Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

«Əqrəb» qayıdıb?


«Heydərizm rejimi adicə bloq saytını belə həzm etmək bacarığında və qabiliyyətində deyil. Hələ-hələ dördcə aylıq açılan bir bloqa qarşı yasaqlama hərəkəti bunların necə hürkdüklərinin bariz nümunəsidir. Artıq müəyyən media orqanlarına, beynəlxalq təşkilatlara yasaqlama ilə əlaqədar müraciətlər ünvanlanıb». Bir neçə gündür girişi bağlandığı iddia edilən Əqrəb sonuncu postunda belə yazıb.

Hərçənd bloqa girmək üçün proxy saytlarından istifadə etmək zərurəti olmadı, bloqa giriş bərpa olunub.

Veboxu isə saytlara girişin məhdudlaşması ilə əlaqədar Azərbaycan İnternet Forumun açıqlamasını yerləşdirib. Bildirilir ki, istənilən halda vətəndaşların informasiya hüququnun əngəllənməsi, normal informasiya mübadiləsinin hüquqi əsaslar olmadan pozulması yolverilməzdir.

Emin kimi yaşamaq

Vəfa Cəfərova həbsdəki bloqqerlər Emin Milli və Adnan Hacızadəni xatırlayaraq yazır ki, onların həbsindən sonra çox şey dəyişib:

«Eminin atası rəhmətə getdi. Eynullanın cibinə nəşə atdırıb onun azadlığa çıxmasını bir neçə il də ertələdilər.Gənclərin həbsindən şou düzəldib hakimiyyətə yaltaqlananlar deputatlığa namizəd oldular. Ətrafında olan gənclər onların həbsindən sonra pərən – pərən oldu, kimisi isə əksinə Emin və Adnanın həbsindən sonra başa düşdü ki, belə olmaz və mübarizəyə qatıldı, Emin və Adnan adları azadlıq uğrunda mübarizənin simvoluna çevrildi.

Divar, onların və bizim aramızdakı divar və uçurum böyüdü. Artıq bu həbs göstərdi ki, bitərəf olmaq olmaz. Susmaq – yalan danışmaq deməkdir. Yalan danışaq isə şərin yanında olmağa bərabərdir. Bu sərhəd şərlə xeyir arasında elə dəqiq çizildi ki, «mənim siyasətlə işim yoxdur» deyənlər tərəf seçməyə məcbur oldu».

***

Turxan həbsdəki bloqqerlərdən Emin Millini onu doğum günündə xatırlayaraq yazır ki, 21-ci əsr olmasına baxmayaraq insanlar siyasi baxış və ideyalarına görə həbs edilir. Bloqçu iddia edir ki, həbsin arxasında dövlət rəsmiləri dayanıb.

«ABŞ prezidenti Barak Obama İlham Əliyevdən bloqqerlərin azad edilməsini istəyib, ancaq hələ də bu yerinə yetirilməyib. Bu göstərir ki, İlham Əliyev hələ də onların həbsdə qalmasını istəyir».

Babayevz də bloqçu Emin Millidən yazıb:

«Bu gün onun adını internetdə axtarış verəndə «Azərbaycanda həbs cəzasına məhkum edilmiş bloqqer», «Alumni Netwerk gənclər şəbəkəsinin rəhbəri», «ANTV, interent-televiziyasının yaradıcısı» kimi bir çox maraqlı faktlarla üzləşirsən».

Futbolçulara ağlasığmaz mükafat

Natiq Cəfərli Azərbaycan yığmasının Türkiyə üzərindəki qələbəsindən sonra olan-bitəndən yazır:

«Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan yığmasının oyunçularının hər birinə, qardaş ölkənin yığması üzərində qazanılan qələbəyə görə 436 min dollar veriləcək. AFFA rəhbərinin kim olduğunu nəzərə alaraq, onun niyə belə əliaçıqlıq eləməsini anlamaq çətin deyil. Türkiyəyə, türklərə qarşı «xüsusi» münasibətə görə, belə addım atılır. Bu qədər böyük paraların oyunçulara verilməsi düzgün deyil, məntiqli deyil, bu oyunçularda motivasiya yaratmaq əvəzinə, əks effekt verəcək. AFFA bu pulları «xüsusi» münasibət bildirmək üçün deyil də, uşaq futboluna yönəltsə, daha məntiqli və lüzumlu olardı».

Berti Foqst niyə gəlib?


Araz Önər də yazır ki, onu maraqlandıran futbol yox, futbola xərclənən pullardır:

«Azərbaycan yığması məni maraqlandırmır. Amma yenə də udduq. Məni maraqlandıran Foqstdu. Neft pullarının neçə faizi bu adama gedir? İstefaya göndərilən təqdirdə 4 milyon manat təzminat alacaq. İllik maaşını dəqiq bilmirəm. Bu kişi bizə futbol öyrətməyə yox büdcəmizin kəsirini artırmağa gəlib».

***

Vəlvələ Gürcüstan vətəndaşlarından Saakaşvilinin islahatlarına münasibəti soruşub və bloqunda görüntülərini yerləşdirib. Qusarçay isə (http://qusarcay.blogda.az/2010/10/14/qusar-otusyu-xokkey-komandasi/) yazır ki, otüstü xokkeyin inkişaf etdiyi rayonlardan biri də Qusar rayonudur və əlavə edir ki, 21 yaşa kimi Gənclərdən ibarət Azərbaycan yığmasının tərkibində 3 nəfər qusarlı da var.

***

Oktyabrın 15-i Bloqların fəaliyyət günü kimi qeyd edilir. Uçan xalçalar və qırıq kəmərlər diyarından yazan bloqçu bildirir ki, hər ilin bu günü bütün dünya bloqqerləri həmin ilin mövzusunu «post» edirlər. Bu ilki mövzu – sudur.

Şəffaf qutunun möcüzəsi

Rüfət Əhməd
bu dəfə də seçkidən yazıb.

«Artıq, 20 günlük seçki təşfiqatı başladı. Rəsmi olaraq. Əslində, çoxdan başlamışdı. Mətbuatda müxtəlif namizədlərin ağ və qara «piyar»ları getdi 2-3 həftə. «Piar»dan başqa əsas məqsəd isə, bəzi dairələrə bəzi mesajlar çatdırmaq idi…

Çox əcaib vətəndaşları var bu dövlətin – indiyədək seçdikləri (və ya elə zənn etdikləri) YAP-çı deputatlardan xeyirdən çox ziyan görsələr belə, hətta, onlara inanmasalar belə, yenə də YAP-çıdan başqasına səs verməyə qorxanlar. «Müxalifət» sözü eşidəndə, dərhal «türmə» sözünü fikirləşənlər!»

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG