Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:47

«İcra aparatına da qulaq asmalıyıq»


Oktyabrın 15-də deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilsə də, əyalət mediasında namizədlər yerli KİV-lərdən əllərini üzməli olacaqlar.

Cənub bölgəsində fəaliyyət göstərən «Cənub Xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov deyir ki, seçki dövründə qəzetin cəmi iki nömrəsi çıxacaq. Səhifələrdə təşviqat və tənqidi materiallar üçün kifayət qədər yer ayrılacaq. Qiymətlər də baha deyil. Namizədlərin qeydiyyatı başa çatmamış sifarişlər var:

«Əyalətdə yeganə müstəqil qəzetik. İşimiz çox olacaq. Qəzet vaxtında çap olunmalı, daha çox yerləri əhatə etməlidir. Məqsədimiz budur».

«BİZ İCRA APARATINA DA QULAQ ASMALIYIQ»


«Lerik» qəzetin redaktoru İdris Şükürlü isə deyir ki, onun rəhbərlik etdiyi qəzet seçki dövründə çap olunur:
Zahir Əmənov


«Qəzetdə DSK-nın məlumatlarını veririk. Lakin namizəd qəzetdə çap olunmaq istəsə, bu, problem olmayacaq. Şübhəsiz ki, bu cür xidmət pullu olmalıdır. İndiyə kimi namizədlərdən heç biri bizə müraciət etməyib. Rayon icra aparatı qəzetimizin həmtəsisçisidir. Biz ona da qulaq asmalıyıq».

«Cənub» regional televiziya şirkətin direktor müavini Azad Həsənov isə seçki kompaniyası ilə bağlı onlara göstəriş verilmədiyini söylədi:

«Bununla bağlı bizə hələ heç bir tapşırıq verilməyib. Nə desələr, onu da icra edəcəyik».

«SAKİNLƏR BU QƏZETLƏRİN VARLIĞINDAN XƏBƏRSİZDİR»


Lənkəranda yerləşən müstəqil «Hüquqi məsləhətlər və vətəndaşlara xidmət mərkəzi»n direktoru Sədrəddin Kazımov da deyir ki, əyalətlərdə təşviqat aparmaq çox çətindir:

«Cənub bölgəsində bir yerli televiziya, bir regional qəzet var. İcra orqanlarına tabe olan qəzetlər, ümumiyyətlə, belə kampaniyalarda iştirak etmir. Yalnız xəbərlərlə kifayətlənirlər. Bu qəzetlər müstəqil deyil, ildə 3-4 dəfə çap olunurlar, tirajları da azdır. Yerli sakinlərin bu qəzetlərin varlığından xəbərləri yoxdur. Belə görünür ki, «Cənub» TV də kampaniyadan kənarda qalacaq. Yerdə nə qaldı? Təkcə «Cənub Xəbərləri» qəzeti bu işlərin öhdəsindən gələ bilməz”.

S. Kazımov belə hesab edir ki, təşviqatın əsas yükü namizədin üstünə düşəcək. Hətta bu da kifayət etməyəcək:

«Lerikdə 100-dən çox kənd var. Kəndlər arasında məsafə 30-35 kilometrə çatır. Namizədə 100 gün lazımdır ki, kəndləri gəzsin və görüşlər keçirsin, bukletlər paylasın. Əgər buna mane olmasalar».
Sədrəddin Kazımov

Onun sözlərinə görə, belə şəraitdə böyük vəsait lazımdır. Vəsaitə malik olmayan namizəd məğlubiyyətə məhkumdur:

«Vəsait olmalıdır ki, KİV-lə bağlı boşluğu doldura biləsən. Cənub bölgəsində 13 seçki dairəsi var. Bu dairələrin yarısı dağlıq ərazilərin payına düşür. Dağlarda elə kəndlər var ki, işıq fasilələrlə verilir, televiziyaya normal baxa bilmirlər, qəzet oraya gedib çıxmır. Bu kəndlərin heç normal yolları yoxdur. İndi də payızdır. Dağ yolu ilə hərəkət etmək çətin olacaq».

«KİV-DƏN İSTİFADƏ ETMƏYƏCƏYƏM»


Belə bir şərait deputatlığa iddialılara seçim imkanı vermir. 77 saylı Astara seçki dairəsindən namizədliyi qeydə alınmış Fayıq Cəfərzadə KİF-dən istifadə etməyəcəyini deyir:

«Təşviqat üçün müddət azdır. İnanmıram ki, hansısa KİV bu qısa müddətdə rayonlarda bir iş görə bilsin. Bizdə informasiya qıtlığı var. Əhali ilə görüşlərə üstünlük verəcəyəm. Əslində rayonda və bölgədə elə KİV yoxdur ki, bu işi görə bilsin. Respublika əhəmiyyətli KİV-lər isə baha iş görürlər. KİV bazarın qiyməti ,bizim üçün ələ çatmazdır».
XS
SM
MD
LG