Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:28

10 ilə 160 milyard qazanc


Dünyanın 28 ölkəsinin birləşdiyi hökumətlərəarası qurum olan Beynəlxalq Enerji Agentliyi “Dünyanın Enerji Mənzərəsi” adlı yeni illik hesabatını yayıb.

Noyabrın 10-da Londonda təqdim edilən hesabatda dünyanın enerji bazarında vəziyyətin təhlili ilə yanaşı bu sahədə 2035-ci ilə qədər mümkün tendensiyalar haqqında proqnozlar verilir.

4 İLƏ NEFT İSTEHSALI ÖZ ZİRVƏSİNƏ ÇATACAQ

Sənədin Xəzər regionu ölkələrindən bəhs edən bölməsində qeyd edilir ki, Azərbaycanda neft hasilatı qarşıdakı bir neçə ildə gündə 1.3 milyon barrelə çatacaq. 2014-cü ildə hasilat özünün ən yüksək həddinə - günə 1.3 milyon barrelə çatacaq. Bundan sonra 2020-ci ilə qədər hasilat enməyə başlayacaq. 2035-ci ildə isə Azərbaycanın hasilatı ən aşağı səviyyəyə - günə 0.9 milyon neft ekvivalentinə enəcək.

Sənədə görə Azərbaycan 2020-ci ildən sonra Qazaxıstandan Avropaya neft nəqlində əsas tranzit ölkəyə çevriləcək.

AZƏRBAYCANDA ÇOXDAN TÜKƏNMƏLİ YATAQLAR DA NEFT VERİR

Azərbaycan Neft Araşdırmaları İnstitutunun rəhbəri İlham Şaban da Azərbaycanın hələ qarşıdakı onillər ərzində neft ölkəsi olaraq qalacağını düşünür. O bildirir ki, hətta, ehtiyatının tükəndiyi gözlənən yataqlar da hazırda neft vermədə davam edir:

“1949-cu ildə istismara verilən Neft Daşları yatağının ehtiyatları hesablamalara görə 1997-ci ildə tükənməli idi. Amma bu yataq hələ də ilə bir milyon ton neft verir. Və indi verilən proqnoza görə Neft Daşları hələ 2028-ci ilə qədər də neft verməkdə davam edəcək.”

İlham Şaban
İlham Şaban da qeyd edir ki, Azərbaycanda da 2014-cü ildə neft hasilatının ən yüksək səviyyəyə çatacağı barədə rəsmi məlumatlar var. Amma bu hasilatın gündə 1.3 milyon barrel yox, daha az olacağı deyilir.

İlham Şaban bildirir ki, 2020-ci ilə qədər Azərbaycanın təkcə neftdən qazancı azı 160 milyard dollar ola bilər:

“ Azərbaycan hələ bundan sonra neftindən azı 160 milyard dollar pul qazanacaq”.

NEFTDƏN BAŞQA HƏLƏ QAZ VAR

Azərbaycan neftdən başqa, son illər həm də bir qaz hasilatçısı olan ölkəyə çevrilir. Hazırda Azərbaycan az qala bütün qonşularına qaz satır.

Beynəlxalq Enerji Agentliyinin hesabatında Xəzər regionu ölkələrində qaz hasilatının da artacağı bildirilir. Sənədə görə əsasən Türkmənistan, Azərbaycan və Qazaxıstanın hesabına 2035-ci ildə Xəzərdən qaz hasilatı 310 milyard kub metrə çatacaq.

Xəzər qazının əsas alıcısı Rusiya olsa da Avropa və Çin istiqamətlərinə satış da artacaq. Xüsusilə Azərbaycandan Türkiyə vasitəsilə cənub dəhlizi vasitəsilə Avropaya qaz nəqli həyata keçiriləcək.

Xəzər regionun özünün də enerji tələbatı 2035-ci ildə indikindən 50 faiz daha çox olacaq.

Xüsusilə Qazaxıstanın və Türkmənistanın qəfil inkişafı enerjiyə tələbatı artıracaq. Amma enerjiyə tələbata görə Azərbaycanın göstəriciləri onlardan çox geridə qalacaq. Agentlik Azərbaycanın enerjidən effektiv istifadə baxımından Xəzər qonşularından irəlidə
olacağını gözləyir.

ENERJI DÜNYASINDA QEYRİ-MÜƏYYƏNLİK?

Agentliyin Baş direktoru Nabuo Tanaka Londonda hesabatın təqdimat mərasimində deyib ki, ümumilikdə enerji dünyası görünməmiş qeyri-müəyyənlik içindədir. Onun fikrincə, iqtisadiyyatın böhrandan qurtarması enerji sahəsinin də qarşıdakı illərdə necə bir dövrə qədəm qoyduğunu aydınlaşdıracaq.

Onun sözlərinə görə Agentlik 2008-2035-ci illər arasında enerjiyə tələbatın 35 faiz artacağını gözləyir. Çin ABŞ-ı keçərək dünyanın ən çox enerji tələb edən birinci ölkəsi olacaq. Ona görə də Pekinin enerji və ətraf mühitin qorunması sahəsində siyasəti qlobal əhəmiyyət daşıyacaq.
ABŞ isə enerji tələbatında dünyanın ikinci ölkəsi olacaq.

Beynəlxalq Enerji Agentliyi hesab edir ki, 2035-ci ilə qədər neft yenə də istifadə olunan ən əsas enerji növü kimi qalacaq. Onun ardınca da kömür gələcək.
Qaz istehlakı da sürətlə artacaq. Onun istifadə miqyası artıq kömürə yaxınlaşır. Dünyanın enerji tələbatının ödənməsində qarşıdakı iyirmi beş ildə təbii qazın rolu yüksələcək. Qaza tələbat hər il 1.4 faiz artaraq 2035-ci ildə indikindən 44 faiz daha çox olacaq.

Nüvə enerjisinin payı 2035-ci ildə indiki 6 faizdən 8 faizə çıxacaq. Bərpa oluna bilən enerji növlərindən istifadə 7 faizdən 14 faizə qalxacaq.
Tələbatın artmasına görə neftin qiyməti də artacaq. Agentliyin proqnozuna görə neftin bir barreli 2035-ci ildə 113 dollar olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG