Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 00:06

Jurnalistlərin səhhətində problem yaranıb



Məhbus həmkarları Eynulla Fətullayevin azadlığa buraxılması tələbi ilə oktyabrın 20-dən aclıq aksiyası keçirən 3 jurnalistdən 2-nin səhhətində problem yaranıb. RATİ-nin məlumatına görə, bu səbəbdən oktyabrın 21-də aksiyanın keçirildiyi Müsavat Partiyasının qərargahına həkim briqadası çağırılıb. Təcili tibbi yardım həkimləri bildiriblər ki, Şahvələd Çobanoğlunun təzyiqi yüksəkdir, Elçin Həsənovun isə təzyiqi çox aşağı düşüb. Təcili tibbi yardım həkimi jurnalistlərə C vitamini və ya qlükoza məhlulu vurmağı təklif edib, lakin jurnalistlər buna razı olmayıblar.

Aclıq edən digər jurnalist Qan Turalının səhhətinin normal olduğu bildirilir.

Məhbus jurnalist Eynulla Fətullayev oktyabrın 19-dan saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir. O, Avropa İnsan Hüquqları Məhkəməsinin aprelin 22-də çıxardığı və oktyabrın 4-də qüvvədə saxladığı qərarın icra olunmasını tələb edir. Məhkəmənin qərarına görə, Eynulla Fətullayev azadlığa buraxılmalı və ona 27 822 avro təzminat ödənməlidir.
XS
SM
MD
LG