Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 07:05

«Kiçik məmurları tutmaqla korrupsiyanı yenmək olmaz»


Rəna Səfərəliyeva
«Azərbaycanda əhali arasında korrupsiya faktlarına müqavimət səviyyəsi çox yüksək olmasa da, son zamanlar irəliləyiş var. Dövlət qurumlarında şikayətlərin qəbulu mexanizmi hazırlanıb. Məsələn, Təhsil Nazirliyi fəal şəkildə «Qaynar xətt»inə daxil olan şikayətlərlə işləyir».

«Transparency Azerbaijan» təşkilatının rəhbəri Rəna Səfərəliyeva «Qafqaz Qovşağı» verilişində belə deyib. O, son 5 ildə təşkilatın korrupsiya qurbanları və şahidlərinə hüquqi yardım göstərildiyini də bildirib:

«Bu müddətdə çox böyük sayda – 26500 adamı qəbul edib, hüquqi yardım göstərmişik».

«Transparency International» təşkilatı 2010-cu ilin Korrupsiyanı Qavrama İndeksini açıqlayıb. Azərbaycan 178 ölkə arasında 134, Ermənistan 123, Gürcüstan 68-ci yeri tutub.

R. Səfərəliyevanın fikrincə, Azərbaycanda iki ildir kiçik irəliləyiş əldə olunub, radikal dəyişiklik müşahidə olunmayıb.

«Transparency International-Armenia» təşkilatının icraçı direktoru Varujan Oktanyan isə düşünür ki, kiçik məmurları tutmaq, anti-korrupsiya strategiyaları qəbul etmək səthi yanaşmadır və bunu böyük uğur adlandırmaq olmaz.

Onun fikrincə, qanunlar, strategiyalar hesabına irəliləyiş əldə etməyin zamanı keçib.

Ermənistanda Korrupsiyanı Qavrama İndeksinə toxunan ekspert bu sahədə vəziyyətin pisləşdiyini deyib:

Varujan Oktanyan
«Ötən ilin dekabrında Anti-korrupsiya strategiyası qəbul edilib. Məqsəd 2012-ci ilə qədər korrupsiya indeksini 5-ə çatdırmaqdır. (Korrupsiyanı Qavrama İndeksi hesablanarkən xallar 10 bal (çox yaxşı), 0 bal (çox pis) nisbətində müəyyən edilir). Yəni arzu var. Ancaq bunu etməyə siyasi iradə də varmı?».

«Transparency International-Georgia» təşkilatının əməkdaşı Erekle Uruşadze isə deyib ki, 2009-cu illə müqayisədə bu il Gürcüstan Korrupsiyanı Qavrama İndeksində geriləyib. Ötən il bu göstərici 4.1 idisə, bu il 3.8 olub. Bununla belə? ekspert Gürcüstanda korrupsiyanın səviyyəsinə birmənalı yanaşmır:

«Hakimiyyətin aşağı təbəqələrində, vətəndaşların gündəlik həyatlarında üzləşdiyi korrupsiya əhəmiyyətli dərəcədə azalıb. Demək olar ki, bu cür korrupsiyanın kökü kəsilib. Ancaq problemli məsələlər qalır. Hakimiyyətin yuxarı eşelonlarında korrupsiya qalır, məhkəmələr müstəqil deyil. Həmçinin, hökumət xərclərinin şəffaflığı da narahatlıq doğurur... Gürcüstanın korrupsiya ilə mübarizədə növbəti irəliləyişi bax, bu məsələlərin həllindən asılıdır»...

XS
SM
MD
LG