Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:13

Rəfiqə Erkin "Maniken, bomj və süpürgəçi"


Maniken, bomj və süpürgəçi

Maniken

Mən manikenəm. Lal və donuq... “Targovı”nın ən tünlük küçələrindən birində əynimdəki paltarları numayiş etdirirəm. Əvəzində heç nə almiram. Yox, mən heç nə istəmirəm.

Mən bilirəm ki, pinokyo qədər bəxtəvər deyiləm. Onu da bilirəm ki, heç vaxt əsl qadın olmayacağam. Oyuncaq qalacağam mən. Hər kəs mənimlə oynayacaq.

Nə ərim olacaq, nə uşaqlarım. Heç kəs sevməyəcək məni. Amma bir az qayğıya, bir az diqqətə ehtiyacım var... Axı niyə heç kim baxmir üzümə?

Üzümdəki cızığı belə hələ heç kim kəşf etməyib. Amma mən hər kəsi görürəm. Bu kücədən keçən hər kəsi taniyiram. Axı mən səhər-axşam bu küçəni izləyirəm.

Çox sevirəm bu küçəni. Bəlkə başqa küçə tanımadığımdan, bəlkə də sevməyə başqa heç nə olmadığından...

Və deyəsən təkçə mən belə düşünmürəm. Təmir işləri getsə də, heç azalmayıb bu küçənin vurğunları.

Rayonlardan gələn qonaqlar da Bakıya gələrkən ən əvvəl buraya baş çəkirlər. Zira əsl şəhərli olmaq üçün mütləq keçmək lazimdı bu küçələrdən.

Rayonlu qonaqlardan başqa, nə aradığını bilməyən və buraları az-çox tanıdığı üçün şəhərli statusu qazanan şəhərlilər də keçir bu küçədən.

Şəhərlilər deyəndə ki, ağzının suyu axa-axa qızlara baxıb sataşan “qədəş”ləri, olar-olmazını geyinib gələn və özlərini meqazövglü sayan xanımları, belə xanimları bəyənməyib onlardan fərqli olduğunu sanan pirsingli, qara-çəhrayı emoları, bir də qot, pank və sair və ilaxir olduqlarını israrla bildirən digər “bomba” gəncləri, ən azı onlar gədər ekstravaqant olan torbaşalvar, konversli qizları deyirəm.

Əslində emodan reperə bir addımlıq yoldu və hətta yan küçədə rockenrap konserti keçirilmişti.

Bu super qrupun üzvlərindən başqa küçəmizin daimi və sadiq qonaqları da var, əlbəttə.

Bunlar 1;23;160 saylı məktəblərin və digər orta məktəb və litseylərin şagirdləri, “Medinstitut”, “Narxoz”, Xarici dillər, Bakı Dövlət, APİ və digər institutların tələbələri, üstəlik, mağaza işçiləri, ustalar, peraşki satanlar, mahnı çalanlar, dilənçi uşaqlar, “Tarqovı”nın köhnə sakinləri və bir də süpürgəçilərdi. Qısacası, burada hər təbəqədən hər cür insana rast gəlmək olar.

Bu yaxınlarda daimi və sadiq qonaqlar qrupuna daha bir namizəd qoşuldu və mən hətta deyərdim ki, o, qonaq yox, küçənin daimi və sadiq sakininə çevrildi qısa müddətdə.

Bu yeni namizəd qoca, arıq bir bomj idi.

O gədər qoca idi ki, polislər belə qovmağa qıya bilmirdi onu.

Az qala özü boyda uzunoğaz çəkməsi və başına bürüdüyü köhnə yaşıl yorğanla küçədən keçənlərin diqqətini çəksə də, bir küncdə bükülüb qalır və gözünü ancaq qabağındaki köhnə torbaya zilləyir bütün günü.

Canlı olduğu öskürəndə anlaşılır. Əslində, öləcəyinin əlamətidi bu.

Bu gecə heç gözləmədiyim, amma xəyalını qurduğum bir şey oldu.

Küçə boşalmışdı artıq. Sadəcə mən və qoca bomj qadın qalmışdıq. Yuxarı qonşular, adət edildiyi kimi, bir ağız qışqırışıb ağlaşdıqdan sonra oldu, nə oldusa.

Qoca bomj qırmızı və yaş gözləri ilə məni uzun-uzun izlədiktən sonra, nəhayət, qərar verdi və güclə ayağa qalxıb yavaş addımlarla mənə yaxınlaşmağa başladı.

Mən onun ağlında nə olduğunu anlamağa çalışanadək, düz mənim önümdə dayandı və yaşıl yorğanının altından çıxardığı çirkli, qırışlı və titrək əlləri ilə vitrinimə toxundu.

Bu gecə həyatımda ilk dəfə kimsə mənim varlığımı hiss etdi. Kimsə mənim varlığıma ehtiyacı duydu. Və ən başlıcası, həyatımda ilk dəfə kimsə mənimlə danışdı.

Bomj

Mən bomjam. Lal və donuq. Heç kimim yoxdu. Mən heç kiməm. Zibilliklərdə eşələnən, 3-7-40 günlərində ehsan payı yeyən və qapı-qapı gəzib dilənən birisiyəm. Amma indi halım pisləşib.

Ayağa durmağa gücüm qalmayıb. O üzdən axır vaxtlar adamların çox olduğu bir küçədə oturub dilənirəm.

Bu gecə evlərdən birindən gələn qışqırıq və ağlaşma səslərindən sonra küçəyə ölümcül bir səssizlik çöktü. Bəlkədə ölən mən idim elə.

Ölmədən əvvəl danışmaq istədim kiminləsə. Bu pis iylənən çirkin qadın əslində bir zamanlar gözəl idi demək istədim. Bu səfil bomjun bir zamanlar xəyalları var idi demək istədim. Bükülüb dilənən qocanın sirrini açmaq istədim ölmədən.

Amma bom-boş idi küçə. Bircə o vitrindəki maniken... Saxta bir gülüşlə mənə baxırdı. Yəqin sapoglarıma gülürdü. Onlar özünü məscidin minarəsindən atan nər bir adama məxsus idi.

Yada bəlkədə yorğanıma gülürdü. Onu isə evinə getdiyim bir qadın verib. O yəqin halıma gülür mənim.

Mənim acizliyimə. O ki heç tanımır məni. Onla danışacam. O anlayacaqki mən heçtə öz məsuliyyətsizliyimin ucbatından düşməmişəm bu hala.

Bir güclə durub ona yaxınlaşdım.

-Kefdəsən - dedim – durmusan isti yerdə. Nə yeməyə ehtiyacın var nə içməyə nə də sevgiyə. Əynində bahalı təzə paltarlar...

Bilirsən mən uşaq olarkən müharibə gedirdi. O vaxtı yetimxanada uşaqlar artır imkansa azalırdı. Mənə kimsə paltar verəndə geyinməyə qıymırdım. Hər gecə o paltarı gucaqlayaraq yatırdım.

Və xəyal edirdim ki böyüyəndə dərzi olub özümə çoxlu paltar tikəcəm. Elə o vaxtdan toxumağı və tikməyi öyrənmişdim.

Vaxt keçdi mən böyüdüm, bir paltar sexində işə düzəldim. O zamanlar gənc idim, gözəl idim. Bir oğlan var idi sexdə.

O da mənim kimi yetim idi. Sevgiyə möhtac, sevgiyə ac... İlk dəfə onunla hiss ettim sevgiyi. İlk dəfə onda anladım sevmək nədi, sevilmək nədi... İlk dəfə onunla ümid etdim yaxşı ailəyə, uşaqlara.

Evlənəcək idik biz. Uşaqlarımızı heçvaxt tək qoymayacaq idik. Hərşey o gədər yaxşı idiki.

Kasıb idik düzdü. Sabah çörək tapmama qorxumuz var idi. Amma ümidimiz bizə bəs edirdi. Lakin bir gün o heçnə demədən yox oldu.

Mən həryerdə onu axtararkən qaldığımız obşiteldə bitki tapdılar. Mənim heçkimim yox idi. Heçnə edəbilmədim. Tutdular məni. O da gəlmədi.

Türmədən çıxdıqdan sonra ora geri qayıtmağı arzuladım. Heçkim iş vermədi mənə. Əlimdəndə gəlmirdi onsuz. Bax beləcə qaldım küçədə. Qaldım küçədə...

Süpürgəçi

Mən süpürgəçiyəm. Hər səhər hamıdan tez durub bu küçəni süpürür, tərbiyəsiz gədə-güdələrin divara yazdıqları sayt adlarını yaş əski ilə silirəm.
Səhər gələndə gördüm bir bomj mağazanın qabağında uzanıb.

Süpürgəmlə vurdum, gördüm səsi çıxmır. Onda bildim ki, ölüb. Zəng elədim təcili yardıma- zada. Gəlib apardılar.

Mən başa düşmürəm heç cür.

Biz işləyək tər tökək, belimizi əyə-əyə yer süpürək bir tikə çörəkdən ötrü, bunlar da axşama kimi yatıb içsinlər. Ədalətdi bu?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG