Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:36

Azərbaycana dini kitab gətirmək olmaz?


Bakının mərkəzində dini ədəbiyyat satışı ilə məşğul olan bir neçə mağazanın sahibi ilə görüşdük.

Dedilər ki, axır vaxtlar yalnız Azərbaycanda çap edilən kitabları satırlar.

Çünki xaricdən yeni çap məhsulları gətirmək istəyəndə kitablar gömrükdə müsadirə edilir, sonradan aldıqları kitabların əvəzində sahibkarlara Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin xüsusi ekspert komissiyasının bu ədəbiyyatların Azərbaycana gətirilməsinə qadağa qoyulması haqda qərarı təqdim olunur.

Sahibkarlar Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin adı çəkilən ekspert komissiyasının dini ədəbiyyat yayımı ilə məşğul olan ticarət obyektlərində tez-tez yoxlamalar apardıqlarını da bildirir.

Növbədənkənar yoxlamalardan yayınmaq üçün adını açıqlamaqdan ehtiyat edən mağaza sahibi deyir ki, ekspert komissiyasının üzvlərindən dəfələrlə ölkəyə gətirilməsi qadağan olunan dini ədəbiyyatın siyahısını istəyiblər. Ancaq siyahı onlara verilməyib.

Paytaxtda qadağan olunan dini ədəbiyyat sayı ilə bağlı fikirlər fərqlidir.

Bəziləri bu rəqəmin 49, bəziləri isə 80-ə yaxın oluduğunu deyir. 49 rəqəminin yalnız İslam dini ilə bağlı olan dini ədəbiyyata, 80-nin isə bütün dinləri əhatə edən qadağan olunan dini nəşrlərə aid olduğunu bildirənlər də var.

"Dükanın bir bölməsində Quran, o biri bölməsində isə spirtli içkilər satırdılar"

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təmsilçisi Saleh Aslanov bildirir ki, əslində belə bir siyahı yoxdur.

S.Aslanov dediklərini onunla əsaslandırır ki, hər gün dünyada minlərlə yeni dini ədəbiyyat yayılır, onların hamısı ilə bağlı xüsusi rəylər hazırlamaq faktiki mümkün deyil.

Ölkədəki situasiya isə elə sahibkarların dediyi kimidir -xaricdən dini ədəbiyyat gətirilərkən gömrükdə mütləq qaydada saxlanır. Nümunələr qurumun xüsusi ekspert komissiyasına göndərilir.

Ekspert komissiyası kitabların ölkəyə gətirilməsinə müsbət rəy versə, onların yayımı ilə bağlı problem yaranmır, əks halda bütün çap məhsulları müsadirə olunur.

Saleh Aslanov onu da deyir ki, Azərbaycanda dini ədəbiyyatın yayımı ilə bağlı qanunvericiliyə də əlavələr edilib.

İndi dini ədəbiyyatın yayımı ilə məşğul olmaq istəyən şəxslər Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən rəsmi icazə almalı və dini ədəbiyyat yalnız ixtisaslaşdırılmış mağazalarda satılmalıdır:

- Bakıda elə mağazalar vardı ki, bir bölməsində Qurani-Kərim, bir bölməsində isə Quranın haram bildiyi spirtli içkilər satılırdı. Bundan başqa, dini kitabları metro stansiyalarının girişlərində ayaq altına düzüb satırdılar.

İlqar İbrahimoğlu

Bu insanların dini inanclarına hörmətsizlikdər. Artıq Azərbaycanda belə faktlar yoxdur.

"Nəyi bəyənirlər, ona da icazə verirlər"

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin başçısı İlqar İbrahimoğlu isə deyir ki, bu məsələ ilə bağlı Azərbaycanda ciddi problemlər, hətta monopoliya var:

- Bu gün Azərbaycanda sovet dönəmindəki təcrübə təkrarlanır. Necə ki, sovet dönəmində senzura var idi, indi də heç bir məhkəməsiz-filansız, heç bir səbəb açıqlamadan dini ədəbyyatın ölkəyə gətirilməsinə qadağa qoyulur. Bu, Azərbaycan Konstitusiyasına ziddir. Məsələ ilə bağlı bütün monopoliyanı Dini Qurumlarla İş Üzrə Dövlət Komtəsi həyata keçirir.

İlqar İbrahimoğlu onu da deyir ki, monopoliya yalnız ölkəyə gətirilən bini ədəbiyyatla bağlı Deyl.

Ölkədə çap olunan dini ədəbiyyat üçün də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən rəy almaq gərəkdir:

- Hansı ədəbiyyatı bəyənirlər, çapına icazə verirlər, hansını bəynmirlər, qadağa qoyurlar.

Məncə, bu işlə məşğul olanlar açıq danışmaqdan, problemi ictimailəşdirməkdən çəkinməməlidirlər, məhkəmələrə müraciət etməlidirlər.

Ekspert düşünür ki, problemin kökündə həm də o dayanır ki, dini ədəbiyyatı yayanlar üçün bu daha çox biznesdir. Əgər onlar bu işi həm də mənəvi məsələ saysalar, durum dəyişə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG