Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:37

Namizədin təbliğata nə qədər pulu olmalıdır?



SEÇKİYƏ GÜNƏ 300 MANAT XƏRCLƏYİR


123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd İmamverdi Cəfərov seçki ilə bağlı gündəlik xərclərin 300 manatı üstələdiyini deyir. Bildirir ki, qanun tələb etdiyi kimi bankda özünün seçki fondu üçün hesab açıb. Amma hələlik bu hesaba özündən başqa pul verən yoxdur.

İ.Cəfərov Ermənistanın Kəlbəcəri işğal etməsi ilə onun da seçki xərclərinin artdığını bildirir:

- İmzatoplama kampaniyası üçün Kəlbəcər əhalisinin məskunlaşdığı ərazilərdə oluram. Hərə bir tərəfdə məskunlaşıb. İndi Gəncə ətrafındayam, sabah Şamaxıya yola düşürük.

Seçki komandamın saxlanması üçün gündəlik xərclərdən başqa, çox zaman gözləmədiyim xərclər də meydana çıxır.
... vaxtı bitmiş şəxsiyyət vəsiqələrini təzələmək üçün şəkillərin çəkilməsindən, dövlət rüsumuna, nəqliyyat xərclərinə qədər hər şeyin pulunu ödəməli oldum.


“CAMMATIN ŞƏXSİYYƏT VƏSİQƏSİ XƏRCLƏRİNİ ÇƏKMƏLİ OLDUM”

Məsələn, Dünən Gəncədə məcburi köçkünlərin yerləşdiyi yataqxanada imza toplayarkən bəlli oldu ki, 100 nəfərdən yalnız 12-sinin şəxsiyyət vəsiqəsi var. Qalanların vəsiqələrinin müddəti bitib. Onları yeniləmək üçün də pulları yoxdur. Ona görə vəsiqələri təzələmək üçün şəkillərin çəkilməsindən, vəsiqələr üçün dövlət rüsumunun ödənilməsinə, onların bu iş üçün nəqliyyat xərclərinə qədər bütün hər şeyin pulunu ödəməli oldum.

SEÇKİ MƏCLLƏSİNİN PUL TƏLƏBLƏRİ

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev:

Seçki Məcəlləsinə görə, bu şəxslər və subyektlər namizədə seçki üçün pul verə bilməzlər:
- dövlət qulluğunda olanlar,
- hərbçilər,
- vətəndaşlığı olmayanlar,
- xarici ölkə vətəndaşları və xarici hüquqi şəxslər,
- nizamnamə kapitalında yuxarıda adını çəkilən subyektlərin iştirakı 30 faizdən sox olan hüquqi şəxslər,
- beynəlxalq qurumlar və beynəlxalq ictimai hərəkatlar, hərbi, dini birliklər, xeyriyyə müəssisələri

Namizədin seçki fonduna pul verənlərin anonim qalmasına yol verilmir.

- Seçki dönəmində namizədlərin xərclədikləri pulların miqdarına MSK-nın Maliyyə-Təftiş Qrupu nəzarət edir, namizəd imza vərəqələri alandan az sonra özünün seçki fondu üçün bankda hesab açmalıdır.
- Seçki prosesində namizədlər üç dəfə maliyyə hesabatı verməlidirlər: imza vərəqələri təhfil verəndə, təbliğat prosesində və seçki başa çatdıqdan sonra.
- Maliyyə hesabatlarını həm Dairə Seçki Komissiyası, həm də MSK-nın Maliyyə-Təftiş Qrupu yoxlayır, ciddi pozuntular namizədliyin ləğvinə qədər cəzalandırıla bilər.



BLOKLAR TƏBLİĞAT PULUNU HARDAN ALIR?



«AXCP-Musavat» Seçki Blokundan Milli Məclis üzvlüyünə namizəd, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, təmsil olunduğu blokun seçki fondu qanunvericiliyə uyğun formalaşdırılıb. Qanunvericilik siyasi birliklərin öz hesablarındakı vəsaiti seçki dönəmində istifadə etməsinə də imkan verir. Bundan başqa fonda fiziki şəxslər də imkankarı çatdığı qədər vəsait köçürür.

Qubad İbadoğlu onu da bildirir ki, hakimiyyətə yaxın namizədlərin maliyyə imkanları müxalifət düşərgəsinin təmsilçilərinə baxanda müqayisəolunmaz dərəcədə böyükdür. Çünki Azərbaycanda dövlət vəsaitləri hakim siyasi qüvvənin xeyrinə istifadə olunur:

- Azərbaycanda bu, birbaşa, ya da dolayısı ilə olsa da mütləq var. Çünki maliyyə sərəncamları vermək hüququ birbaşa icra hakimiyyətinin əlindədir. Vəsaitlərin xərclənməsinə ictimai nəzarət isə yoxdur. Bundan başqa, hökumətin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımlarının məhz seçki dönəmlərində baş verməsini də dövlət vəsaitlərinin hakim siyasi qüvvənin xeyrinə xərclənməsi kimi dəyərləndirmək olar. Ancaq bunu həm də normal qəbul etmək gərəkdir. Çünki hər bir hakimiyyət sərəncam verdiyi vəsaitlərin hesabına həm də siyasi divident qazanmaq istəyir.

Q. Ibadoğlu deyir ki, Azərbaycan kimi şəffaf olmayan ölkələrdə bu məsələyə nəzarət etmək xeyli çətindir. Dövlət vəsaitlərinin seçkilərdə hakimiyyətin xeyrinə istifadə edilməməsi uzun illər formalaşan demokratik ənələri olan ölkələrdə mümkündür. Çünki bu ölkələrdə böyük dövlət vəsaitləri üzrə sərəncam hüququ parlamentlərdə olur. Parlamentlər isə azad və ədalətli seçkilər əsasında formalaşdırılır. Azərbaycanda isə hələ ki, dövlət vəsaitlərinin idarə olunmasında icra hakimiyyətinin mütləq üstünlüyü var.

FONDDAN YOX, CİBDƏN NƏĞD XƏRCLƏYİRLƏR?


Hüquqşünas Hafiz Həsənov bildirir ki, müxalifətdən olan və müstəqil namizədlərin öz seçki fondlarını formalaşdırması daha çətindir:

- Azərbaycanda azad sahibkarlıq mühitinin olmaması, eyni zamanda siyasi ayrıseçkiliyin addımbaşı hiss edilməsi situasiyanı çətinləşdirir. İndiki reallıqda hətta simpatiyası olsa belə, heç bir iş adamı müxalifətin, ya da müstəqil namizədin seçki fonduna pul verməz. Çünki bunun ardınca həmin iş adamının biznes həyatında ciddi problemlər yarana bilər. Bu səbəbdən də hakmiyyətin birbaşa dəstək verdiyi namizədlərlə müxalifətçi namizədlərin maliyyə imkanları arasında xeyli fərq var.

Hafiz Həsənov düşünür ki, seçki fondunun son həddi kimi nəzərdə tutulan 500 min manatı yalnız kommersant namizədlər toplaya bilər. Çünki onlar hesabatlarında bu məbləği öz şəxsi imkanları hesabına formalaşdırdıqlarını göstərə bilərlər.

Ekspert onu da bildirir ki, qanunvercilikdəki qadağalar əslində seçkinin maliyyələşdirilməsində şəffaflıqla bağlı ciddi problemlər yaradır. Namizədlər seçki xərclərini qeyri-leqal həyata keçirir, hesabatlarda göstərilən məbləğlərdən qat-qat çox pul xərcləyirlər, hasablaşmalar Xüsusi Seçki Fondundan deyil, birbaşa nəğd yolla aparılmır. Halbuki bütün xərclər həmin Fonddan ödənilməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG