Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

Niyə məhz müxalif qəzetlər?


Məzahir Pənahov
Məzahir Pənahov
“Azadlıq” və “Yeni Müsavat” qəzetləri cəzalandırıla bilərlər, heç biri partiya orqanı olmadıqları halda “AXCP-Müsavat” seçki blokunun deputatlığa namizədlərinin təbliği ilə məşğul olduqlarına görə.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov belə deyib. O, hər iki qəzeti Seçki Məcəlləsini pozaraq birtərəfli təbliğat aparmaqda ittiham edib. Komissiya sədri qurumun Mətbuat Qrupuna tapşırıq verib ki, bu qəzetlərlə bağlı araşdırma aparıb zəruri addımlar atsın.

Seçki Məcəlləsinə görə, hər bir müstəqil kütləvi informasiya vasitəsinin ödənişli əsaslarla seçkiqabağı təşviqat aparmaq hüququ var. Bu zaman kampaniyaya qoşulmaq üçün MSK-da qeydiyyatdan keçmək və bütün namizədlərə eyni şərtlər irəli sürmək, bərabər yanaşmaq mütləqdir.

“HEÇ BİR ÖHDƏLİYİMİZ YOXDUR”


Ödənişli təşviqata qoşulan “Yeni Müsavat” qəzeti MSK-nın iradları ilə bağlı mövqe bildirməkdən imtina etdi.

“Azadlıq” qəzeti isə ödənişli təşviqata qoşulmayan KİV-lər sırasındadır. Qəzetin redaktoru Sücəddin Şərifov deyir ki, heç bir namizədlə müqavilə bağlamayıblar və heç bir qurum qarşısında da öhdəlikləri yoxdur:

- Biz ölkəboyu seçkini işıqlandırırıq, qəzetdə “AXCP-Müsavat” blokunun namizədlərinin görüşü üstünlük təşkil edirsə, bunun da səbəbi var. Biz hesab edirik ki, oxucu kontingentimizin onlarla maraqlanan çevrəsi daha böyükdür. Balansı onda irad tuta bilərdilər ki, biz MSK-ya təşviqat işində müraciət edib qeydiyyatdan keçmiş olardıq. Biz ümumiyyətlə bu məsələdə maddiyyatdan uzağıq. MSK bizə deyə bilməz ki, filan mitinqdən yazı yazmayın.

“QANUN QARŞISINDA HAMI BƏRABƏRDİR”

Hafiz Həsənov
Seçki eksperti, hüquqşünas Hafiz Həsənov isə hesab edir ki, MSK öz iradında qismən haqlıdır, təşviqat zamanı müstəqil KİV bərabərlik prinsipinə əməl etməlidir. Amma:

- Nəyə görə yalnız iki qəzetin adını çəkir? Bundan başqa, kifayət qədər elektron və çap KİV-ləri var ki, eyni qaydada fəaliyyət göstərir və onlara heç bir xəbərdarlıq olunmur. Burda bərabərlik prinsipi, yanaşma pozulur. Hamı qanun qarşısında bərabərdirsə, hamıya eyni cür yanaşılmalıdır.

Hüquqşünas onu da deyir ki, Seçki Məcəlləsində nəzərdə tutulan şərtlər birmənalı olaraq ödənişli əsaslarla təbliğat aparan KİV-lərə aiddir. MSK hansısa mətbuat orqanını ittiham etməzdən əvvəl onun təşviqatı ödənişli aparıb-aparmamasını aydınlaşdırmalı idi. Hələ iş bununla da bitmir. Hətta ödənişli təşviqata qoşulan KİV-lərə də müraciətlər yalnız bir siyasi mövqedən çıxış edən namizədlər tərəfindən olunursa, həmin KİV bərabərlik naminə heç də digər siyasi mövqedən olanlara özü müraciət etməməlidir ki, gəlin sizi də təbliğ edim. Yəni, MSK əvvəlcə onu da araşdırmalı idi ki, adını çəkdiyi qəzetlərə digər siyasi partiyadan olan namizədlər təbliğat üçün müraciət edib rədd cavabı alıblarmı, ya yox.

İTTİHAM EDƏN ÖZÜ İTTİHAM OLUNA BİLƏR

Bəs MSK “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini qanun pozuntusunda ittiham edərkən bu məsələləri araşdırıbmı? Bu suala komissiyadan gün ərzində cavab almaq cəhdlərimiz baş tutmadı.
Azər Sarıyev
Qurumun mətbuat katibi Azər Sarıyev bütün günü telefon zənglərimizə, mesajlarımıza, elektron məktublarımıza cavab vermədi.

Hüquqşünas Hafiz Həsənov isə deyir ki, MSK-nın məsələni araşdırmadan mövqe bildirməsi, siyasi mülahizələrlə, bərabərlik prinsipinin pozulması ittihamı ilə çıxış etməsi özü də hüquqa ziddir və ittiham olunan tərəf buna görə qurumu məhkəməyə verə bilər.

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov isə deyir ki, hələ ki MSK-nın iradı ilə bağlı rəsmi müraciət almayıblar və əgər belə müraciət redaksiyaya daxil olarsa, onlar da öz arqumentlərini ortaya qoyacaqlar.

Ötən həftəsonu ATƏT-in Müşahidə Missiyası parlament seçkiləri öncəsi yaydığı ikinci aralıq hesabatında bildirmişdi ki, yerli televiziyalar bərabərlik prinsipini pozurlar, daha çox YAP-ın namizədlərini göstərir, onların rəqiblərinə isə çox az yer ayrılırlar.
XS
SM
MD
LG