Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 02:36

«Səs verdiyim prezident, bu gün məni qane etmir»


«Durduğumuz yerdə evimizdən çıxardırlar»
«Durduğumuz yerdə evimizdən çıxardırlar»
- Bizim evlərimiz əllərimizdən alınır. Bizi erməni qəbiristanlığında xırda-xırda tikilmiş, şəraitsiz evlərə köçürürlər. Özləri üçünsə villa yaradırlar yerində.

- Cəsimizə səs verən yoxdur. Bizi istəmirlər qoy göndərsinlər geri, qayıdaq Ermənistana.

Bu sözləri hazırda prezident iqamətgahı tikilən «Xutor» qəsəbəsinin sakinləri deyir. Evlərinin sökülməsinə etiraz edən sakinlər onların səslərinin eşidilmədiyindən gileylənirlər:

«DURDUĞUMUZ YERDƏ EVİMİZDƏN ÇIXARDIRLAR»

- Durduğumuz yerdə evimizdən çıxardırlar. Nədən ötrü aparıb məni qəbiristanlığa - ölülərin içinə tullayır? Ermənistandan gəldik burda yaşamağa, burda da haqqımızı tələb edə bilmirik. Bir adamı salıblar qabağa deyir ki, hamınızı qıracam, İlham Əliyev bizə belə əmr verib. Deyib qorxudun hamısını çıxardın.

- Gərək adamı eşitsinlər, camaatın əli yuxarılara çatmır. Aşağıdakılar da adamı eşitmir.

Bütün sənədlərinin qaydasında olduğunu vurğulayan sakinlər haqlarını tələb edə bilmədiklərini deyirlər:

- Qorxudurlar. Deyirlər oğlun var, yoldaşın var. Nəyə görə, bizi qorxudurlar, bizə hədə gəlirlər?

- Prezidentə aid sahədir. Burada qonaqlar üçün şərait yaradırlar, öz millətimizi də çıxılmaz vəziyyətə salırlar. Buna görə də mən səs verdiyim prezident, bu gün məni qane etmir.

«VƏTƏNDAŞIN ONA TƏKLİF OLUNAN YERLƏ RAZILAŞMAMAQ HAQQI VAR»

Hüquqşünas İntiqam Əliyev deyir ki, Azərbaycan qanunvericiliyinə əsasən vətəndaşların evləri yalnız dövlət ehtiyacları üçün sökülə bilər. Amma o xatırladır ki, vətəndaşın hüquq və azadlıqlarını pozmamaq şərti ilə:

- Bu situasiyada vətəndaşın ona təklif olunan yerlə razılaşmamaq haqqı var. Əgər təklif olunan yerin normal şəraiti yoxdursa, onun yaşaması üçün münasib yer deyilsə, sosial mühit onu qane etmirsə, vətəndaşın onunla razılaşmamaq və normal şərait yaratmaq üçün yetərincə kompensasiya tələb etmək haqqı var.

«NƏİNKİ BAKI ŞƏHƏRİNDƏ, BÖLGƏLƏRDƏ DƏ PREZİDENT İQAMƏTGAHLARININ TİKİLMƏSİ VACİBDİR»


İqtisadçıların məsələyə münasibəti isə fərqlidir. Ölkənin indiki durumunda prezident iqamətgahının sayının həddən çox olduğunu düşünənlər də var,
bunu təbii sayanlar da. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov Azərbaycanın nüfuzuna, iqtisadi inkişafına uyğun prezident iqamətgahlarının tikilməsini zəruri hesab edir:

- Nəinki Bakı şəhərində, bölgələrdə də prezident iqamətgahlarının tikilməsi vacibdir. Bunu ancaq və ancaq alqışlamaq lazımdır.

Millət vəkili deyir ki, Azərbaycan tarazlı inkişaf edir. Buna görə də prezident iqamətgahlarının tikintisinə qısqanclıqla yanaşmaq düzgün deyil:

- Milli Məclisin bu qədər korpusuna ehtiyac var idimi? Hər hansı nazirliyin baş ofisinin olmağı, hökumət evinin belə dəbdəbəli təmir olunmağı vacib idimi? Yoxsa hər hansı xəstəxananın tikilməsi və ya əhalinin sosial təbəqəsinin inkişafı vacibdir? Belə yanaşma artıq düzgün deyil. Bu, keçmişdə qalmış məsələlər olmalıdır.

İqtisadçı Zöhrab İsmayıl isə məsələyə daha çox ölkənin nüfuzu baxımından deyil, sosial-vəziyyət və vəsaitlərin səmərəli xərclənməsinin zəruriliyi prizmasından yanaşır:

«BU NƏ BOYDA ÖLKƏDİR Kİ…»

- İnkişaf etmiş ölkələr xərclərinin qənaəti haqda fikirləşdiyi halda görün biz nə işlə məşğuluq. Yeni iqamətgahlar, inzibati binalar tikirik. Bu bir neçə ilə çox böyük vəsaitlər – 100 milyonlar, 300 milyonlar ayrılır. Bunun nə vaxt sonu olacaq. Bu nə boyda ölkədir ki, inzibati binalarının tikintisi bitmək bilmir.

Xutor massivində sentyabr ayından başlanan söküntü işləri mərhələli həyata keçirilir. İlk mərhələdə evləri sökülən sakinlərin bəzilərinə kompensasiya ödənilmişdi. Bəziləri isə zorla başqa əraziyə köçürülmüşdü. Hüquq müdafiəçisi Arzu Abdullayeva o vaxt bu sakinlərə məhkəməyə müraciət etmələri üçün pulsuz hüquqi yardım göstərməyi təklif etmişdi. Lakin vətəndaşlar məhkəməyə müraciət etməkdən imtina etmişdilər. Görünür, bu dəfə də vətəndaşların pozulan haqlarını məhkəmə qaydasında müdafiə etmək niyyətləri yoxdur. Ərazinin aid olduğu Nərimanov rayon İcra Hakimiyyətinin rəsmiləri isə məsələyə münasibət bildirməkdən imtina edirlər.
XS
SM
MD
LG