Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:23

«Nardaran üçün hansısa bir plan hazırlanır»


Nardaran sakini kəndin divarına İslam kəlamı yazır
«Desəydilər ki, mitinqlər, filanlar təşkil edir, rejimə qarşı fikirlər səsləndirir, inanardıq. Halbuki, konstitusiyaya görə, bunlara görə heç adam tutmurlar. Amma onu demir axı. Deyir narkotikaya görə tutulub».

Bu, Nardaran sakinlərinin dedikləri idi. Onlar hesab edirlər ki, sentyabrın 22-də kənd sakinlərindən Hacı Əli Hüseynovun həbs edilməsi və polisin onun üzərindən narkotik maddə tapdığını bəyan etməsi təşkil olunmuş bir məsələdir.

Kənd sakinlərinin fikrincə, Hacı Əli Hüseynov nəinki narkotik maddələrdən istifadə edir, üstəlik, dəfələrlə kənd cavanlarını yığıb onlara belə şeylərdən uzaq olmağı tövsiyə edib. Sakinlərin sözlərinə görə, Əli Hüseynov kəndin divarlarına müqəddəslərin, İslam alimlərinin kəlamlarını yazdığı üçün saxlanılıb.

Bu arada həbs edilən Nardaran sakini Əli Hüseynovun qan və sidiyindən götürülən analizlərin nəticələri açıqlanıb

EKSPERTİZANIN RƏYİ


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sentyabrın 24-də yaydığı məlumata görə, Hacı Əli Hüseynovun qanının müayinəsi onun narkotik maddədən istifadə etdiyini təsdiqləyib.

Artıq Sabunçu rayon Məhkəməsi Əli Hüseynovu 2 ay müddətinə azadlıqdan məhrum edib.

Nardaran ağsaqqallarından, İslam Partiyasının keçmiş sədri Hacı Hacıağa Nuriyev isə deyir ki, hakimiyyətin seçki öncəsi kənddə belə xoşagəlməz tədbirlər həyata keçirəcəyi əvvəlcədən gözlənilən idi:

DÜŞÜNÜLMÜŞ SSENARİ?

«Parlament seçkiləri ərəfəsində belə bir hadisənin baş verməsi, Hacı Əli Hüseynovun həbs olunması və üzərindən narkotik çıxması düşünülmüş bir ssenaridir. Nardaran üçün hansısa bir plan hazırlanır ki, yenə də kənd sakinləri ilə polis qarşıdurması yaransın. Biz qətiyyətlə bunun əleyhinəyik. Bu təxribatın dərhal dayandırılmasını istəyirik.
Hacı Hacıağa Nuriyev
Şərait yaradılsın ki, Nardaran sakinləri də növbəti parlament seçkilərinə qədər öz fikirlərini cəmləşdirsinlər və layiqli namizədə səs versinlər».

Hacı Hacıağa Nuriyev deyir ki, hər dəfə seçkilər zamanı hakimiyyət nardaranlıların başına belə oyunlar açır. O yada salır ki, dövlət başçısı isə dəfələrlə hər bir azərbaycanlının prezidenti olduğunu bəyan edib. Kənd ağsaqqalı deyir ki, nardaranlılar da azərbaycanlılardır və bu kənd də ölkə ərazisinin bir hissəsidir. Prezident onlara da sahib çıxmalıdır.

Hacı Hacağa Nuriyevin fikrincə, millətin Qarabağ dərdi olduğu halda kənddə belə oyunlar oynayıb sosial vəziyyəti onsuz da ağır olan əhalinin dərdinin üstünə dərd qoymaq heç kimə baş ucalığı gətirməz.

«Tolerant» Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlunun qənaətincə, Nardaranda həbs olunan şəxsin cibindən naroktik maddə tapılması haqda deyilənlərə qyimət vermək çətindir. Bu durumda ola bilsin hüquq-mühafizə orqanları haqlıdır, ola da bilsin hüquq müdafiəçiləri.

Azər Rəşidoğlunun sözlərinə görə, cəmiyyət dəflərlə şahidi olub ki, hakimiyyət ictimai fəal insanları narkotik istifadəçisi kimi həbs edib və belə gedərsə, Azərbaycanda hamı narkoman olacaq. Bu cür hallar da onun fikrincə, hüquq-mühafizə orqanlarına şübhə yaradır:

İSLAMÇILARIN BAŞ QALDIRDIĞI QABARDILIR


Azər Rəşidoğlu başqa məqama diqqət çəkir ki, Nardaranda baş verənləri zaman-zaman qabartmaqda hakimiyyətin öz məqsədi var:

Azər Rəşidoğlu
«Balaca qəsəbədir. Ölkədə avtoritar rejim quran hakimiyyət orda baş verənlərin qarşısını asanlıqla ala bilərdi. Sadəcə, orda islamçıların baş qaldırdığını qabartmaqla görünür, hakimiyyət Qərbə mesaj verir ki, burda Qərb dəyərlərinin daşıyıcısı odur və bu hakimiyyət iflasa uğrasa, ölkədə islamçılar baş qaldıra bilər».

Azər Rəşidoğlu deyir ki, hakimiyyət bununla tək Qərbə yox, həm də ölkədəki islamçılara mesaj vermiş olur. Ekspertə görə, sosial ədalətin pozulduğu, ac ölkədə radikal islamçıların meydana çıxması həmişə mümkündür. Bəri başdan hakimiyyət onlara öz xəbərdarlığını edir…

Hacı Əli Hüseynov 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsi ilə bağlı fətva verdiyinə görə, bir il azadlıqdan məhrum edilib. O, bir neçə ay əvvəl azadlığa buraxılıb.

Kənd ağsaqqalarından Məşədi Natiq Kərimov deyir ki, onlar prezidentdən Hacı Əli Hüseynovun azadlığa çıxmasını istəyirlər. Üstəlik, nardaranlıların fikrincə, Hacı Əli Hüseynovu şərləyənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.
XS
SM
MD
LG