Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:45

Əkrəm Əylisli Heydər Əliyevə məktubunda nə istəmişdi?


"Bizim yol" qəzeti xalq yazıçısı Əkrəm Əylislinin keçmiş prezident Heydər Əliyevə yazdığı məktubun mətnini dərc edib. Yazıçı məktubun mətnini qəzetin redaksiyasına göndərib.


Hörmətli redaksiya!


Qarşıdakı parlament seçkiləri yaxınlaşdıqca məndən müsahibə götürmək niyyətində olan media mənsublarının sayı durmadan artır.

Mən bunu tamamilə təbii sayıram və jurnalistlərə (o cümlədən, «Bizim Yol»un əməkdaşı dostum Natiq Cavadlıya) müsahibə verməkdən yayındığıim bütün məqamlarda bol-bol vicdan əzabı çəkdiyimi səmimiyyətlə etiraf edirəm.

Bununla belə, çoxdan və qəti əminəm ki, müxtəlif jurnalistlərin təxminən eyni məzmunlu suallarını hər dəfə yenidən cavablandırmaq həqiqi yazıçı sözünü dəyərdən və təsirdən salır.

Jurnalistin əlində tutduğu diktofon qanadlı yazıçı sözünün uğurlu uçuşuna həmişə eyni dərəcədə etibarlı təminat vermir.

Yazıçı – öz barmaqları arasındakı qələmlə birgə – daha sərbəst, daha dürüst düşünə bilir.

Əsas mətləbə keçirəm: hələ 2000-ci ilin parlament seçkilərindən dərhal sonra mən Azərbaycan Respublikasının o zamankı prezidenti mərhum Heydər Əliyevə məktubla müraciət edib, məni dərindən düşündürən bir sıra məsələləri dövlət başçısının nəzərinə çatdırmağı özümə borc bilmişdim.

İndi o zamandan 10 il keçir.

Və mən, əlbəttə, çox istərdim ki, o vaxt məni o məktubu yazmağa vadar edən məsələlərin heç olmasa bir qismi öz həllini tapmış olaydı. Ancaq, təəssüf ki, belə olmadı: məktubda gösətrilən ağır və ağrılı problemlərin heç biri ötüb keçən dövr ərzində öz acı aktuallığını az da olsa itirmədi.

İndi – məmləkətimizin hakim ideoloji başbilənlərini bu məsələlər ətrafında düşünməyə bir daha dəvət etmək məqsədilə- həmin məktubu qəzet səhifəsində yayımlamağı lazım bilir və ilk dəfə mətbuat işığına çıxardığım bu məktubla məndən müsahibə almağa tələsən jurnalistlərin bir çox suallarını əvvəlcədən cavablandırmış olduğuma inanmaq istəyirəm.


«Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev cənablarına

Hörmətli cənab prezident!

Heç bir siyasi qurumla praktik ünsiyyətdə olmasam da, hakimiyyətin Azərbaycan müxalifətinə qarşı başladığı yeni – geniş miqyaslı siyasi kampaniyanı məmləkətimizin və millətimizin gələcək taleyi üçün real təhlükə hesab etdiyimi nəzərinizə çatdırmağı özümə borc bilirəm.

Dövlət siyasəti səviyyəsində həyata keçirilən və total hücum xarakteri daşıyan bu kampaniyanın məqsəd və məramına dərin şübhə ilə yanaşdığımı böyük təəssüf hissi ilə Sizə məlum edirəm.

Və ürək ağrısıyla qeyd edirəm ki, hakim ideologiyaya xidmət edən Dövlət televiziyası – Sovet dövründən qalma təbliğat maşınını yenidən və var gücü ilə işə salmaqla – millətimizi SİFƏTSİZLƏŞDİRMƏK qədərində çirkin və xatalı bir əməli bu gün də cani-dildən həyata keçirməkdədir.

İdeoloji revanşizmin və siyasi despotizmin xalqların başına gətirdiyi müsibətlərin tarixi xronologiyası hələ yaddaşlardan silinməyib, cənab prezident!..

Qoca tarix şahiddir ki, müəyyən ictimai situasiyalarda xalqlar öz sifətini dəyişə də, gizlədə də bilir.

Ancaq heç bir xalq öz sifətini heç vaxt itirmir.Və əgər belə olmasaydı, dünyanın heç bir xalqı tarixdə öz adı ilə qala bilməzdi!..

Sovet hakimiyyəti xalqların təbii varlığını 70 il maska dalında saxladı və bu maska yırtılan kimi az qala hər maskanın dalından, millət yerinə, bir sürü canavar peyda oldu.

Xalqımızın bu aqibətə bir də düçar olmaması xatirinə hakimiyyətə xidmət edən kütləvi informasiya vasitələrinin səmimiliyinə indi çox böyük ehtiyac var, cənab prezident!..

Çıxışlarınızın birində, bir vaxt özünüzün də qeyd etdiyiniz kimi, mən Sovet hakimiyyəti dövründə ciddi təqib olunan yazıçılardanam.

Biz –təqib olunanlar – o zaman, söz yox ki, Sovet hökumətini yıxmaq niyyətində deyildik.

Bizim bütün mübarizəmiz ideoloji zorakılığa və total demoqoji revanşizmə qarşı idi. İndi, həmin siyasi ovqatın ölkəmizdə mahiyyətcə davam etdirildiyi bir dövrdə öz mövqeyimi gizlətmək mənə Millət və Zaman qarşısında, əlbəttə, baş ucalığı gətirməzdi.

Səmimiyyətlə etiraf edirəm ki, Sizin nadir siyasi fəhminizə və fitri təşkilatçılıq istedadınıza mən həmişə inanmışam. Sizi haqlı saydığım bütün məqamlarda cəsarətlə tərəfinizi saxlamışam.

Bununla belə, aparıcı ideologiyası cəmiyyətə yox, şəxsiyyətə xidmət edən bir məmləkətin sivil məmləkət olduğuna dərin şübhə ilə yanaşdığımı da heç vaxt heç kəsdən gizlətməmişəm.

Və mövcud hakimiyyətin mənə göstərdiyi münasibətin büsbütün qeyri-səmimi olmasının səbəbini də yalnız bunda görürəm.

Siz məni, cənab prezident, çoxdan və yaxşı tanıyırsınız.

Bilirsiniz ki, hakimiyyətdə özümə yer tutmağa heç vaxt can atmamışam, indi də müxalifətdə deyiləm və müxalifətçi partiya liderlərinin həyata keçirdiyi bir sıra siyasi aksiyaların, xüsusilə mitinq ovqatının məmləkətimizdə yenidən pərvəriş tapmasının ardıcıl əleyhdarlarındanam.

Onu da bilirsiniz ki, ölkəmizdə ictimai itaətsizlik mühiti yaratmağa cəhd göstərən anarxist və ekstremist meyllərə qarşı öz mövqeyimi bildirməkdən də heç vaxt çəkinməmişəm.

Lakin mövcud hakimiyyətə etimad göstərməyən bütün siyasi qüvvələrə ucdantutma «yırtıcı», «dağıdıcı» damğası vurmaqla ölkənin gələcək sabitliyinə təminat yaradıldığına cəmiyyəti inandırmaq indi mümkün deyil, cənab prezident, əsla mümkün deyil!

Üstəlik, buradan belə bir absurd nəticə hasil olur ki, bu ölkənin müxalifəti də ya durmadan iqtidarın siyasətinə xidmət etməli, ya da öz fəaliyyətinə tezliklə xitam verib, üsulluca siyasət meydanından çəkilməlidir. Başqa sözlə – ölkənin real müxalifəti formal müxalifətə çevrilməlidir.

Axı müxalifətin formal yox, məhz normal müxalifət olması xalqımızın həqiqətən azad xalq, ölkəmizin həqiqətən demokratik ölkə olduğuna dünyanı inandıra biləcək amillərin ən başlıcasıdır.

Bu amillərin nəzərə alınmadığı təqdirdə Sizin – böyük çaxnaşmalardan sonra – ölkədə yaratdığınız indiki ictimai sabitliyin gələcəkdə də etibarlı və davamlı olacağına çox çətin ki, kimsə inana bilsin.

Mən, cənab prezident, ölkəmizin gələcək stabilliyinin yeganə real yolunu cəmiyyətin bütün təbəqələrini təmsil edən siyasi qüvvələrin sağlam birliyinə nail olmaqda görürəm.

Və indiki kəskin siyasi mübarizələr dövründə dövlət ideologiyasının ədalətli, təmkinli və səmimi olmasının böyük ictimai əhəmiyyət kəsb etdiyini – heç bir siyasi məqsəd güdmədən – səmimiyyətlə nəzərinizə çatdırıram.

Sizə uzun ömür və möhkəm cansağlığı arzulayan:

Əkrəm Əylisli
Əylis kəndi, 23 noyabr 2000-ci il».


(Qeyd: Məktubu 1 dekabr 2000-ci il tarixdə Prezident Aparatının sənəd qəbulu məntəqəsinə təhvil vermiş və Ölkə Başçısına belə bir məktubla müraciət etdiyimi 2000-2001-ci illərdəki mətbu çıxışlarımda bir neçə dəfə nəzərə çatdırmışam).

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG