Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:03

Naxçıvanda müxalif olmağın çətinlikləri...


Naxçıvan müxalifəti
Naxçıvan müxalifəti
Müsavat Partiyasının Şahbuz rayon təşkilatının sədri Məmmədqulu Əliyev deyir ki, siyasi baxışlarına görə, hər gün müxtəlif formalarda təzyiqlərə məruz qalır. Onun sözlərinə görə, parlament seçkiləri yaxınlaşdıqca ona təzyiqlər daha da artır:

ODLA SU ARASINDA...


“Keçən seçkilərdə mən iştirak etdim, namizədliyimi verdim. Beş ildir ki, mənə təzyiqlər edilir. Hətta mənə imza verən adamlara hədə-qorxu gəldilər, onları qorxuzdular, təqib etdilər, bəzilərini işdən çıxardılar. İndi də elə bir mühit yaradıblar ki, namizədliyimi vermək istədiyim bir vəziyyətdə qalmışam odla suyun arasında. Şahbuz rayon İcra Hakimiyyəti uşaqlarıma iş verməməklə mənə təzyiq edir”.

Üç oğul atası olan Məmmədqulu Əliyev deyir ki, övladları ali təhsilli olsa da onlara heç bir yerdə iş vermirlər. Onun iddiasına görə, buna yerli İcra Hakimiyyəti mane olur.

MÜXALİFƏTÇİ OVLADI OLMAĞIN ÇƏTİNLİKLƏRİ...

Məmmədqulu Əliyev: “Addım-addım məni güdürlər, evimi güdürlər ki, söhbət etdiyim adamları sonradan təqib edə bilsinlər, dərhal nəzarətə götürüb, xof gəlsinlər. Əsas övladlarımın vəziyyətinə acıyıram. Mənim bir oğlum Naxçıvan Dövlət Universitetinin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Uzun süründürməçilikdən sonra Təhsil Şöbəsinin göndərişinə əsasən ən ucqar dağ kəndi olan Ağabulaq kəndinə göndərilib. İndi mənim uşağım gedib ora çıxıbdır. Orada ona 12 saatdan çox dərs vermirlər. O biri oğlum didərgin düşüb, gedib Türkiyəyə, bir oğlum da hara müraciət etsə də yenə də işdən məhrumdur”.

Şahbuz rayon Təhsil Şöbəsinin rəisi Xanverdi Qurbanov isə deyir ki, savadlı müəllimlər hər zaman diqqət mərkəzindədir. Üstəlik, o, Təhsil Şöbəsindən ilk dəfə şikayət eşitdiyindən təəccübləndiyini bildirir:

“Nə etmişik biz ona? Oğluna görə müraciət edib mənə. Tədris proqramında mövcud olan dərslə təmin etmişik. Təhsil yarmarkasında iştirak edib. Biologiya müəllimidir. 12 saat kimya dərsi, 6 saat da biologiya dərsi vermişəm. Məmmədqulu müəllimin özü də orta məktəbdə istənilən səviyyədə dərs deyir. Bəs problemi var mənə niyə müraciət etmir? Qeyri-adi bir problem yoxdur. Heç mən onun hansı partiyanın üzvü olduğunu da bilmirəm”.

ƏQİDƏMİZ FƏRQLİ OLSA DA...

Şahbuz rayon İcra Hakimiyyətinin şöbə müdiri İmran Məmişov isə deyir ki, Məmmədqulu Əliyevin ona təzyiq edilməsi ilə bağlı söylədiklərinin heç bir əsası yoxdur:

“Əqidəmiz başqa olsa da, hər şeydən əvvəl azərbaycanlıyıq. Məmmədqulu elə yalan danışır ki, ağ yalan...Şahbuzda yaradılan şərait, demokratik dəyərlərə hörmət bəsləmək bəlkə də heç bir yerdə yoxdur. Bundan sən nə deyinirsən? Sadəcə olaraq, bütün söylənənlər böhtandır, şərdir”.

İmran Məmişov müxalifət partiyalarını seçkiqabağı gündəmə gəlmək üçün böhtan atmaqda qınadı.

QHT-LƏR DƏ TƏZYİQLƏR MÜŞAHİDƏ EDİR

Anar Məmmədli
Ölkədə seçkiqabağı vəziyyətlə bağlı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi araşdırma aparır. Mərkəzin sədri Anar Məmmədli deyir ki, xüsusilə namizədlərin irəli sürülməsi, imza toplama və qeydiyyata alınma dövründə müxtəlif formalarda təzyiq halları qeydə alınır:

“Namizədlərin imza toplama dövründə müxtəlif pozuntu halları qeydə alınır. Məsələn, bəzən lazımsız sənədlər tələb olunur, bəzən yerli icra hakimiyyəti səviyyəsində həm namizədlərin özlərinə, həm də imza toplanması kampaniyasında iştirak edənlərə təzyiqlər edilir. Hazırda bu proses hələ başa çatmadığından araşdırmalarımız davam edir. Amma bəzən namizədlər onlara təzyiq olunmasını təkzib edirlər, öz hüquqlarını sona kimi bərpa etmirlər. Yaxşı olar ki, hər bir namizəd qarşılaşdığı pozuntularla bağlı vaxtında müvafiq qurumlara müraciət etsinlər. Bu halda həm yerli, həm də beynəlxalq ictimaiyyətin nəzarəti altında onların problemi həll oluna bilər”.

Anar Məmmədli vurğulayır ki, Seçki Məcəlləsinə uyğun olaraq, hər bir namizədin özü, ailəsi və ya yaxınları müxtəlif formalarda təzyiqlərə məruz qalırsa, bununla bağlı yerli DSK-ya, MSK-ya və hüquq-mühafizə orqanlarına müraciət etmək haqqı var. Əgər ölkə daxilində şikayətlər obyektiv araşdırılmasa lap Avropa Məhkəməsinə qədər də gedib çıxmaq olar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG