yanaşı öz yazarlarımızı da oxumağa başlayır.

Bunun nəyi pisdir? Və bizim bu işimiz

AYO üzvlərinə xidmət etmirmi? Bugün bu yazıçını alan sabah digər yazıçının kitabını alacaq. Əsas oxuculara öz yazıçılarımızın kitablarını almaq, onları oxumaq mədəniyyətini qaytarmaqdır.

Bizim qapılarımız hamı üçün açıqdır. Yanvarın 10-dək əsərlərin qəbulu davam edir.

7. Bu il mükafatların təqdimetmə mərasimində Orxan Pamuk iştirak edəcəkmi? Keçən ilki təqdimetmədə Orxan Pamuku dəvət etmək ideyası sadəcə PR xarakteri daşımırdı ki?

Keçən il Orxan Pamuk məşğul olduğuna görə Azərbaycana gələ bilmədi. Bu ilə bizim başqa planımız var.

ABŞ-ın Azərbaycanda səfirliyinin dəstəyi ilə məşhur Amerika yazıçısı Xaled Hüsseynin “Kiterunner” kitabı bizim dildə “Əli və Nino” nəşriyyatı tərəfindın çap olunacaq. Səfirlik çox istəyir ki, Xaled Hüsseyni həm kitabın təqdimatına, həm də MKM-in mükafatlandırma mərasiminə qatılsın.

Bu, bizim niyyətimizdir, amma nəzərə alın ki, dünya miqyasında tanınmış yazarın Azərbaycana gətirilməsi asan iş deyil.

8. İctimaiyyət arasında belə fikir dolaşırdı ki, Gənclər və İdman Nazirliyinin xüsusi mükafatı Qaraqana veriləcək, amma heç kəs birinciliyin ona veriləcəyini gözləmirdi.

Açığı gözlənilməz nəticə ədəbi ictimaiyyət üçün şok oldu. Belə nəticənin alınmasında “gizli əl”in iştirakı var idimi?

Sizcə, 22 yaşlı gəncin qalib gəlməyində nə “əl” ola bilər?

Bəs onluğa daxil olanlar dövlət məmurlarından, o cümlədən Mədəniyyət və Turizm Nazirliyin işçisi olan Şərif Ağayar, Əjdər Ol yaxud Kamran Nəzirli, Əliabbas qalib gəlsəydi nə olardı? Hamı deyəcəkdi dövlət məmurları qalib gəldilər.

Əgər AYO üzvlərindən biri- Həmid Herisçi olsaydı, deyəcəkdilər, Ramiz Mehdiyevi müdafiə yazısına görə oldu.

Əgər rus dillilərdən kimsə olsaydı, deyəcəkdilər rusdililərin mükafatıdır.
Ümumən, bu cür söhbətlər olmalıdır.

Amma qərəzsiz. Biz böyük və ciddi layihəni həyata keçiririk, istəyirik ki ədəbiyyatımız aktuallaşsın, canlansın. Və bu mükafat bir qrupa xidmət edə bilməz nə AYB-yə, nə də AYO-ya.

Bizim mükafat bütün yazıçılar üçündür. Bəlkə növbəti il Cənubda yaşayan soydaşlarımıza da müsabiqədə iştirak üçün müraciət etdik.

Mən bu cür şayiələrin səbəbinin cəmiyyətimizdə olan total inamsızlıq hissi ilə izah edirəm.

Sanki, insanlar başqalarına, ətrafına etibar etmək bacarıqlarını itiriblər.

Belə olduğu halda bir qrupun MKM-in obyektivliyinə şübhə ilə yanaşması anlaşılandır.

Ancaq MKM dövründə, sonra və indi də ünsiyyətdə olduğum bir çox insan, bizə yazan, müraciət edənlər layihəni yüksək qiymətləndirdiklərini, onun obyektivliyinə inandıqlarını bildiriblər.

Cəmiyyətimizin çox tanınmış 20-yə yaxın nümayəndəsi Münsiflər Heyətinin üzvüdür və onların bu ildə münsif olması, bu layihədə iştirakı bizim işimizə verdikləri dəyərin, bizə göstərdiklkəri etibarın göstəricisidir.

Qalibləri yalnız və yalnız Münsiflər Heyəti müəyyənləşdirir.

9. Qısa bir dövr ərzində kitab bazarında xeyli canlanma yaratdınız. Gələcək planlarınız nədir? Şeir və uşaq ədəbiyyatı müsabiqələri təşkil etmək kimi planlarınız varmı?

Gələcəkdə MKM-in çərçivəsində mütləq uşaq ədəbiyyatına da mükafat veriləcək. O ki qaldı poeziyaya... Bizim bu barədə də ayrıca qərarımız olacaq.

Bizim başqa maraqlı layihələrimizdə var.

Bu yaxınlarda “BookClub” adında layihəni başlamışıq. 120 nəfər gənclərə pulsuz kitab paylayıb, dörd ay ərzində onları bizim kitab kafemizdə bir yerdə yığıb müzakirə üçün imkan yaradırıq.

Olduqca gözəl bir layihədir – gənclərdə kitaba və ədəbi diskussiyaya maraq oyatmaq çox vacibdir.

Əlbəttə, kitab bazarımızda hələ də böyük problemlər var. Amma əlimizdən gələni edirik ki, kitab qıtlığını aradan qaldıraq.

Nəşriyyatımız həm gənc yazıçılarımıza dəstək verməyə çalışır, həm də dünya ədəbiyyatının bestsellerlərini Azərbaycan dilinə tərcümə edir. ABŞ Səfirliyi dəstəyi ilə gələn il iki kitab çap olunacaq – qeyd etdiyim Xaled Hüsseynin ”Kiterunner” və Qreg Morgensonun “Three cups of tea” əsərləri.

“Qanun” nəşriyyatı ilə maraqlı layihələr həyata keçiririk. Uşaqlar üçün əlifba kitablarını buraxmışıq, bu yaxınlarda inkişaf etdirici nəşrlər buraxacayıq. Planlarımızda – Azərbaycan Klassikləri seriyasında Nizaminin, Fizulinin, Cəlil Məmmədquluzadənin kitablarını tam fərqli formada çap etməkdir.

Bu yaxınlarda qeyri-adi bir aksiya baş tutdu – 3 gün ərzində yazarlar Günel Mövlud, Nərmin Kamal və Sahilə İbrahimova kitab mağazamızda satıcı rolunda işləyiblər və alıcılara kitablar tövsiyə ediblər. Bu ənənəni də davam etdirəcəyik.

10. “Əli və Nino” kitab mağazaları sahibi kimi hər gün kitablarla işləyirsiniz. Yəqin ki, mağazanın rəflərinə düzülmüş bütün kitabları oxumaq imkanınız olmaz. Kimləri mütaliə edirsiniz? Sevimli yazıçılarınız?

Ən sevdiyim yazıçılar – Umberto Eko, Dovlatov. Hal-hazırda oxuduğum kitablar – The Help (Kathryn Stockett), Lao Tzı və Co Vitale.

Öz növbəsini gözləyir Herta Müller və Mario Varqas Lyosa – Tomas Transtromerin Nobel mükafatında qalib gəlməməyi gözlənilməz oldu, amma Lyosa da olduqca böyük bir yazardır və heç bir əsəri bir-birinə oxşamır.

Data Tutaşhiyanı və Cəlil Məmmədquluzadəni yenidən oxuyacam.

Qanun nəşriyyatının “Ən yeni tərcümə” seriyasından çıxan kitabları səbirsizliklə gözləyirəm, çünki bu seriyada Markesi, Herta Mülleri, Lekleziyonun əsərlərin oxuya biləcəyik.

11. Onluğa düşən əsərləri oxudunuzmu?

Mən münsif olmadiğıma görə bütün əsərləri həmin vaxtda oxumağa ehtiyac yox idi. Əsərləri bir oxucu kimi oxuyuram. Hazırda qeyd etdiyim kitabları oxuyuram, onları bitirdikdən sonra Fəxri Uğurlunu oxuyacam.

12. “A” romanını necə qiymətləndirirsiniz?

Ümumən, normal. Bir kitabçı kimi sevinirəm ki, Azərbaycan kitab bazarında yaxşı satılan kitablar əmələ gəlir.

Mənim ən böyük arzum odur ki, bizim yazıçılarımız 50 min, 100 min tiraj ilə kitab buraxsınlar, yaxşı pul qazansınlar.

Kim bilir, bəlkə bu ilin MKM-i bizə belə bir yazıçını üzə çıxaracaq.

"Milli yol" qəzeti

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG