Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:01

Prezident iqamətgahının yaratdığı yeni problemlər


«Molla Cümə» qəsəbəsi
İCTİMAİ NƏQLİYYAT İŞLƏMİR, TAKSI HƏR SAAT TAPILMIR

15-20 dəqiqə piyada getdikdən sonra deyilən ünvana çatdıq. Bakıda, Nərimanov rayonu ərazisində köhnə «erməni qəbiristanlığı» kimi tanınan ərazidə salınan yeni «Molla Cümə» qəsəbəsinə. Bu yerlərə ictimai nəqliyyat işləmir, taksi də bu aralarda hər saat tapılmır. Adamın gözü qəsəbəni uzaqdan alır, elə bizə də belə nişan vermişdilər: üçmərtəbəli, ağ rəngli binalar...

Qəsəbəyə girib zibil poliqonunun yanından ötürük. Hər iki tərəfdə sıralanan binalardan bir neçəsinin qarşısında gül-çiçək, yenicə əkilmiş şam ağacları var. Uşaqlar payız günəşinin altında asfalt yola səpələniblər. Oynamağa xüsusi bir yerləri yoxdur. Heç oturmağa skamya da gözə dəymir. Daha doğrusu, bir yerdə köhnə bir skamya gördük, bəzi həyətlərdə isə kötüklər sıralanmışdı. Bələdçimiz Aysel deyir ki, kötükləri özləri tapıb gətiriblər ki, sərin havada çöldə oturmağa bir yerləri olsun.

BİZİ BURA NİYƏ KÖÇÜRÜRDÜLƏR?

Qəsəbə sakinlərini ötən il Bakının Xutor deyilən ərazisində yeni prezident iqamətgahı tikiləndə yarızor, yarıxoş bura köçürüblər. 500-dən çox mənzilin 350-yə yaxınında 2 minə yaxın adam məskunlaşıb. Təqaüdçü Xətayə Həmzəyeva deyir ki, köhnə məhəllədə qaz-işıq problemləri olmayıb, indi paytaxtın mərkəzində qazsız qalıblar:

- İndi «otopleniya» verilməlidir, verilmir. Qaz xətləri çəkilib, sayğac da qoyulub, amma qazı vermirlər. Deyirlər ki, bina təhvil alınmayıb. Bina təhvil alınmayıbsa, bizi bura niyə köçürürdülər?

«KANALİZASİYA AŞDI TÖKÜLDÜ MƏTBƏXƏ»

Bu yaxınlarda qonşulardan birinin evində tavanın bir hissəsi uçulub töküldüyündən sakinlərdə evlərin keyfiyyətinə şübhələr yaranıb.
Aysel deyir ki, kötükləri özləri tapıb gətiriblər ki, sərin havada çöldə oturmağa bir yerləri olsun
Deyirlər ki, əksər sakinlər binaya köçəndə su-kanalizasiya sisteminin bərbad olduğunu görüb onu yenidən dəyişməyə məcbur olublar:

- Köçəndən sonra 10 aya qədər kanalizasiya aşdı töküldü mətbəxə. Məcbur oldum dəyişdim.

- Biz bura gələndə qonşular məcbur oldu santexnikanı dəyişməli oldu. Yoxsa, bu qonşu gedirdi o birisinin üstünə ki, suyu üstümə axır.

ÇAT VERMİŞ DİVARLAR

Bizi mənzillərə dəvət edib nəmişlikdən çat vermiş divarları göstərdilər:

- Bax, bu evin hamamı bu divara baxır. Görürsüzmu, necə çat verib? Əgər divar belədisə, deməli, aşağı mərtəbəyə də su axır.

KOMENDANT: SAKİNLƏR HAQLI DEYİLLƏR

Otaqların sayından asılı olaraq, hər mənzil hər ay bəzi kommunal xidmətlər üçün 5-6 manat ödəyir. Qəsəbənin komendantı Hüseyn Qürbətov deyir ki, sakinlər şikayətlərində haqlı deyillər, istilik sistemi bugünlərdə işə düşəcək, su daimidir, binaların keyfiyyətinə isə söz ola bilməz.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tikintiyə müsbət rəy verib. Elə komendantın yanında olan bəzi sakinlər də Hüseyn Qurbətovun dediklərini təsdiqlədilər. Mənzildə tavanın uçmasını isə komendant su şlanqının deşilməsi ilə izah etdi:

SU ŞLANQI DEŞİLMİŞDİ


Hüseyn Qurbətov
- Mənzillərin tavanı alçipandır, yuxarı qonşuda su şlanqı deşilib, ondan da tavan nəm olmuşdu, bir hissə qopub tikmişdi. Şlanqı dəyişdik, problemi həll elədik.

Amma Hüseyn Qürbətov qaz və nəqliyyatla bağlı şikayətləri haqlı sayır, deyir ki, bir marşrutla danışmışdılar, amma sonradan bu, avtobus yiyəsinə xeyir eləmədiyindən marşrutu ləğv edib.

Komendantın sözlərinə görə, prezident iqamətgahı tikilən ərazidə evləri sökülən sakinlərin heç də hamısı köçürülmədiyindən hələlik qəsəbədəki işlər də başa çatdırılmayıb. Yoxsa, yaşıllıq da, karusel də nəzərdə tutulub.

«AZƏRİQAZ» VƏ DİGƏR RƏSMİ QURUMLAR SUSUR

«Azəriqaz» Səhmdar Cəmiyyətindən isə deyirlər ki, bayram günü olduğundan qəsəbəyə niyə qaz verilməməsinə aydınlıq gətirə bilməyəcəklər. Elə rəsmi iş günü olmadığından digər aidiyyəti qurumlarla da danışa bilmədik. Sakinlər də ümid edirlər ki, qış qapını kəsdirməmiş onların heç olmazsa, qaz-istilik problemi öz həllini tapacaq.

SAKİNLƏRİN KÖÇÜRÜLMƏSİ QANUNSUZ İDİ

Hüquqşünas Fuad Ağayev isə bildirir ki, prezident iqamətgahının tikintisi qanunvericilikdə dövlət ehtiyacı sayılmır və sakinlərin də məcburi köçürülməsi qanunsuz idi. Onun sözlərinə görə, əgər sakinlərin mənzilin keyfiyyəti ilə bağlı problemləri varsa, öz mülkiyyət məsələlərini hüquqi mustəviyə qaldıra bilərlər.
XS
SM
MD
LG