Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:42

Məntiq şikəstliyi


Fikrət QOCA

Şikəstlik deyən kimi cismani şikəstliyi düşünürük. Çünki o tez gözə çarpır. Çox vaxt belə şikəstlikdə insanın özünün günahı olmur, olsa da az olur.

İmkanı olan hər kəs belə şikəstliyin müalicəsi üçün çalışır, onu düzəltmək istəyir.

Amma elə şikəstlik var ki, o birbaşa ətraf mühitə, insanlara, cəmiyyətə zərər verir.

Bu məntiq şikəstliyidir, düşüncə tərzinin şikəstliyidir. Bu şikəstlik o saat nəzərə çarpmır.

Onun bəzi elementlərini ilk baxışdan insanda hiss edə bilərsiniz. Məsələn zövqündə, geyimində, davranışında özünü göstərə bilər.

Düşünə bilərsən ki, bəlkə imkanı yoxdur, nə tapıb onu da geyinib və yaxud davranışına fikir verməyə vaxtı olmayıb, düşündüyünü deyil, danışmaq xatirinə danışıb.

Bunlar hamısı ola bilər. Lakin məntiq şikəstliyi şüurun səviyyəsi, düşüncə tərzi, əxlaqi keyfiyyətlərdən yaranır. Söhbət məntiqdən getdiyi üçün elə bu məntiqlə də “niyə indi bu problem yadınıza düşüb” soruşa bilərsiniz?

Birincisi və əsas ona görə ki, indi parlament seçkilərinə gedirik. Beş il müddətinə özünüzə millət vəkilləri seçəcəksiniz.

Onlar dövlət səviyyəsində sizi təmsil edəcək. Seçmək istədiyiniz o adamın bütün həyatını diqqətlə nəzərdən keçirin. Ömrü boyu o namizəd sizin hansı dərdlərinizin düzəlməsi üçün çalışıb, həyəcan təbili çalıb?

Ən adi bir işdə olsun, sizi düşünübmü? Xəbəriniz olmadan hardasa haqqı qorumaq üçün sizi müdafiə edibmi?

Bunlar yoxsa hansı məntiqlə siz indi onu millət vəkili seçmək istəyirsiniz. Məntiq tələb edir ki, özünə sual verəsən niyə bu insan millət vəkili olmaq istəyir?

Hansı keyfiyyətləri ilə o məndən üstündür ki, Milli Məclisdə mənim əvəzimə danışacaq, həm də məndən yaxşı, məndən məntiqli...

1.Bəlkə o insanın fəaliyyətində elə məqamlar var ki, indi ona millət vəkili toxunulmazlığı vacibdir.

2.Bəlkə düşünür üç-dörd ay seçki müddətində əziyyət çəkərəm, sonra beş il rahat iş yerim olar. Yüksək maaşı, həftədə üç dəfə gedib yumşaq kresloda oturub mürgüləyərəm. Hara da getsəm, hörmətlə qarşılanaram.

3.Eləsi də var ki, doğrudan da, başqalarının dərdini demək üçün (belələri təəssüf ki, çox deyil, amma var) məmurların qapısını döyür. Saatlarla qəbul otağında gözləyir. Bəzən

təhqir olunur. Millət vəkili olmaq istəyir ki, bu maneələri asan keçsin, sözünün kəsəri olsun. Belələri var. Sizin üçün çalışanda, əlbət ki, özünü də düşünür.

Çalışdığı işi düzəlsə də, düzəlməsə də təsəlli tapır ki, mən bacardığımı elədim. Öz vicdanının qarşısında üzüağ olur.

Evində rahat yata bilir, xanımının və övladlarının qarşısında alnıaçıq olur. Hətta məğlub olduğunu da evdə açıq deyir. Çünki o, ər, ata olmaqdan başqa evdə müəllimdir. Ona xanımı, balaları pərəstiş edir, onun hər bir hərəkətini evdəkilər təkrar etməyə hazırdır.

O bir dəfə evdə riyakarlıq etsə, nəyin xatirinə olur-olsun haqsızlığın tərəfində olsa hər şey batacaq. Evdəkilərin haqqa inamı öləcək. Axırda illərlə toxuduğu qaranquş yuvası ilan yuvasına dönəcək.

O bunu hamıdan yaxşı bilir. Ona görə də haqqın tərəfində olmaq ona hər şeydən vacibdir. O da ailəsində aclığa, susuzluğa dözə bilər, dözüblər də, amma haqsızlığa dözə bilməzlər.

Onların ağlı yerində, şüuru sağlamdır. Elə ona görə də fikirlərinin və əməllərinin polad məntiqi qarşısında bərbəzəkli yalanlar, riyakarlıqlar sabun köpüyü kimi şüarlar diz çökür.

Belələri cəmiyyətin sarsılmaz təməlidir. Məhək daşıdır. İnanın mənə belə insanlar var. Nə yazıq ki, bu qarışıqlıqda onlar gözə çarpmır.

Özünü gözə soxmaq da onların məntiqinə uyğun deyil. 1-ci və 2-ci növ namizədlərin bəzi seçicilərə təsir edə bilən bir güclü arqumentləri var, o da puldur.

Bəzi seçicilər(onlar da çox deyil, amma var) pulla qiymətli hədiyyəyə səsini satır, hətta o adamın təbliğatçısına çevrilir. Namizəd də onun səsini bazardan ət alan kimi alır.

Seçilir. Bir qədər sonra həmin seçici haqsızlığa rast gələndə millət vəkilinin üstünə qaçır. Millət vəkili onu yarıtmayanda, biganə olanda hirslənir:

– Mən sənə səs vermişəm-deyir.

– Xeyr, səsini satmısan, mən də almışam. Pulunu da vermişəm, daha nə istəyirsən?

Baxanda bu dialoqda məntiq var. Lakin bizim dediyimiz şikəst məntiq elə budur.

Millət vəkili beş illik seçilib, arxayınlaşıb. Amma ömür beş il olmur axı.

Bəzən artıq olur. Alver ikinizin arasında olsa da bunu insanlar görüb. İnsanlar hər şeyi görür, dərs götürür. Siz həm özünüzü tanıtdınız, həm də bir çoxunu ayıltdınız. Sizin şüurunuzun – məntiqinizin şikəstliyini sizin öz əməlinizdən yaxşı heç kəs sübut edə bilməzdi.

Səsini satanda gördü ki, səsini deyil, mənəviyyatını satıb. Vaxtı ilə sovet dövründə belə bir cəza növü vardı. İnsanı səsdən məhrum edirdilər. Yəni mühüm məsələlərdə o insanın səsvermə hüququ olmurdu.

O qoşqu heyvanı. İş aləti kimi bir şey olurdu. İndiki zamanda öz səsini satan insan görün şüurca nə qədər xəstə, məntiqi nə qədər şikəstdir ki, özü də öz azadlığını satıb.

Bu cahillikdir. Cahillik dediyimiz it kəlləsi kimi bir şeydir. Xonçaya necə qoysan, xeyri yoxdur, ya burnu görünəcək, ya da qulağı. Məntiq şüurun, ağılın məhsuludur.

Xəstə ağıl –cahil ağıl deyək elə fikirlərin əsasında məntiq qurur, Adama ilk baxışda inandırıcı görünür. Məsələn, “mən səs verməsəm də, bu adam keçəcək.

Hazır, elə səs verim, pul alım”. Axı sən səs verməsən, o səs verməsə, mən səs verməsəm o necə seçilə bilər axı?

Lap seçilsə də, sən öz vicdanının qarşısında özünü rahat hiss edərsən, öz-özünə “mən ona yox, daha ləyaqətli insana səs vermişdim” deyərsən. Məsələ odur ki, şikəst məntiqli insanın vicdanı da axsayır.

Vicdanı ilə küsülüdürlər. Bir zaman belə bir şeirim vardı:

Hamı Allahından var-dövlət dilər,

“Allah, mənim payım az oldu” deyir.

Allah ağlımızı elə bölüb ki,

Heç kəs öz ağlından gileylənməyir.

Yetmiş il Allahsız bir ölkədə yaşadıq. O zaman Allahsızlıqdan dərs deyən müəllimlərin bəzisi indi mollalıq eləyir, bəzisi ilahiyyətdən dərs deyir, bəzisi də elə allahsız olaraq qalır.

Çox nöqsanları, eybəcərlikləri o dövrün boynuna atırıq.

Əlbət ki, Allahsızlıq elə əxlaqsızlığa aparıb çıxarır. Bəs indiki əxlaqın şikəstliyini, mənəvi və məntiqi şikəstliyi kimin üstünə yazaq? Təkallahlılıq dini çox müdrik və dərin elmdir.

Allah insanın üstündə heç kəsi nəzarətçi qoymayıb. İnsandan yuxarıda yalnız Allahdır. Özü də insana nəzarət etmir. Hər kəsə nəzarəti o adamın özünə tapşırıb.

Deyir o dünyada sənə şahid lazım deyil. Sənin əllərin sənin üzünə duracaq, ayaqların səni hara apardığını deyəcək.

Dilin, dodaqların, gözlərin sənin üzünə dayanacaq. İnsan özündən hara qaça bilər, cinayət törətməyə, haram yeməyə, əxlaqsızlığa yer qoyulmayıb burda. Xüsusilə indi.

Dinimiz tədris olunur. Məscidlər, ziyarətgahlar fəaliyyət göstərir. Müstəqil Azərbaycan Respublikasının qanunları da riyakarlığı, haram yeməyi, oğurluğu, əxlaqsızlığı qadağan edir.

Bəzi hallarda biz haqqı sübut etməkdə, qorumaqda çətinlik çəkirik. Bəs necə olur ki, bunlar dinimizin və dövlətimizin qanunları ilə qadağan olunduğu halda yaşaya bilir, kökü kəsilmir.

Sovet dövrünün məşhur bir lətifəsi vardı. Ağdaş o zaman pambıq rayonu idi. Biri qonşusunu dolaşdırmaq istəyir. Heç bir fakt tapa bilmir, yazır ki, Əhməd arxasını pambıq tarlasına çevirib oturmuşdu.

O, kolxozun və pambığın əleyhinədir. Lətifədi, amma gülməli deyil, ağlamalı lətifədir.

Deyirdim nə yaxşı belə şeylər qaldı keçən əsrdə. Sən demə yox. Elə lap bu yaxınlarda, sentyabrın ilk günlərində mənim canım kimi sevdiyim Ağdaşdan mənə zəng etdilər.

Rayonda bir qohumum var. Politexnik İnstitutunun avtomobil nəqliyyatı fakültəsini bitirib.

Rayonda münasib iş yeri yoxdur. Bir köhnə “Jiquli” ilə ora-bura qaçıb üç məktəbli uşağını dolandırır. Onu yol polisi saxlayıb.

–Maşınının tüstüsü var. Aparatla ölçüm. Ekologiya ilə əlaqədar tədbir keçiririk.

–Maşının matoru yaxşıdı.

–Yaxşı, on beş manat ver, get.

–Elə mən də pul üçün çıxmışam da. On beş manatım olsaydı burda nə İşim vardı.

–Ölçdüm. Tüstüsü artıqdı.

–Bəlkə benzindəndi.

–On beş manatını gəl, görüm!

–Yoxdu.

–Sən deyirsən dövlətin benzini xarabdı.

–Yox, elə demirəm. Deyirəm bəlkə.

–Nə bəlkə ə...Sən dövlətə söyürsən?

–A qardaş, sən nə danışırsan, mən dövlət sözü işlətdim?

–Ə bizim neftimiz, benzinimiz dünyada şöhrət tapıb, sən deyirsən xarabdı. Gəl səni polis şöbəsinə aparıram.

–Mən neyləmişəm axı.

–Dövləti söyürsən. İki şahidim də var.

–Burda şahid nə gəzir.

–Üzünə duranda görərsən.

Xülasə, kişini aparırlar polis şöbəsinə. Üç manatlıq şahidlər də tapılıb. Dedilər gör neyləyirsən, bilmək olmaz hələ üstünə daha nələr yazacaqlar. Zəng edib bir-iki yoldaşdan xahiş etdim.

Hörmətli yoldaşlar tapşırandan sonra buraxıblar. Məni dəhşətə gətirən başqa şeydi. Buna öz rəhbərliyi tapşırandan sonra kişini məcbur edib borc aldırtdırıb ondan iyirmi manat alıb.

İnanıram ki, o yol polisinin iyirmi manata ehtiyacı yoxdu. Burda hökmdar onun xəstə şüurunun şikəst məntiqi olub. “Mən prinsip adamıyam. On beş dedim, tapşırdılar iyirmi aldım, gələn dəfə dediyimi həmin an ver”.

İndi dediyini elədin. Ömür uzun şeydi. Bir zaman təqaüdə çıxıb bu insanlarla domino yoldaşı olacaqsan. O vaxtacan bu məsləklə şəhərin yarısını özünə düşmən edəcəksən axı.

Ağdaş kiçik bir şəhərdi yaxşı araşdırsan hamı bir-birinə qohum çıxar.

Toyda-yasda yanaşı oturanda bu adamların üzünə necə baxacaqsan? Aidiyyəti orqanlar bu polisi axtarıb cəzalandırmasın. Xahiş edirəm, siz ona toxunmayın.

Onu öz vicdanı ilə üz-üzə qoyaq. Bir də Ağdaşlıların və öz ailəsinin qınağına tapşıraq.

İnzibati yola əl atılanda insan özünü müdafiə üçün bəhanələr tapacaq, uyduracaq. Qoy Allah qarşısında əlinin, ayağının, ağlının suallarına cavab versin.

Yamanlıq əvəzinə hər biriniz bir-birinizə kiçicik bir yaxşılıq eləsəniz bundan daha yaxşı dolanarsınız. Bir-birinizin adını hörmətlə, məhəbbətlə çəkərsiniz.

Ağlınızla, ürəyinizlə bir qərar verəndə o qərarı bir neçə dəfə yoxlayın, baxın bu sağlam ağlın çıxardığı məntiqdir? Bu məntiqin zədəli, şikəst tərəfi yoxdur ki...

Mənim əzizlərim, qardaşlarım, övladlarım siz hər biriniz Allahın möcüzəsisiniz. Hər biriniz nadir nüsxəsiniz.

Bir də sizi heç kəs heç zaman olduğunuz kimi təkrar etməyəcək. Qədrinizi bilin. Allahdan sağlam ağıl istəyin. Allahdan məhəbbət istəyin özünüzə, ətrafınızdakılara, insanlara.

"525-ci qəzet"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG