Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:21

Aydın Xan: "Cəmiyyət özü intelektuallara yalvarmalıdır ki, gəlin əyləşin parlamentdə"


Aydın Xan və Elxan Zal Qaraxanoğlu
Aydın Xan və Elxan Zal Qaraxanoğlu
Yazar deputatlar axır 20 ildə ədəbiyyat üçün nə ediblər və bu dəfəki parlament seçkilərinə qatılmış şair, yazıçıların ədəbiyyata xidmət üçün hansısa planları varmı?

Müzakirəyə deputatlığa namizədliklərini irəli sürmüş yazarlar Taleh Şahsuvarlı, Aydın Xan, MM-in Mədəniyyət Komitəsinin üzvü Aynur Camalqızı və yazar Elxan Zal Qaraxanlı qatılıb


Aynur Camalqızı:

- İndiyədək parlament mədəniyyətlə, ədəbiyyatla bağlı beynəlxalq konvensiyalara qoşulub, bir sıra qanunlar qəbul edilib.

Amma parlamentdə ədəbiyyatla bağlı qəbul edilmiş və ediləcək qanunlar məsələnin texniki tərəfidir.

Bütövlükdə Azərbaycanda ədəbiyyatın vəziyyəti təbii ki, ürəkaçan deyil, acınacaqlıdır. Kitab oxuyanlar həddən artıq azdır.

Və düşünmürəm ki, biz bunları qanun qəbul etməklə yoluna qoya bilərik.

Kitab oxuyanların sayının az olması bir qədər də təhsilin vəziyyəti ilə bağlıdır. Hazırda ədəbiyyat, kitab, oxucu sahəsindəki problemlər məhz təhsildəki acınacaqlı vəziyyətdən qaynaqlanır.

Digər problem isə KİV-in başının şou-biznesin ucuz nümayəndələrinin reklamına qarışması, bu sahədə maarifləndirmə işi aparmamasıdır.

Məncə media diqqətini bu sahəyə yönəltməlidir ki, kitab Azərbaycanda populyarlaşsın.

Xatırladım ki, 3-ğü çağırış Milli Məclis dövründə “Yaradıcı şəxslər və yaradıcı birliklər haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılanda mən onun qəbul olunmasının əleyhdarlarından biri idim.

Çünki hesab edirəm ki, ictimai birliklərə fərqli münasibət olmamalıdır. Fərqi yoxdur bu, tutaq ki. Insan hüquqları, ya ədəbiyyat sahəsində fəaliyyət göstərən QHT-dir. QHT-lərin fəaliyyətini tənzimləyən qanun var.

Deyək ki, AYB –nin dövlətdən malıyyələşdiyi halda həm də QHT kimi müsabiqələrdə iştirak edib qrant alması hansı məntiqə uyğun olar.

Bəlkə də elə bu cür absurdluqlarına görədir ki, o qanun hələ də qəbul edilməyib.

Məncə yaradıcı birliklərin (Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı və s.) QHT yaxud büdcədən maliyyələşən dövlət qurumlarından biri olduğunu müəyyənləşdirmədən bu qanunu qəbul etmək olmaz.

Taleh Şahsuvarlı:

- Hər şeyi bazar iqtisadiyyatı özü tənzimləməlidir. Xatırlayırıq ki, Fransada və digər Avropa ölkələrində maarıfçiləri mətbəə sənayesinin yaranması meydana çıxartmışdı.

Təsəvvür edin ki, mən bir namızəd olaraq (94 saylı Bərdə Seçki Dairəsi.) Bərdədə gəzdiyim 54 məntəqənin heç birində kitab mağazası, yaxud işləyən kitabxana, kitab oxuyan adam görməmişəm.

Mən deputat seçilsəm, öz ərazimdə kitabxanaların, kitab mağazalarının və kitab oxumaq mədəniyyətinin inkişafı üçün əlimdən gələni edəcəm. Bundan ötrü ortada bir deputat Qənirə Paşayeva örnəyi var.

O, Azərbaycan yazıçıları ilə Tovuz rayonu oxucuları (seçiciləri) arasında bəzən bir körpü rolunu oynayır.

Ancaq məsələnin həlli yalnız bu üsüllardan da keçmir. Əgər biz ölkədə sahibkarlığın inkişafına, azad bazar iqtisadiyyatının qurulmasıına bir millət vəkili olaraq kömək edəcəyiksə, o zaman bir çox hallarda ədəbiyyatla bağlı problemlər də tənzimlənəcək.

Taleh Şahsuvarlı
Aynur xanımın dedikləri ilə əsasən razı olsam da, bir məsələni vurğulamaq istəyirəm.

Biz bu gün əgər liberal dövləti tamamilə qurmamışıqsa, sosial dövlətin bəzi imtiyazlarından imtina etməli deyilik. Bu proses qarşılıqlı aparılmalıdır.

Elxan Zal Qaraxanoğlu.

- Aynur xanım şöz yox ki, köhnə jurnalistdir, həm də millət vəkilidir. Amma onun məsələyə yanaşması mənə qəribə gəldi. Deyək ki, QHT Şurasının qrantı ilə toyda, yasda mağar quran QHT ilə AYB-ni müqaisə etmək məncə düz deyil.

Və o qanunun da qəbul olunmaması yazıçı deputatların parlamentdə necə işləməsinin göstəricisidir.

Məsələn parlamentdə Maqsud İbrahimbəyov, Sabir Rüstəmxanlı kimi imza sahibləri var. Amma onlar bu günə kimi nə yeni nəsil, nə ümumilikdə yazıçılar, nə də bu qanunun qəbul olunması üçün lobbiçilik etməyiblər.

Niyə orada yaradıcı təşkilatlar haqqında qanun qəbul olunmamalıdır. Hesab edirəm ki, digər yaradıcı təşkilatlar da dövlət dəstəyi almalıdır.

Dünyanın hər yerində yaradıcı təşkilatlar ya dövlətin özü, ya da onun dəstəklədiyi fondlar, qurumlar tərəfindən dəstəklənir.

Və yaxud müəyyən qurumlar bu işi tənzimləmək, yaradıcı adamların əməyini stimullaşdırmaq üçün ödüllər yaradılır.

Digər tərəfdən ədəbiyyatı bazar iqtisadiyyatı ilə müqaisə etmək nə dərəcədə düzdür? Bu gün biz Tolstoyu, Dostoyevskini, Folkneri çap edib bazara çıxarsaq detektiv, erotik ədəbiyyatla rəqabətə girə bilməyəcək.

Bu mümkün deyil. Ciddi və populyar ədəbiyyat var və bunlar fərqli şeylərdir.

Ona görə də mən hesab etmirəm ki, yaradıcı təşkilatlara dövlətin dəstəyi olmamalıdır. Amma, bəli, AYB-də islahatlar getməlidir. Sovet dövrünün qaydaları ilə bu təşkilat yaşaya bilməz.

Azadlıq Radiosu:

- Əgər məsələn, bu gün Füzuli deputat olsaydı, ona kəsilən 9 axçalıq təqaüdü almaq üçün dava edərdi, yoxsa ədəbiyyatın inkişafı üçün bir qanun qəbul etdirərdi?..

Aydın Xan:

- İlk növbədə onu deyim ki, məncə əgər Füzuli deputat olsaydı, müasir siyasi baxışlara və parlamentin indiki oyunlarına rəğmən mütləq həcvlər yazardı. Ya hansısa oliqarxı, ya məmuru, bir sözlə kimlərisə tərifləyərdi.

Azadlıq Radiosu:

- Sizcə Füzuli deputat olmaq istəyərdi ümumiyyətlə?

Aydın Xan:

- Əslində bunu Füzuli, Aydın Xan yox, cəmiyyət istəməlidir. Cəmiyyət özü intelektuallara yalvarmalıdır ki, gəlin əyləşin parlamentdə və sivil inkişafa təkan verən qanunlar, konsepsiyalar, proqramlar hazırlayın, ideyalar verin.

Azadlıq Radiosu:

- Cəmiyyət sizi tanıyırmı yalvarmaq üçün?

Aydın Xan:

- Kifayət qədər tanıyır. Namizədlik üçün imza toplayanda adamların münasibətindən ğördüm ki, biz nə qədər tənqid etsək, az oxuduğunu (və sair) desək belə, cəmiyyət müəyyən məqamlarda düşüncə adamlarını tanıyır və məhz onlara imza verir.

Azadlıq Radiosu:

- Bəlkə bəzi televiziyaların populyar şou proqramlarına dəvət edildiyiniz, o verilişlərdə iştirak etdiyiniz üçün cəmiyyət sizi tanıyır?

Aydın Xan:

Aydın Xan
- Şözsüz. Bu mənim bir intelektual olaraq, intellektuallığı və kütləviliyi birləşdirən piarediçi işlərimdir.

Burada virtualizm də var. Bilirsiniz ki, mən internetdəki bir çox sosial şəbəkələrdə fəalam.

Televiziyada və mətbuatda da həmçinin. Əslində bu belə də olmalıdır. Bəziləri mənim bir yazıçı olduğum halda mətbəx və sair verilişlərə çıxmağıma gülür.

Amma başa düşmürlər ki, mənim düşüncəmi yazarlar onsuz da bilirlər. Mənə geniş kütləyə - cəmiyyətin bütün təbəqələrinə çıxmaq və fikrimi çatdırmaq lazımdır.

Bu isə həmin verilişlər vasitəsilə mümkündür. Mən həmin verilişlərdə bircə dəfə özümüzün hazırladığımız “kitabxana.net” portalının (artıq 400 min oxucusu var - Aydın Xan) adını çəkməklə həmin gün ora 5 min adamın daxil olmasını təmin etdik. Yəni bu mənada bu potensialdan mütləq istifadə edilməlidir.

Azadlıq Radiosu:

-Nə təklif edərdiniz parlamentə düşsəydiniz?

Aydın Xan:

- Artıq namizəd ola bilmədim, namizədliyim təsdiqlənmədi. Amma əgər cəmiyyət çaşıb məni ora aparsaydı, çox liberal təkliflər irəli sürərdim. Aynur xanımın sözünü qəribçiliyə salmaq lazıım deyil.

Doğrudan da bizdə bir çox sahələrdə olduğu kimi yaradıcı mexanizmlərə və yaradıcı insanlara hələ münasibət dəqiqləşdirilməyib. Niyə əgər AYB dövlət tərəfindən malıyyələşirsə, o dövlət qurumu olmamalıdır.

Bəlkə doğrudan da bunu bir dövlət qurumina çevirək. Yaxud niyə də AYB ilə QHT –lər arasında bir hüquqi tənzimləmə aydın olmamalıdır?

Təkliflərim odur ki, Azərbaycanda kreativ, intellektual və kulturoloji düşüncəni sürətlə inkişaf etdirmək lazımdır.

Mədəniyyət və ədəbiyyatla bağlı dövlətin aydın konsepsiyası olmalıdır. Prezident yanında yalnız yaradıcı və intellektual insanların fəaliyyət göstərəcəyi fond yaradılmalıdır.

Orada məmurlar olmamalıdır. Və bu fond bayaqdan sadalanan problemlərlə bağlı konsepsiyalar, proqramlar hazırlamalı, layihələri maliyyələşdirməli, qrantlar ayıırmalıdır.

Cəmiyyət get-gedə kütlələşir və yazıçılar da kütlənin zövqünə enməyə məcbur olur. Axı niyə biz mətbəxt verilişlərində iştirak etməliyik?

Niyə Azərbaycan televiziyalarında bizim mədəniyyət və ədəbiyyatla bağlı irəli sürdüyümüz layihələr həyata keçirilməməlidir.

Layihələr də vermişik. Cavab odur ki, gedin reklamçı tapın, pulunu versin, buyurun, efir sizindir.

Kitabxanaların bağlanması və digər bu kimi məsələlərə gəlincə, bu normal bir şeydir. Kitablar onsuz da öləcək. Yəni 5 ildən sonra kağızda heç kim heç nə oxumayacaq.

Mən çalışardım ki, Azərbaycanın virtuallaşmasını və intellektuallaşmasını eyni zamanda apara biləcək qanunvericilik bazasını hazırlayaq.

Aynur Camalqızı:

- Nə qədər mükəmməl qanunlar qəbul olunsa da bu, prosesə güclü təkan verəcək amil olmayacaq.

Amma doğrudan da Azərbaycanda kitaba maraq azdır. Çox təəssüf ki, biz kitabı populyar edə bilməmişik.

Azərbaycanda elə bir yazıçı adı çəkmək mümkün deyil ki, o kitab nəşr etdirib və bu böyük rezonansa səbəb olub, üstündə mağazalarda baş yarılıb.

Belə bir şey olmayıb. Amma bu məsələdə dövləti günahlandırmaq da hesab edirəm ki, daha çox bəhanədir.

1500 üzvü olan və dövlətdən malıyyələşən Yazıçılar Birliyində bu günədək elə bir yazıçı, şair yetışməyib ki, “Nobel” mükafatına iddialı bir əsər ortaya qoysun. Yəni dövlətdən maliyyələşmə nəinki dünyaya, heç regiona da səs salan bir əsər ortaya qoymayıb.

Azərbaycanda elə istedadlı gənclər var ki, Yazıçılar Birliyinin üzvü deyillər.

Aymur Camalqızı
Bəs onda nə qədər ədalətlidir ki, AYB-yə ayrılan vəsaitdən bu və digər formada onlara 1 manat da çatmır. Amma bununla belə düşünürəm ki, biz bir çəmiyyət olaraq təhsil, dünyagörüşü sarıdan çox ciddi problemlər yaşayırıq.

İTV -də deputatlığa namizədlərin debatlarında Azərbaycan insanının nə qədər mütaliəsiz, savadsız olduğunun bariz nümunəsini görürük.

Və bu namizədlərin çıxışından çox, bir məzhəkəyə, teatr tamaşasına oxşayır.

Taleh Şahsuvarlı:

- Açığı mənimçün yenidən bir qənaət hasil oldu ki, biz həmişə Azərbaycan yazıçısının, yaradıcı qurumların dövlətlə məsafələrinin müəyyənləşməsindən danışırıq, amma həmin yazıçı və qurumların, dərnəklərin və sairənin bazar iqtisadiyyatı ilə münasibətlərinin tənzimlənməsi barədə düşünmək istəmirik.

Nədənsə Azərbaycan yazıçısı özünü dövlətdən asılı görmək istəyir, ancaq bazardan asılı görmək istəmir.

Satılan, Nobel alan kitabları ortaya çıxardan, tənzimləyən, tənqid edən mexanizmin adı bazardır.

Əgər mən millət vəkili seçilərəmsə, bazarla yazıçının, bazarla AYB-nin, bazarla şirkətlərin münasibətlərini müəyyənləşdirən qanunvericilik təşəbbüsləri ilə çıxış etməyə hazıram.

Bir millət vəkilinin Azərbaycana verəcəyi ən böyük şey onun bazar iqtisadiyyatının formalaşmasında iştirakıdır.

Elxan Zal Qaraxanlı:

- Mən hesab edirəm ki, o infrastruktur, tənzimləmə olmadan, Azərbaycanda indi də kifayət qədər ciddi ədəbiyyat yaranır. Azərbaycanda indi belə bir fikir söylənilir ki, guya ölkədə ədəbiyyat yoxdu. Nobeldən danışılır.

Mən anlamıram - Azərbaycana Nobeli niyə axı məhz yazıçı gətirməlidir. Neft ölkəsidi və iqtisadiyyatının 90 faizi neftdən, qazdan asılıdır, qoy o mükafatı bir neftçı gətirsin.

Görkəmli siyasətçilərimiz, deputatlarımız var, onlar gətirsin. Yəni bu müqaisə düz deyil. 9 milyonluq ölkənin 8 faizi kitab oxuyur, burada yazıçı necə tanına bilər?

Bizim tanınmış yazıçılarımız sovet yazıçılarıdır. Sovet maşını onları işlədirdi və xaricdə tanıdırdı. İndi onrarı yenidən qaytarsaq heç kim tanımayacaq.

Çingiz Aytmatov bu gün Qırğızstanda yenidən doğulub çap olunsa, sadəcə diqqəti cəlb etməyəcək.

Bu, verilişdə səslənən fikirlərdən seçmələrdir. Proqrama tam şəkildə burda qulaq as.

davamı


Verilişin aparıcısı İlqar Rəsul,
Prodüsser Gülər Miryəhya

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG