Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:43

Zamin Hacı "Anti-şeir"















XATİRƏ


"Qaranlıq" silsiləsindən


...Nəyi istəyirdim, istəyib bildim,
Bəs niyə gözümə göründü axşam?
Günəş qaranlıqda gizlənə bildi,
Hörümçək toruna büründü axşam.

Payız səhərinin sərinliyində
Xəfifcə yellənən yaylıqlar vardı.
Duzlu dənizlərin dərinliyində
Yuxulu, xırdaca balıqlar vardı.

Yağışlar yağardı - çiçək bitirən,
Dəcəllik edərdi sərçə buludlar.
Nə tapan var idi, nə də itirən,
Nə arzular vardı, nə də umudlar.

Mışıl-mışıl yatan düzənliklərin
Yuxusu yamyaşıl otlar olardı.
Ağaclar açardı yarpaq əllərin,
Göylərdə qanadlı atlar olardı.

...Mən də dayanmışdım yol ayrıcında,
Səni gözləyirdim... gəlib çıxmadın.
Acından ölürdüm, sən gətirəsi
Dəni gözləyirdim... gəlib çıxmadın.

Niyə xatırladım, niyə, bilmərəm,
Bunlar nə vaxt olub - deyə bilmərəm.


ELƏ BİLİRSƏN

Elə bilirsən ki, yağışdı yağan
Açmısan ovcunu göyün üzünə.
Elə bilirsən ki, sənsiz darıxan,
Baxmaq istəyən var sənin üzünə.

Elə bilirsən ki, küləkdi əsən,
Ürəyin sinəndə yarpaq kimidi.
Elə bilirsən ki, sənindi ömür -
Düşmən əlindəki torpaq kimidi.

Elə bilirsən ki, gecədi düşən,
Baxıb qaranlığa baş sındırırsan.
Elə bilirsən ki, ölmüsən daha –
Başına qoymağa daş sındırırsan.

Elə bilirsən ki, günəşdi doğan,
Ümid eləyirsən – nəsə olacaq.
Elə bilirsən ki, səni çağıran
Nə vaxtsa Allahın səsi olacaq.

Elə bilirsən ki, yuxu görürsən,
Elə bilirsən ki...
Hardan bilirsən?!


QARA SABAH

Çaylar axıb qurtardılar,
Ulduzlar hələ axır.
Mənim gözlərim kor olsun,
Bəs Allah hara baxır?!

Çırpılıb şamın oduna
Yandı son pərvanə də.
İnildədi sümüklərim
Çürümüş sərdabədə.

Başlandı soyuq küləklər,
Ulduzlar ah çəkdilər.
Mələklər göyün üzünə
Qara sabah çəkdilər.


AND

Şəhərin
gecələr için-için ağladığım
eyvanlarından atıldım -
ürəyim partladı,
yarpaqlı səkilərə çatınca.

Gözlərimi sürtdüm
küləyin qırıb-tökdüyü
pəncərə şüşələrinə.

Gözlərim kəsik-kəsik, doğram-doğram;
Gözlərimin qanına bulaşdı
pişiklərin gecə nəğməsi.

Sizi and verirəm
pişiklərin gecə nəğməsinə!
Səhərlər
süpürməyin səkilərdən yarpaqları -
yarpaqlar zibil deyil.


PAYIZ

Qanadsız quşlar uçur,
Ömrümün səmasında.
Hər gün kimsə yıxılır,
Gözümün qarasından.

Tökülür ağ tavandan
Qara yarpaq kölgəsi.
Boğulur göz yaşında
İlk eşqimin ölkəsi.

Vaxt hörümçək torunda,
Can verdi son saat da.
Ölüb getdi dünənim;
Gəlməyəcək sabah da.

Ürəyim torsuz quyu,
Ümidi tapar kədər.
Havalar da soyuyub,
Gözlərim uçub gedər


MEYVƏ

Hardan biləydim axı, beləymiş axırımız;
Bu payızdan sağ çıxım, bir də çiçək açmaram.
Gəldiniz qan gördünüz, görüb qorxub qaçdınız,
Bağlaram üzünüzə, bir də ürək açmaram.

Yadımdan çıxmayıbdı, ürək qayıqcığazlar
Titrək yarpaqlar kimi, sellərə düşmüşdülər.
Çiçəklər pəncərə tək açılan o baharda
Ağaclar dəli olub, çöllərə düşmüşdülər.

Keçib getmək də bilmir, dəvə donqarlı günlər,
Bu səhralıq dünyadan nə idi umacağım?
Axşamların gözündən düşdüm bir axşam çağı,
Daha nəyimə lazım, bu sarı göz muncuğu?

Sovulub meyvələrim küləklərin əlində,
İçi sovqatla dolu xurcun, heybə gözləmə.
Pəncərə şüşələri göz yaşı gətiribdi -
Bu gecikən payızdan özgə meyvə gözləmə.


QIZDIRMALI ÇİÇƏYİN SAYIQLAMASI

"Qaranlıq" silsiləsindən


Bu ömürdən gecələrdi yadımda qalan,
Ağzımdadı qaranlığın zəhrimar dadı.
Gecələri nahaq yerə yaratdın, Allah,
Ürəyimi boşaltmağa yer tapammadım.

Gözlərimin yaşın içir, çətin kiriyər
Qumluqları suya həsrət kimsəsiz ada.

Qaranlıqda qulaq yumsa it səslərinə
Mələklərin qarğışına gələrmiş adam.

Qaranlığı məlhəm bilib od yarasına
Çəkildilər pərvanələr gözüm nurundan.
Yaman düşdüm, yol gedirdim əl havasına,
Ömrüm boyu qurtarmaram sözün torundan.

Bitdi hər şey, gecdi daha - çox sular axmış,
Ayda çıxmır işığından özümü asım.
Ulduzları göy üzündən qoparacaqmış
Qızdırmalı çiçəklərin sayıqlaması...


BOZ DƏRƏLƏR

Hərdən
böyük magistraldan düşüb
boz dağların arasıyla
sonu bilinməyən torpaq yolla
getmək istəyirəm.
Özü də bilirəm -
məni orda heç kim gözləmir…
Elektrik dirəkləri
adamlardan çox darıxırlar.
Bir gün onların
ürəyi partlayır
tənhalıqdan,
boz dərələrdə;
tozlu torpaq
və yovşan qoxusu içində.
Onları da canavar yeyir
bomboz dərələrdə.
Hərdən elektrik dirəklərini
əvəz eləmək gərəkdi.
Onda anlamaq olar
işıq xətlərini saxlayaraq
qaranlıqda, küləkdə
tənha durmaq nə deməkdi.
Bəlkə bir çoban alaçığı;
bəlkə bir tərəkəmə qızı,
dəvə dərisinin üstündə
sənin oğluna layla deyir,
heç vaxt doğulmayacaq oğluna,
heç vaxt bitməyəcək
torpaq yolun axırında.
(Hərdən çox yaxşıdı
belə şeyləri düşünmək...)
Mən böyük bir adam olsaydım
üzümü dağlara söykəyib
hönkür-hönkür ağlardım.

ANTİ-ŞEİR

Yediyim bütün dönərlərə ithaf edilir

1.

Siqaret söndürməyək armud cecəklərində,
Onların sızıltısı qoymaz yağış dayansın.
Zəfər çələngi hörək əklil çiçəklərindən,
Dirilər də oyansın, ölülər də oyansın.

2.

Bu dünyada ən gəzməli yer
damların qırağıdı,
ən qiymətli kağız
məktəbli uşağın "beş"i yazılmış
dəftər varağıdı,
ən yaşamalı yer
dezodorant balonudu.

Özü də,
bütün günah səndədi,
köpəyin qızı,
sən telefonu söndürməsəydin,
mən şer yazmazdım.

3.

Gəlin şer yazmayaq, anamıza baş çəkək,
Bizə layla desinlər, yuxumuz şirin olsun.
Görək gözəl olmuşuq, yataq, yuxuda görək;
Sonra nə olar-olar, Allah da kərim olsun.

4.

Əslində
mən heç Allaha da inanmıram,
sadəcə,
televizorda bütün kinolar
qurtaranda
saatın, yağışın,
qardaşını aeroporta aparan maşının
səsini dinləmək
adamın ürəyini sıxır.

5.

Sən Allah, yağma, yağış, yenə qrip olacam,
Yenə dəli olacam, yenə qərib olacam.
Çox ümid eləyirəm - səhər açılan kimi
Minəcəm avtobusa, yenə diri olacam...


ABSURD

Doğuldu axmaq bir ulduz altında,
Boya-başa çatdı səfehcəsinə.
Dünya yaşayırdı səs-küy içində -
Qulaq asmadılar onun səsinə.

Doğuldu axmaq bir ulduz altında,
Ancaq çox gec idi bunu biləndə.
Öldü gündüz vaxtı, bilə bilmədi,
Hansı ulduz altda öldü, öləndə.


DAMDA YAŞAYAN KARLSON

Poeziya,
sən damlardan yuxarıdasan,
sən,
bir-birinə dolaşmış
naqillərin, antennaların və bacaların
arasında
sirli bir məxluq kimi yaşayırsan.

Səndən yuxarıda
təyyarələr, quşlar, buludlar uçur.
Səndən aşağıda
pişiklər, adamlar və ev ruhları yaşayır.

Hətta uçmuş, dağıdılmış evlərin də
damlarının yeri görünür havada -
sən saxlayırsan.

Sənsən
damlarda gəzişən -
şəhər və kənd evlərinin,
ucqar meşəbəyi komasının
damında.

Mən səni sevirəm,
Poeziya,
Mənim damda yaşayan Karlsonum.

www.adyazar.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG