Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Sultan Mərzili "Həyat"














ÖLÜ GÖYLƏR

Bu Göylər nə göydü belə,
qıp-qırmızı qızarıb,
Rəngi-ruhu bozarıb,
yeddisi birdən əsir,
ərş deyil, fərş imiş,
Ayaqlarımın altına
döşənməyə tələsir!

Allahım, mən neylədim,
onlara nə söylədim?!
Xoşbəxt idi bu Göylər,
gəzirdi, fırlanırdı,
ulduzları yanırdı,
gözəl çil-çıraq idi,
hər dərddən iraq idi.
Qəfil uçdu, dağıldı!

Mən onlardan başıma,
nə gül, nə dəfnə budağı,
nə kişilik papağı,
nə ağıl istəmədim!

Vur-tut, tut-vur,
Qara geymiş Qarabağımdan,
sağamsa özümə, ölmüşəmsə gözümə,
bircə ovuc, bir xısma,
Torpaq,
ya kül istədim!?

Qaraldı göylər, soldu göylər,
Göm-göy göyərdi
göylər!.
Dedilər, nə torpaq var,
Nə də ki, kül qalıbdı.

Sovrulubdur ocağın,
Didərgin el qalıbdı.
Xarabalar üstündə,
qurd kimi, bəyquş kimi,
ulayan yel qalıbdı!
Satılıb, sovrulub, dəyirmanların,
külü də gil olub,
ayılar, çaqqallar və tülkü bəylər
özünə
saray tikib, heykəl qurub!

Başımı göylərə çırpdım,
Tanrıma üsyan elədim!
Üzüm-gözüm qana batdı,
qana qana qan elədim!
Damla-damla göz yaşıma,
burun qanıma,
gərək oldu göylər!

Güzgütək düşdü yerə, çilik-çilk,
qırıldı,
Öldü göylər!

25.08


AZƏRBAYCAN

El bilir ki, sən mənimsən
S.Vurğun

El bilmir ki, sən mənimsən,
Yurd-yuvamsan, məskənimsən,
Bağ-bostanım, çəmənimsən,
Ey vətənim, sən kiminsən?!

Ayının, atın, eşşəyin,
Tülkünün, itin, pişiyin,
İlanın, siçanın, əqrəbin,
Oküzünsən, dəvəninsən!?...

Ey Ürəyi böyük xalqım,
Böyüklüyü bir yük xalqım!
Bu boyda Ürək olarmı,
Bunun bir faydası varmı?!

Gəldin hara, çıxdın hara,
Qəlbin olmuş Karvansara!
İt də gəlir, qurd da gəlir,
Boğuşan burda dincəlir!
Çalıb-çapır, basır yeyir.
Sən yazığa avam deyir.

Hanı səndə, qeyrət qürur,
Ayı, donuz, təpik vurur,
Daraşır, səni bölüşür.
Dağıdır, baxır gülüşür.
Nə hürkü, nə qorxu yoxdu,
Oğrular doğrudan çoxdu.

Necə bölhaböl düşübdü,
Düşmənlərin gülüşübdü.
Axta yabı, qoca qatır,
Eşəklə bir torpaq satır.

Yeyildi, saman qalmadı,
Dağıldı bostan qalmadı,
Çəpər uçdu, təpər uçdu,
Bir ovuc güman qalmadı,
Sən hələ çox arxayınsan!

Bir gün, bir zaman ayılsan,
Görərsən, iman qalmadı,
Cəsəd itdi, can qalmadı.
O vaxtın bir faydası yox,
Dur tələs,
Zaman qalmadı!!!


HƏYAT

Həyat belədir, qardaş,
Oturub fikirləşəndə,
Kiminin başına alma düşür,
Kiminkinə qara daş.

Nəticə çıxarırsan,
əlli qram, yüz qram,
ya da ton-ton,
Kimi Həcci olur,
kimi də Hyuton!

10.09.2010


GÖZƏL

Uçar bülbül olar, quşların gözəl,
Nazın, işvələrin, işlərin gözəl,
Dartılar, çatılar, qaşların gözəl,
Qaşaların altından sevərəm səni.

Gözümdə zirvətək hamıdan başsan,
Saçları ipəksən, ürəyi daşsan,
Ürəyimdə sevgi, gözümdə yaşsan,
Yaşların altından sevərəm səni.

Başıma qar yağıb başım ağarsa,
Üzü qara gündən yaşım ağarsa,
Lap bir gün baş üstə daşım ağarsa,
Daşların aitından sevərəm səni.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG