Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 01:56

MİRAS VƏ ONUN SƏNƏDLƏŞDİRİLMƏSİ HAQQINDA



Sual
:
Kimdən: HUSEYNAGA Şəhər: ASTARA
Kimdən: Bəhrəmov Hüseynağa İ.o Şəhər: Astara rayonu Şahağacı k
Hörmətli vəkil! Mənim həyat yoldaşımın adına 1998-ci ildə 25 ha torpaq sahəsi Dövlət Asudə fondundan fermer təsərrüfatı yaratmaq üçün ayrılmışdır. Müfafiq olaraq Dövlət aktı verilmişdir. Dövlət aktında qeyd edilir ki -Daimi istifadə üçün-
verilir. Mənim həyat yoldaşım rəhmətə gedib, torpağı öz adıma vərəsə kimi sənədləşdirmək istəyirəm. Mənə bildirdilər ki vərəsəliyi təsdiq təsdiq edən məktub notariusdan götürməliyəm. Mən bütün müvafiq sənədləri notariusa təqdim etsəm də , notarius bildirir ki, Dövlət aktında torpaq mülkiyyətə verilməyib , daimi istifadəyə verildiyi üçün vərəsəlik məktubu verə bilməyəcəyəm, ona görə də torpağın istifadəyə görə sənədləşməsini rayon İcra hakimiyətində aparmalisan. Sizdən xahiş edirəm ki notariusun haqli olub-olmamasına hüquqi qiymət verəsiniz. Qabaqcadan sizə öz təşəkkürümü bildirirəm.

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə AR Nazirlər kabinetinin 11 sentyabr 2000-ci il tarixli qərarının 114-cü bəndinə görə, mmlakın tərkibinə yaşayış evi, mənzil, bağ, bağ evi, qaraj, qeyri-yaşayış sahəsi, torpaq sahəsi, digər daşınmaz əmlak, nəqliyyat vasitəsi və digər əmlak daxildirsə, notarius bu əmlakın ər-arvada məxsus olmasını yoxlayır. Bu məqsədlə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı orqanından arayış tələb edir.
Təlimatdan da görünür ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyat orqanında əgər vərəsəlik qaydasında keçən əmlaka dair hüquqlar qeydə alınmayıbsa, notariusun imtinası haqlıdır.

*******************

Sual
:
Kimdən: Emin Şəhər: Baki
29.09.2010 22:42 Torpaq saheleri dövlət ehtiyacları üçün alındıqda torpaq sahibinin vərəsələrinə kompensasiya verilir?

Cavab:
Salam.
Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanuna görə, kompensasiya almaq hüququna malik olan şəxsin ailə üzvləri də kompensasiya almaq hüququna malikdirlər

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas

************************


Sual - Kimdən: Anar Şəhər: Saray

22.02.2010 00:23 1969-cu ildə Saray qəsəbə nümayandələyi tərəfindən atama 0,125 ha ( 12,5 sot) ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə bitişik yola məxsus 0,015 ha (1,5 sot) torpaq sahəsinidə qanunsuz olaraq həmin yerə birləşdirərək 0,14 ha (14 sot) etmişdir.Evimiz qanuni torpaq sahəsində yerləşir lakin zəbt olunmuş 0,015 ha (1,5 sot) torpaq sahəsində sonradan kirayə vermək məqsədilə 2 otaqdan ibarət ev tikmişdir.

Atam 1999-cu ildə rəhmətə getmiş və o vaxt evi ondan anam və mən qəbul etmişik.(ailədə 6 qardaş 1 bacıyıq) Mən həmin evdə dogulmuşam , qeydiyyatdayam və həmin evdə ailəmlə və iki övladımla birlikdə yaşayıram. Məndən başqa qardaşlarıma qəsəbə nümayandəliyi tərəfindən ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Buna baxmayaraq 3 qardaşım və 1 bacım sözügedən evdə qeydiyyatdadırlar. evin sənədləri köhnə formada oldugundan (ev kitabı və texniki pasportadan ibarət) Abşeron rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən qardaşlarımdan fərqli olaraq mənim adıma heç bir yaşayış sahəsi olmadıgı üçün sözügedən torpaq sahəsi 2005-ci ildə mənim adıma keçirilmişdir.

Məndə böyük olan qardaşım atam ölməmişdən bir neçə il əvvəl Rusiya Federasiyasına köçmüş və 2005-ci ildə ailəsi və 5 övladı ilə Azərbaycana qayıtmışdır. Onun 3 övladı Rusiyada dünyaya gəlmişdir. Qayıtdiqdan sonra burada yaşamaq üçün yerləri olmadıgından anamdan atamin qanunsuz tikdiyi evdə müvəqqəti yaşaması üçün xahiş etmiş və anam bunu qəbul etmişdir. O burada məskunlaşdıqdan 1 il sonra 2006-cı ildə sosial Yardım almaq üçün lazım oldugunu bəhanə edərək həyat yoldaşımı aldadıb ev kitabını almış və anamla mənim razılıq icazəm olmadan öz həyat yoldaşını və 5 övladını sözügedən ünvana qeydiyyata saldırmışdır. Onun adına ev tikmək üçün torpaq sahəsi olduguna baxmayaraq mənimlə torpaq iddiasina qalxmışdır. O məhkəmədə mənə verilmiş şəhadatnamənin qeyri qanuni oldugunu iddia edərək ləgv etdirmişdir. Bununlada razılaşmayıb məni yenidən məhkəməyə verib və məndən 0,5 ha (5 sot) torpaq sahəsi və qeyri qanuni tikilmiş olan , hazirda yaşadıgı evi onun adına sənədləşdirməyi tələb edir.

( Xahiş edirəm tam təfərrüatı ilə məni məlumatlandirib başa salasınız)
Bilmək istərdim:

1) Sözügedən qardaşım anamın və mənim razılıgım olmadan ailəsini və 5 övladını sözügedən evə qeydiyyata saldırmagı nə dərəcədə qanunidir?

2) Sözügedən qardaşım qeyri qanuni olan tikilini hansısa bir yolla sənədləşdirə bilərmi?

3) Mən iddia ərizəsi ilə məhləməyə müraciət edərək evimin qarşısında tikilmiş sözügedən qanunsuz evi sökdürə bilərəmmi? (Nəzərinizə çatdırım ki sözügedən qanunsuz tikili evin texniki pasportunda göstərilməyib)

4) Həmin umumi torpaq sahəsində bölgü necə getməlidir və umumiyyətlə burada kimlərin payı var?

Əvvəlcədən Sizə sonsuz minnətdarlıgımı bildirirəm.

Cavab - Kimdən: Şəfa Camalzadə (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
Hörmətli, Anar müəllim, əvvəla, ondan başlayaq ki, əgər sizin atanızdan qalma torpağınızın qanuni sənədləri var idisə, qardaşınız sizə verilmiş şəhadətnaməni hansı əsaslarla ləğv etməsi sualı açıq qalır. Digər tərəfdən də əgər siz həmin məhkəmə qərarından narazı idinizsə, niyə görə apellyasiya şikayəti verməmisiniz?

Verdiyiniz suallara gəldikdə isə, birinci sualınız üzrə, əgər sizin ananız evin mülkiyyətçisidirsə, Azərbaycan Respublikasinin 04 Aprel 1996-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 5-ci maddəsinə əsasən onun notariat qaydasında təsdiq edilmiş razılığı olmadan qardaşınız və ailəsi həmin evə qeydiyyata düşə bilməzlər. Əgər belə bir qeydiyyat aparılıbsa, siz onu məhkəmə qaydasında ləğv etdirə bilərsiniz.

İkinci sualınız üzrə, Azərbaycan Respuiblikasının heç bir qanunvericilik aktında qanunsuz tikilinin hər hansı qaydada sənədləşdirilməsi nəzərdə tutlmayıb. Onun sənədləşdirililməsi üçün gərək əvvəlcə torpağın sənədləri qaydasında olsun (məsələn: yaşayış evi tikilməsi üçün torpağın ayrılmasına dair icra hakimiyyətinin sərəncamı, bələdiyyə ilə alqı-satqı müqaviləsi və sair). Onun üzərində yaşayış evi tikmək üçün rayon icra hakimiyyəti ilə razılaşdırılmış layihə, tikintiyə icazə verilməsi barədə icra hakimiyyətinin qərarı və sair sənədlərin olması zəruridir.

Üçüncü sualına gəldikdə isə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Sonuncu sualınız üzrə isə, onu qeyd etmək olar ki, əgər atanızdan qalma torpaq sahəsi qanuni əsaslarla ona məxsus olubsa, onda ölən şəxsin arvadı və ölladları birinci növbəli vərəsələrdir və onların (övladların) payı bərabərdir. Amma bir məsələni də diqqətinizə çatdırım ki, miras əmlak yalnız o vərəsələr keçir ki, həmin miras əmlak ya vərəsələr tərəfindən faktiki qəbul edilsin, ya da notariusa müraciət etməklə hüquqi qəbul edilsin.


************************************************


Sual - Kimdən: Anar Şəhər: Saray

08.03.2010 03:46 Salam Shefa xanim. Evvela bayraminiz mubarek. Suallarimi cavablandirdiginiz ucun teshekkur edirem. Size yazdiqlarimla elaqedar Absheron mehkemesinde mehkeme kecirildi ve cox edaletsiz bir qerar cixardi. Bu haqad Size yazdigim ucun daha etrafli yazmaga ehtiyac duymuram. Qardashimin mene qaldirdigi iddiada ozu etiraf etdi ki, ata yurdumu menimle anam qebukl etmishik. Bizimle beraber ozununde orani qebul etdiyini iddia etdi. Lakin men buna subutlarla etiraz etdim. Cunki hemin vaxt o, ailesi ile birlikde Moskvada yashayirdi ve bunlari onun o vaxtlar orada dunyay gelmish ushaqlarinin dogum shehadetnameside subut ede biler. Cunki sozugeden qardasim atam olmemisden 2 il evvel ailesi ile birge Moskvaya getmis ve atam oldukden 7 il sonra qayitmisdir. Bunlara esasen men vereseni anamla birge sheksiz qebul etdiyimi subut etdim. Sonradan bacimda iddia erizesi vererek atam olmemisden ona qulluq etdiyini, atam olenden sonra anama qulluq etdiyini ve doguldugu vaxtdan indiye kimi hemin unvanda qeydiyyatda oldugunu gostererek vereseliyin qeydiyyat esasinda aparilmasini istedi ve orada onunda payi oldugunu bildirdi. Butun bunlara baxmayaraq Absheron mehkemesi hec bir subut olmadan sozugeden qardashiminda bixzimle beraber o evi qebul etdiyini tesdiq etdi. Qeyri obyektiv sebeblerden menim ve bacimin iddiasini redd etdi. Cox teessufler olsun ki indi burada fikrimi tamamlayib bir cox sheyleri Size yaza bilmirem.

1) Absheron mehkemesi hec bir subut olmadan sozugeden qardashimin orai bizimle birge qebul etmesi barede hansi esasla qerar vere biler?

2) Ve eger orani qeydiyyatla bolgu aparirsa bacimin iddiasin nece legv ede biler?

Onun hal hazirda muveqqeti adi ili meskunlasdigi, indi ise iddia etdiyi erazi o biri mektubumda qeyd etdiyim kimi qeyri qanuni torpaq sahesi ve qanunsuz tikilidi. Men oranin sokulmesi ile elaqedar Absheron mehkemesine muraciet etdim. Sozugeden qardashim bunula elaqedar iidiasini sonuncu iclasda deyishdi ve hemin gunun seherisi mehkeme qerar verdi.

3) Iddia deyishilenden sonra derhal qerar verile bilermi? Mene sonraki iddiaya qarshi etiraz erizesi yazmaga vaxt verilmemelidirmi?

4) Iddiada qeyd olunur ki. qerar iddiacinin vekilinin ve anamin numayendesinin ishtiraki ile verilib. Amma qerar verilerken bunlardan hec biri orada olmayib. Bu ne derecede duzgundur?

Umumiyyetle men shexsen Sizinle bu ish baresinde meslehetleshmek ucun nece elaqe saxlaya bilerem. Menim ve 70 yashli anamin gozumuz gore gore haqlarimiz tapdalanir. Sizlerden bununla elaqedar bizlere komek etmeyinizi artiq derecede xahish edirem. ALLAH komeyiniz olsun! Evvelceden teshekkur edirem!

Cavab - Kimdən: Şəfa Camalzadə (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)

Hörmətli, Anar müəllim, əvvla xahiş edirəm ki, sualınızı gec cavablandırdığımı üzürl hesab edəsiniz. İkincisi, keçən dəfə də qeyd etdiyim kimi, sizin məsələniz bir mail vasitəsilə cavablandırılacaq qədər sadə deyil. Ona görə də yaxşı bir vəkillə məsləhətləşməyə ehtiyac var.

Amma yenə də sullarınız üzrə onu deyə bilərəm ki, əgər Abşeron məhkəməsi heç bir sübut olmadan qardaşınızın guya mirası qəbul etməsi faktını təsdiqləyibsə, əlbəttə bu, qanunsuzluqdur. Bu qanunsuzluğu isə yalnız apellyasiya şikayəti vermək yolu ilə aradan qaldırmaq olar.

Qeydiyyatla bölgü məsələsinə gəldikdə isə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin vərəsəlik münasibətlərini tənzimləyən normaları mirasın qəbul edilməsi və bölünmsəni hansısa evdə qeydiyyatla olmaqla deyil, yalnız qohumluq münasibətləri ilə (qardaş-bacılıq, övladlıq və sair) ilə əlaqələndirir.

İddianı dəyişmək isə hər bir halda tərəfin hüququdur və bu, prosesin istənilən mərhələsində yolveriləndir. Amma bu zaman əlbəttə ki, siz həmin iddiaya qarşı öz etiraz və arqumentlərini irəli sürmək üçün lazımi qədər vaxt və imkana malik olmalı idiniz. Başqa sözlə, proses müəyyən vaxta qədər təxirə salınmalı idi. Amma hesab edirəm ki, bu, hakimin iradəsindən asılıdır və çox günman ki, yalnız o halda ola bilərdi ki, bu tələb üçün yeni araşdırma aparmaq lazım olsun.
Proses iştirakçılarının məhkəmədə iştirak etməməsi əlbəttə ki, ciddi prosessual pozuntudur. Amma mülki prosessual qanunvericiliyə görə məhkəmə tərəflərdən hər hansı birinin iştirakı olmadan da işə baxa bilər. Təbii ki, prosesdə iştirak etmədiyiniz halda, qərarda iştirak barədə yazılması ciddi qüsurdur.
Anar müəllim, yekun olaraq bildirirəm ki, hər bir halda siz narazı qaldığınız qərardan onun sizə təqdim edildiyi gündən 1 ay ərzində apellyasiya şikayəti verə bilərsiniz.


************************************************



Sual - Kimdən: jeyhun qehremanov Şəhər: sumqayit
25.02.2010 13:42 salam meni mehkemeye veribler atamin erezesi ile yazilib 5000$ kompensasiya teklif edilir bu 1-ci sened sonra 2-ci elave olunub qeydiyatdan cixmaq 5000$ verilecek. 3 0taqdi 2-si mendedi 1 atam qalir anam tezelikce olub.evde 6 nefer qeydiyyatdadi men , yoldasim atam ha-hazirda evde qaliriq yoldasim 9ildir bizle qalsada qeydiyyatda deyil qardasim, obiri qardasimin yoldasi ve 2 usagi evde qeydiyyatdadi amma ozleri oz evleinde yasayirlar 10 ilden coxdu . xahis edirem mene komeklik edin qabaqcadan minnetdarligimi bildirirem

Cavab - Kimdən: Amilə Orucova (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)

Birinci iddia ərizəsinin nə ilə bağlı olduğunu qeyd etməmisiniz.

İkinci suala gəlincə, əgər ev atanızın mülkiyyətindədirsə, kompensasiya ödəməklə evdə qeydiyyatda olanları qeydiyyatdan çıxara bilər. Həyat yoldaşınız 2000-ci ildən sonra o evə gəlin köçdüyü üçün, mülkiyyətçinin razılığı olmadan qeydiyyata düşə bilməz.

Qardaşınız və ailəsinin əgər daimi başqa yerdə yaşayırlarsa, qeydiyyatdan çıxması barədə ancaq mülkiyyətçi məhkəmə iddia qaldıra bilər.


******************************************


Sual Kimdən: Ceyhun Şəhər: Baki
23.02.2010 14:20 Salam,

Merhumun adina ozel evde qeydiyyatda olan merhumun qanuni veresesi(bacisi) hemin evi oz adina hansi qaydada kecirmelidir?

Qeyd edim ki, evde qeydiyyatda yalniz merhumun bacisidir.

Evvelceden teshekkur edirem.

Cavab - Kimdən: Günel Əbdürəhimova (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
Öncə müəyyən etmək lazımdır ki, mərhumun, yəni miras qoyanın bacısından başqa vərəsələri varmı? Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

Birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)....

1159.2. İkinci növbədə- ölənin bacıları və qardaşıları....

Burdan belə nəticə çıxır ki, bacı miras qoyanın qanuni vərəsəsii sayılsa da, o ikinci dərəcəli vərəsədir, yəni əgər yuxarıda qeyd edilən vərəsələrdən heç olmasa biri varsa, o zaman sonrakı növbənin vərəsələri istisna edilir. Belə ki, MM-in 1160-cı maddəsinə görə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

Əgər digər birinci dərəcəli vərəsələr varsa, o zaman mirası onlar qəbul edir, qeyd edilən bacı isə orda qeydiyyatda olduğu üçün onun istifadə hüquqları saxlanılır. Belə ki, Mülki Məcəlləninin 158.3-cü maddəsinə görə, əmlaka mülkiyyət hüuqunun başqa şəxsə keçməsi həmin əmlka olan digər əmlak hüuqularının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun.

Əgər birinci dərəcəli vərəsələr yoxdursa, o zaman mirası qəbul etmək üçün növbə ikinci dərəcəli vərəsələrə keçir. Yəni bu halda, əgər bacıdan əlavə digər bacı və qardaşlar varsa, o zaman onların hamısı bərabər hüquqlu vərəsələrdir və miras onların arasında bərabər pay nisbətində bölünür.

Yuxarıda qeyd edilən halların heç biri mövcud deyilsə və bacı ölənin, miras qoyanın yeganə vərəsəsidirsə, o zaman o miras açılan vaxtdan, yəni miras qoyanın öldüyü gündən (MM-in 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır) 6 ay ərzində qəbul edə bilər (MM-in 1246-ci maddəsinə görə).

Mülki Məcəllənini 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Əgər vərəsə miras əmlakı faktiki idarə etməklə, yəni orda yaşamaqla qəbul etməyibsə, o zaman o, 6 ay keçməmiş mirasın qəbul edilməsi ilə bağlı mirasın açıldığı yerdəki notariat orqanına mirasın qəbul edilməsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi alınması ilə bağlı yazılı müraciət etməlidir. Mülki Məcəllənin 1321.1-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 102-ci bəndinə görə, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsinin, rayon icra hakimiyyətinin və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd.

Notariat kontoruna müraciət etdikdə orada qanun üzrə vərəsəlik şəhadətnaməsini alınması üçün müvafiq ərizə doldurulur və aşağıda göstərilən sənədlər əlavə edilir:

1. Miras qoyanın ölüm haqqında şəhadətnaməsi;
2. Miras qoyanın doğum haqqında şəhadətnaməsi;
3. Vərəsənin doğum haqqında şəhadətnaməsi;
4. Miras əmlaka dair Qeydiyyat Vəsiqəsi;
5. Miras əmlaka dair forma 1 arayış;
6. Miras əmlaka dair forma 2 arayış.


************************************************


Sual - Kimdən: Asya Şəhər: Baki
19.02.2010 23:12 Salam.Menim öz adima sexsi mulkum var.Lakin övladim olmadigi ucun, evi 16 yashinda olan qardashim qizinin adina natariusda vesiyyetname ile vermek isteyirem. Bakida natariuslar bunu etmirler.Deyirler ushaq balacadir.Birde menden 2 nömreli ve. s senedler teleb edirler.Menim fikirimce vesiyyatname vermek burada yash heddi hesablanmir.Ushaq nece yashindadirsa.2-ci sual. Hemin 16 yashinda ushaq hemin evde qeydiyyatdadir .Anasi,bacisi da hemin evde qeydiyyatdadir.Natarius teleb edir orda olan qeydiyyatda anasi ve bacilarininda raziliqi olmalidir.Mulkuyyet sahibi menem ev menimdir.Ne ucun qeydiyyatda olan sexsler buna icaze vermelidir.

Onlarin evi olmadigi ucun men onlari qeydiyyata göturmushem.Men ise vesiyyatnameni qardashim qizinin adina vermek isteyirem,men ölenden sonra ev onun adina yazilsin.Xahish edirem qanun neyi teleb edir,cavab veresiniz.

Cavab - Kimdən: Günel Əbdürəhimova (Hüquqşünas, Hüquqi Yardım Mərkəzi)
1-ci sualınıza dair qeyd edə bilərim ki, notariusların qeyd etdikləri səbəb tamamilə qanunsuz və əsassızdır. Vərəsə olan şəxslərə dair heç bir yaş məhdudiyyəti yoxdur. Belə ki, Mülki Məcəlləninin 1134.2-ci maddəsinə görə, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olamdığına, habelə hüquqi şəxslər olub olmadığına baxmayaraq, ola bilərlər.

2-ci sualınıza cavab olaraq bildirirəm ki, siz qeyd etdiyiniz kimi mülkiyyətçinin qeydiyyatda olan şəxslərdən razılıq alması bir az absurd olsa da, ancaq qanunda belə bir şey var. Belə ki, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 71-ci bəndinə əsasən, əgər vəsiyyət edən özəlləşdirilmiş mənzili vəsiyyət edirsə, o zaman notarius bu mənzildə qeydiyyatda olan ailə üzvləri haqqında arayış (forma 2- G.Ə.) tələb edir və mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin yazılı razılığını tələb edir.


********************************************************


Sual - Kimdən: Elnur Məmmədov Şəhər: Ucar rayonu

19.05.2010 16:12 Salam.Xahiş edirəm sualıma ətraflı cavab verəsiniz.Menim anam 8 aydır ki rəhmətə gedib.Anamın adına qeydiyyatda olan mənzil var.Biz ailədə 4 uşaq olmaqla atamız anamdan 8 il əvvəl rəhmətə getmişdir.Anamın adına qeydiyyatda olan evde böyük bacım ailəsi ilə birlikdə uzun illərdir yaşayır.Amma hemin evde digər bacım ,heyat yoldaşı və 4 yaşlı körpəsi qeydiyyatdadır.Həmin evde qeydiyyatda olan bacımsa anamdan 4 il əvvəl dunyasını dəyişib.İndi biz 3 uşaq birlikdə nece ede bilərik ki həmin ev orada faktiki yaşayan bacımın adına sənədləşdirilsin.Onuda qeyd edimki evde hal hazırda qeydiyyatda olan rəhmətə getmiş bacımın heyat yoldaşı və körpəsi bacım rehmete gedenden bizimlə əlaqəni kəsmişdir.Yeznem ailə qurub.Birdə mumkunsə deyərdiz yeznə və az yaşlı uşağın anamın evində qeydiyyatda olması onlara əmlak üzərində hansı hüquqları verir.Əvəlcədən minnətdarlığımı bildirirəm.

Cavab ------------
Ananınızın mülkiyyətində olan əmlak qanun üzrə vərəsəlik qaydasında I dərəcəli vərəsələri olan övladlara bərabər pay nisbətində keçir.

Beləki, Mülki Məcəllənin 1159.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

1159.1.1. Birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

2. Ancaq sizin həmin bacınız vəfat etdiyi üçün uşağı onun əvəzinə sizinlə birgə I dərəcəli vərəsələr sırasına aiddir və sizinlə bərabər hüquqları vardır.

Beləki, həmin Məcəllənin 1159.1.3-cü maddəsinə görə, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

3. Yerdə qalan övladları notariat orqanına mirası qəbul etməsi ilə bağlı müraciət etməklə özlərinə düşən paydan həmin bacının xeyrinə imtina etməsi ilə bağlı ərizə verib, öz paylarını bacınıza verə bilərlər.

Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Həmin Məcəllənin 1261-ci maddəsinə görə, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər.

Həmin Məcəllənin 1256-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

4. Yeznənizin və uşağın orda qeydiyyatda olması onlar üçün mülkiyyət deyil, yalnız istifadə hüququ yaradır.

5. Ananız artıq 8 aydır vəfate etdiyi üçün belə çıxır ki, yalnız həmin miras evdə yaşayan bacınız faktiki olaraq mirası qəbul edib, yəni nə yerdə qalan övladlar, nə də mərhum bacınızın uşağı qanunvericiliklə müəyyən edilən müddətdə, yəni 6 ay rəzində miras əmlakı nə faktiki, nə də notariat kontoruna müraciət etməklə miras əmlakı qəbul etməyib və beləliklə, müddəti keçiriblər.
Qanunvericiliklə müəyyən edilən müddət isə üzrlü səbəb olduqda məhkəmə tərəfindən bərpa edildikdə və ya mirası qəbul artıq etmiş vərəsənin razılığı ilə digər vərəslər tərəfindən qəbul edilə bilər.

Beləki, həmin Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

Günel Əbdürrəhimova
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi
XS
SM
MD
LG