Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:48

Eynulla Fətullayev 8 saat ayaq üstə qalıb


Eynulla Fətullayev
Eynulla Fətullayev
Oktyabrın 7-də Səbail rayon Məhkəməsində jurnalist Eynulla Fətullayevin Bakı şəhər Prokurorluğuna qarşı iddiası üzrə ilk məhkəmə iclası keçirilib.

Proses başlayan kimi Eynulla Fətullayev bildirdi ki, məhkəmə prosesi saat 15:00-a təyin edilməsinə baxmayaraq onu səhər saat 9-dan məhkəməyə gətiriblər və 8 saatdır ki, ayaq üstə qalıb.

Hakim Elnur Həsənov dedi ki, Eynulla Fətullayevin səhər 9-dan məhkəmədə olmasından xəbərsizdir və o, bu məsələyə nəzarət etməyə çalışacaq.

HAKİM ELNUR HƏSƏNOV: «OTURUN YERİNİZDƏ QEYDLƏRİNİZİ APARIN»


Bundan sonra jurnalistlər foto və video çəkiliş üçün hakimin icazə verməsini istədilər. Amma hakim bu dəfə də jurnalistlərin arzusunu ürəyində qoydu. Hakim dedi ki, hazırlıq iclası barədə yazılanları oxuyub və həmin yazılarda xeyli yanlışlıq tapıb. Bundan sonra qərara alıb ki, bu prosesdə foto və video çəkilişlərə icazə verməsin. Jurnalistlər çəkiliş üçün təkid edəndə isə, hakim «oturun yerinizdə qeydlərinizi aparın» deyə məsələnin artıq bitdiyini bildirib.

«PROKURORLUĞUN YAYDIĞI MƏLUMATDA EYNULLANIN TƏQSİRSİZLİK PREZUMPSİYASI POZULMAYIB»

Bakı şəhər Prokurorluğunun nümayəndəsi Ramiz Rzayev bildirdi ki, fevralın 3 və 4-də Bakı Baş Polis İdarəsi ilə birgə yaydıqları məlumatda Eynulla Fətullayevin təqsirsizlik prezumpsiyası pozulmayıb:

«Biz bu məlumatı yaymazdan qabaq vəkil İsaxan Aşurov və Eynulla Fətullayevin atasına istinadən bir çox KİV-də jurnalistin üstündən narkotik maddə tapılması haqda məlumatlar gedib. Prokurorluq isə bu məlumatı 3-4 fevral tarixində yayıb. Bu məlumatlarda da heç bir təhqirə, nüfuzdan salmaya səbəb olacaq ifadə işlənməyib. Heç bir yerdə Eynulla narkoman adlandırılmayıb...».

«İNDİYƏ QƏDƏR ÜÇ NƏFƏR HAQQINDA NARKOMANİYA İLƏ BAĞLI RƏSMİ MƏLUMAT YAYILIB»

Amma Eynulla Fətullayev prokurorluğun onun haqqında məqsədli şəkildə məlumat yaydığını bildirdi, dedi ki, prokurorluq bu məlumatı yaymaqla cəmiyyətdə onun narkoman olması barədə rəy yaratmağa çalışıb. Jurnalistə görə, hər gün Bakıda xeyli narkoman həbs edilsə də, indiyə qədər onların heç biri haqqında Bakı şəhər Prokurorluğu məlumat yaymayıb:

«İndiyə qədər üç nəfər haqqında belə məlumat yayılıb. «Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit, Nardaran kəndindən Hacı Əli Hüseynov və mənim haqqımda məlumat yayılıb. Bu onu deməyə əsas verir ki, bu, birbaşa bizim cəmiyyətdə nüfuzdan salınmamıza
Eynulla Fətullayev və İsaxan Aşurov
yönələn bir addımdır».

«MƏN BAKI ŞƏHƏR POLİSİNİ NAZİR RAMİL USUBOVA GÖRƏ MƏHKƏMƏYƏ VERMƏDİM»

Eynulla Fətullayev dedi ki, o, prokurorluqla yanaşı, Bakı Baş Polis İdarəsini də məhkəməyə vermək istəyib, amma Daxili İşlər naziri Ramil Usubova hörməti olduğu üçün bu fikrindən daşınıb.

EYNULLA İLƏ BAĞLI MƏLUMATI KİM, KİMİN TƏŞƏBBÜSÜ İLƏ HAZIRLAYIB?


Vəkil İsaxan Aşurov prokurorluq nümayəndəsi Ramiz Rzayevdən soruşdu ki, yaydıqları məlumatı prokurorluqda kim və kimin təşəbbüsü ilə hazırlayıb.

Xeyli sual-cavabdan sonra Ramiz Rzayev məlumatı özü hazırladığını və bu işdə ona daha bir əməkdaşın yardım etdiyini dedi. Amma o, həmin yardımçı əməkdaşın adını xatırlaya bilmədi. Ramiz Rzayev göstərişin yuxarıdan - Bakı şəhər Prokurorluğunun rəhbərliyindən gəldiyini bildirdi. Ancaq konkret ad çəkməkdən imtina etdi.

«AY RAMİZ MÜƏLLİM, ELƏ BU, TƏQSİRSİZLİK PREZUMPSİYASININ POZULMASI DEMƏKDİR»

İsaxan Aşurov: Məlumatı kimin təşəbbüsü ilə hazırlamısınız?
Ramiz Rzayev: Bakı şəhər Prokurorluğundan məlumat almışıq.
İsaxan Aşurov: Şəhər prokuroru kimdir?
Ramiz Rzayev: Siz belə suallar verməklə hara getmək istəyirsiniz?
İsaxan Aşurov: Elə hara lazımdırsa, ora da gedəcəyik... Siz Eynulla Fətullayevin cinayət işi ilə tanışsınızmı?
Ramiz Rzayev: Mən o cinayət işini görməmişəm. Amma aldığım arayışda imzalar var idi. Aldığım məlumatda Qaradağ rayon Prokurorluğunun imzası var idi.
İsaxan Aşurov: Sizin yaydığınız məlumatlar arayışla üst-üstə düşürmü?
Ramiz Rzayev: Oxuyanda, hər şey görünür, məlumatı hazırlayanda arayışda olan məlumatlardan istifadə etmişəm.
İsaxan Aşurov: Ramiz müəllim məhkəmə işə baxmamışdan əvvəl Siz bu məlumatı yaymısınız eləmi?
Ramiz Rzayev: Bəli
İsaxan Aşurov: Ay Ramiz müəllim, elə bu təqsirsizlik prezumpsiyasının pozulması deməkdir.

Bundan sonra hakim iş vaxtının başa çatdığını bildirərək növbəti prosesi oktyabrın 21-nə təyin etdi.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb və ona yeni cinayət işi açılıb.

Jurnalist hesab edir ki, Bakı şəhər Prokurorluğu məhkəmə hökmü olmadan onun barəsində narkotikdən istifadə etməsinə dair məlumat yaymaqla təqsirsizlik prezumpsiyasını pozub.

Jurnalist Bakı şəhər Prokurorluğunun ondan rəsmən üzr istəməsini və vurulmuş mənəvi zərərə görə cavabdehdən bir manat alınaraq Qaradağ rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilova ödənilməsini tələb edir. İsmayıl Xəlilov narkotik işi üzrə prosesin hakimi olub.
XS
SM
MD
LG