Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:49

Nərmin Kamal: Oxucular bizi ətə dəyişmişdilər


Emin Aslanov, Nərmin Kamal və Cavid Zeynallı. "Pen klub" verilişi. 25 noyabr 2010, Azadlıq Radiosunun Bakı studiyası
Emin Aslanov, Nərmin Kamal və Cavid Zeynallı. "Pen klub" verilişi. 25 noyabr 2010, Azadlıq Radiosunun Bakı studiyası
"Məni ağrıdan odur ki, yazıçılar öz kitablarını satanda onlardan kitab alan onların dost-tanışı, ətrafı olur. .

Niyə kənardan insanlar gəlib almırlar. Niyə rusdillilər gəlib kitablar alırlar, Murakamini alırlar, Koelyonu alırlar, digər müəllifləri alırlar, amma bizim yazıçılar isə tanıdıqları adamlardan xahiş edirlər ki, gəlin mənim kitabımı alın, bu gün mənim aksiyamdır".

Bunu Azadlıq Radiosunun "Pen klub" verilişində yazıçı Cavid Zeynallı deyib.

Müzakirə bu mövzuda olub: Niyə Azərbaycanda kitablar çətin satılır. Problem kitabların keyfiyyətindədir, yoxsa oxucuda?

Müzakirəyə - "Əli və Nino" kitab dükanının "Kitabı yazıçının özündən al" kampaniası zamanı "satıcı rolunda" çıxış etmiş yazıçı Nərmin Kamal, Bakı Kitab Klubundan Elçin Hüseynov (telefonla), Azadlıq Radiosunun Türkiyə təmsilçisi Mais Əlizadə (telefonla) və xobbisi kitab oxumaq olan gənc hüquqşünas Emin Aslanov da qatılıblar.

Nərmin Kamal:

- Bir neçə kateqoriya oxucu təbəqəsi var - hərəsinin də öz səbəbi var kitab oxumamağa.

Baxsaq görərik bu kateqoriyaların heç biri demir ki, mən kitab oxumuram. Bunu heç kim etiraf etmir.

Bəziləri deyir ki, mən kitab oxuyuram, soruşursan nə oxuyursan, deyir dini ədəbiyyat, astrologiya. Cəmiyyətin çoxu xilas axtarır.

Belə bir dövr, dəyərlər çıxılmazlığa gəlib, insanlar çaş-baş qalıb, köhnə dəyərlər işləmir, yeni dəyərlər isə artıq şübhə doğurur.

Bu vəziyyət bir dəfə də olub, ellinizm dövründə.

Bir kateqoriya oxucu da var ki, deyir kitab oxumuram, yazanlar pis yazır.

Elçin Hüseynov:

- Əsasən, burada kompleks faktorlar var. Birinci növbədə bu, qiymətdir.

Sonra gəlir insanların məvacibinin az olması. Alıcıdan söhbət gedirsə, birinci növbədə qiymətdən sonra məvacibdir.

Üçüncü yerdə isə reklam durur. Kitabların reklamı aşağı səviyyədədir. Bundan doğan zəncirvarı səbəblər var.

Reklam pul tələb edir. Kitabdan gələn gəlir də o qədər böyük deyil ki, onu sərf etsinlər reklama.

Azərbaycanda nəşr edilən kitablardan söz gedirsə, başqa səbəblər bunlardır: həmin kitabların çap keyfiyyətinin aşağı olması, maraqlı kitabların az olması.

Dünyada kifayət qədər görürük ki maraqlı, bir-birindən maraqlı kitablar çap olunur.

O qədər maraqlıdır ki hətta uşaq da, böyük də onu vərəqləmək istəyir. Azərbaycanda belə deyil.

Nərmin Kamal
Ən əsas səbəblərdən biri də vaxtdır. Söhbət o kütlədən gedir ki, onlar kitaba bağlıdır, oxumaq istəyir, amma onların vaxtı yoxdur.

Gəncləri oxumağa öyrətmək, kitab oxumağa dəvət etmək lazımdır.

Azadlıq Radiosu:

Analitik adlı dinləyicimiz yazır: "Çoxları elə bilir ki, burada alıcılıq qabiliyyəti rol oynayır.

Kitabın qiyməti bahadır və ona görə kitab almırlar, oxumurlar. Mən belə hesab etmirəm.

Məsələn, Gürcüstanda alıcılıq qabiliyyəti Azərbaycandan daha aşağıdır amma orada kitab alınır və oxunur.

Əsl səbəb odur ki, burada bizi mənəvi cəhətdən öldürüblər, oxumağı tərgidiblər.

Bu fikrə münasibətinizi bilmək istərdim. Niyə Gürcüstanda alırlar?"

Elçin Hüseynov:

- Bizim funksiyamız elə ondan ibarətdir ki, kitabları oxumağı öyrədək.

O gənclər ki, oxumaq istəsələr də, bunun üçün yerləri yoxdur, biz onlar üçün bir kitab klubu olaraq xidmət göstəririk.

Əgər kiminsə pulu azdırsa, kitab almağa pulu çatmırsa, o kitabxanalardan və bizim kimi klublarından istifadə edə bilər. amma onda oxumağa həvəs yoxdursa, təbii ki, bu da olmayacaq.

Gürcüstanda bizdən fərqli olaraq insanlara kitab oxumağı aşılayıblar. Ona görə onlar bizdən bir qədər qabaqda gedir

Emin Aslanov:

- Biz problemi bilirik. Əsas problemdən çıxış yoludur. Necə oldu ki məndə kitaba maraq yarandı.

Mənim bibim bizə nağıllar danışardı. Həmişə o nağılları qısa kəsərdi, bizə səhəri gün maraqlı olardı.

Həmişə həsrətlə gözlərdik axşam gəlsin və o nağılların davamını danışsın. Sonra da mən fikirləşdim ki mənə əsas təsir edən bibim olub.

Bizdə belə deyək kitab oxumaq adəti deyilən bir şey yoxdur.

O da sözsüz ki, orta məktəbdən tutmuş, ailələrdən gəlir. İnanmıram ki 90 faiz ailələrdə heç bir ana uşaqlarına axşam yatanda nağıl oxusun.

Cavid Zeynalli
O nağıl da bir ədəbiyyatdır. Hər bir maraq oradan başlayır. O adət bizdə formalaşmayıb.

Ümumi fikir var ki, televiziyaların səviyyəsini bilirik, kifayət qədər aşağıdır.

On beş il müddətində televiziyalar bizə istədikləri şeyi sırıdılar.

Biz onu getdikcə qəbul etdik. İlkin dövrlərdə çox böyük etiraz var idi şoulara. Amma sanki onlar onu bizə sırımağa başladılar.

Çünki ora gəlirli sahə idi. Getdikcə camaat onu qəbul etdi. Azərbaycanda əksər əhali passiv seyrçidir.

Xoşu gəlir ki, sakit oturub televizora baxsın.

Cavid Zeynallı:

- Emin bəy maraqlı bir məsələyə toxundu, cəmiyyətdə kitabın reklamı, kitabın təbliği hansı səviyyədə həyata keçirilir. Televiziyanın cəmiyyətə təsir gücünü əvəz edəcək ikinci vasitə yoxdur.

Azərbaycan xalqının əksər hissəsi passiv seyrçidirlər.

Bu gün Azərbaycan teleməkanında hansı məhsullar reklam olunur.

Fərz edək ki, bir layihə yazdıq hər hansı bir televiziyanın rəhbərinin qarşısına qoyduq ki, kitabı təbliğ etməklə bağlı bizim layihəmiz var, xahiş edirik efir verin, dəstək verin bu işlə məşğul olaq.

Televiziyanın ən pis məsələlərindən biri reytinqdir. İstənilən telekanalın rəhbərinin, aparıcı şəxsin özünü sığorta edəcək vasitəsi var.

Bu verilişlərə maraq yoxdur, reytinq yoxdur.

Bütün bu məsələlər, bütün bu problemlər cəmiyyətdə kitabın təbliğini aşağı səviyyəyə salır. Burada biz ictimai əsaslardan danışırıq.

Dövlət faktoru var, çox ciddi məsələdir. Dövlətin bilavasitə dəstək verdiyi layihələr olub.

Məsələn, Milli Kitab Mükafatı, bu yaxınlarda beynəlxalq kitab sərgisi keçirildi, qeyri-dövlət sektorunda Şahbaz Xuduoğlu kitab dərc etdirir, eləcə də Dünya ədəbiyyatı jurnalı və 525-ci qəzetin kitab seriyası dərc edilir...

Amma Azərbaycanda ədəbiyyatın, kitabın vəziyyəti o qədər acınacaqlıdır ki, bu işlər kitabın cəmiyyətdə, insanlar arasında itirilmiş nüfuzunu yenidən qaytarılmasına bəs etmir.

Planlaşdırılmış kompleks işlər görülməlidir və bunun nəticəsi ola bilər.

Mais Əlizadə:

- Bu ümumiyyətlə sistemin xarakteri ilə bağlı olan məsələdir.

Emin Aslanov
Sistem nə qədər sərbəstdirsə oxucu da o qədər sərbəstdir, kitab ticarəti də o qədər sərbəstdir.

Türkiyədə sərbəst sistemdir. Dövlətin də, Mədəniyyət Nazirliyinin də çıxardığı əsərlər var.

Bir ay qabaq Türkiyənin mədəniyyət naziri Azadlıq radiosuna müsahibəsində demişdi ki, Türkiyənin tanınmasına100 milyon dollar pul xərcləmişdik.

Bunun içində Türkiyənin xaricdəki böyük kitab yarmarkalarında iştirakına diqqət yetirilib.

Orada fərq qoyulmur, yarmarkalara aparılarkən yazıçı hökumətə müxalifdirmi, tərifləyirmi, yoxsa tənqid edirmi.

Sərbəst nəşriyyatlar var, bankların nəşriyyatları var, böyük holdinqlərin nəşriyyatları, qəzetlərin nəşriyyatları var.

Bunlar hamısı çalışırlar ki, hər il İstanbulda keçirilən kitab yarmarkasına mümkün qədər yeni məhsullar çıxarsınlar.

Hər ay ildə 150-200-ə qədər kitab çıxaran nəşriyyatlar var.

Sərbəst bazarda yazıçının münasibəti nəşriyyatla qurulur, müğənninin münasibəti patent firması ilə qurulur.

Bunlara əlavə olaraq bunların hüquqlarını müdafiə edən qurumlar, yəni nəşriyyatların özlərinin qeyri-hökumət təşkilatları var ki onlar sərbəst şəkildə fəaliyyət göstərirlər.

Dövlətin ədəbiyyata qayğısı ola bilməz, bu, sosial düşüncə tərzidir.

Dövlət bunun yolunu açmalıdır - bu, qanunlar vasitəsilə, vergi sisteminin yumşaq olması vasitəsilə, xaricdə keçirilən yarmarkalarda iştirak edən özəl firmalara verilən dəstək vasitəsilə ola bilər.

Digər tərəfdən kitaba tələbat milli gəlirin düzgün bölüşdürülməsi ilə bağlıdır.

Kitabı kim alır? Daha çox ziyalı təbəqəsi, müəllimlər, həkimlər.

Azadlıq Radiosu:

- Televiziyalarda kitabla bağlı nəsə görürsünüz?

Mais Əlizadə:

- Televiziyaların hamısının mütləq ədəbiyyat və mədəniyyət proqramları var, bunsuz televiziyalar mümkün deyil.

Orada daimi veriliş aparan ədəbiyyat tənqidçiləri var, ədəbiyyatşünaslar var, yeni çıxan kitablar barədə yazıçıları dəvət edirlər, tənqidçiləri dəvət edirlər.

Burada ən mühüm məsələdir, sistemin sərbəstliyi bunu tələb edir, oxucu ilə münasibət məsələsidir.

Mais Əlizadə
Yazıçıların özləri universitet tələbələri ilə ünsiyyətə girməyə çalışırlar. Nəşriyyatlar özləri imza günləri təşkil edirlər.

Bazarın tələbini də görə bilirlər yazıçılar, nəşriyyat. Bu bir kompleks işdir.

Cəmiyyət nə dərəcədə sərbəstdirsə o dərəcədə yazıçının oxucu ilə münasibəti inkişaf edir. Mədəniyyət naziri nəşriyyatın çıxardığı hər kitabdan kitabxanalara alır.

Bir yazıçının min dənə kitab buraxılırsa bunun 300-400 dənəsini mədəniyyət nazirliyi alıb qoyanda ondan sonra nəşriyyatlar reklamı rahat apara bilirlər.

Münasibətlər bu şəkildə qurulur.

Azadlıq Radiosu:

- Nərmin xanım, "Əli və Nino" dükanında satıcı "rolunda" kitab satdınız.

Nə müşahidə etdiniz ki, onu bilmirdiniz. Sizin üçün gözlənilməyən nələr çıxdı ortaya - kitab satıcısı və müəllif kimi?

Nərmin Kamal:

- Biz niyə yazıçı olmuşuq, biz niyə sosial elmləri seçmişik?

Biz məsələn, həkimlər kimi fərdi terapiyanı istəməmişik. Bir-bir pasient otağa gəlsin və s. Bu kabinet estetikası bizdən uzaqdır.

Biz abstrakt ictimaiyyətə yazmaq istəmişik əsərimizi. Orada oxucularla ünsiyyət mənə qəribə gəlirdi.

Kitab dükanının forması xoşuma gəlmədi. Bakıda sovet vaxtı 140 kitab dükanı olub, indi 8 kitab dükanı var.

Onların quruluşu aşağı-yuxarı eynidir, bir-birinə oxşayır. Mən satıcı olduğum gün daha çox heyrətlənmişdim.

Mən ilk dəfə Bolonyada kitab dükanına girəndə nə görmüşdüm?

Onun quruluşu elə idi ki, ora girib kitab almayıb çıxa bilmirsən, yəni bir müəllifin haqqında filmlər, kitablar hamısı bir rəfdə, iki kitab alana bir kitab hədiyyə.

Bizim oxucu bir əsr əvvəlki oxucudan fərqli olaraq həm də aksiya istəyir, tamaşa istəyir. Cavid bəy tənqid etmişdi "Əli və Nino"dakı aksiyanı.

Tək məni yox, kitab satan gənc yazarların hamısını. Amma mən fikirləşirəm ki, mən kabinet yazıçısı deyiləm, həmçinin mənim həmkarlarım.

Kabinet yazıçısı məlum yazıçılarımızdır - Yazıçılar Birliyində. Onlar xalqla görüşmür, tək-tük hallarda xalq onların qapısına gələ bilir.

Biz gənclərə daha çox aksiyaçılıq xas olmalıdır.

Məsələn, mən bir məqaləni də yazanda özümü sosial bir aksiyaçı kimi hiss etməsəm, yaza bilmirəm. Söhbət ondan getmir ki, buna nə dərəcədə nail oluruq.

Bu cür aksiyalar lazımdır.

Mənim satıcı olduğum gün Qurban bayramı günü idi. Oxucular bizi ətə dəyişmişdilər.

Gördüyüm odur ki, az oxucu oldu. Öz kitabımdan on iki dənə satıldı, dörd dənə xarici ədəbiyyat satıldı.

Üç saat oldum mağazada, mənə elə gəlir məndən sonra da sıçrayış olmayıb.

Biz olmasaydıq daha az olardı. Açıq olmaq lazımdır bu cür aksiyalara.

Emin Aslanov:

- Facebook şəbəkəsi çox önəmlidir, burada həm verirsən, həm alırsan. Mən öz səhifəmdə həmişə kitabı təbliğ edirəm.

Aqşin Yeniseyi də təbliğ edirəm, Nərmin Kamaldan da bir fraza qoymuşdum, kitabı alın, oxuyun.

Maksimum çalışıram ki, orada nə isə edə biləm. Təbliğat məsələsində bu da önəmlidir.

Azərbaycanda sistem liberal deyil. Gərək maraq olsun, Türkiyə ilə müqayisəsi mümkün deyil.

Cavid Zeynallı:

- Mən aksiyaların qətiyyən əleyhinə deyiləm. Sadəcə, həmin aksiyada məni ağrıdan o idi ki, ədəbiyyat bu vəziyyətə gəlib düşüb.

Məsələ onda deyildi ki, Nərmin Kamal, Günel Mövlud, Sahilə İbrahimova gedib kitablarını satıblar.

Yaxşı ediblər, bu çox yaxşı haldır. Məni ağrıdan odur ki, ora gedənlər onun dost-tanışıdır, ətraflarıdır.

Niyə kənardan insanlar gəlib almırlar. Niyə rusdillilər gəlib kitablar alırlar, Murakamini alırlar, Koelyonu alırlar, digər müəllifləri alırlar, amma bizim yazıçılar isə tanıdıqları adamlardan xahiş edirlər ki, gəlin mənim kitabımı alın, bu gün mənim aksiyamdır.

Bu gün 21-ci əsrdə Azərbaycan insanının oxu səviyyəsi 20-ci əsrin əvvəllərindəki cahillik səviyyəsinə düşüb.

O dövrdə sovet yazıçıları vardı ki, bu vəziyyətdən çıxara bildilər və hətta 600-700 səhifəlik romanlarını ədəbiyyat olmasa belə oxuda bildilər cəmiyyətə, insanlarda oxu vərdişi anlayışı deyə bir şey yarandı.

Bu gün Azərbaycanda onu yaratmaq lazımdır.

Onu yaratmaq da yazıçıların boynuna düşür. Niyə bu gün Azərbaycanda dini ədəbiyyat oxunur, niyə qoroskopa aid kitablar oxunur amma ədəbiyyat oxunmur.

Bu gün Azərbaycanda Şahbaz bəyin çap etdiyi seriya - insanların sıx-sıx istifadə etdiyi metroda satılmır. Şahbaz bəyin əlində bu imkan var, başa düşə bilmirəm niyə yoxdur bu.

Metroda da insanlar çox kitab alırlar. İkinci məsələ, yazıçılar nə yazmalıdırlar.

İnsanlar artıq fəlsəfi, mətnaltı mənalarla yüklənmiş əsərləri həzm edə bilmirlər.

İlk öncə yazıçının borcu odur ki, hər hansı bir hadisəni uydurub ədəbiyyat olmasa belə bunun vasitəsilə oxucunu cəlb etsin.

Azərbaycanda əgər yazıçı 500 manat pul tapıb kitab çap edə bilmirsə, televiziya reklamından söz gedə bilməz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG