Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:01

AGRI «Nabucco»ya alternativdir?


Natiq Cəfərli
Natiq Cəfərli
«AGRİ layihəsinin həyata keçirilməsinin əsas səbəbi Azərbaycanın Rusiyadan çəkinməsidir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, Rusiya daim «Nabucco» layihəsinə qarşı olub. Rəsmi Moskva bu layihə vasitəsi ilə Azərbaycan qazının Avropa ölkələrinə ixracına qısqanclıqla yanaşıb:

BU, RUSİYANI QICIQLANDIRMIR


«Amma Azərbaycanın öz qazını belə kiçik həcmlərlə Avropaya çıxarması Rusiyanı qıcıqlandırmır. Rusiyanın bu projeyə göz yummasının əsas səbəbi odur ki, «Nabucco» layihəsini sabotaj etməklə, bu layihədən Azərbaycanı çəkməklə Bakının belə xırda layihələrlə Avropaya qaz satmasına heç bir etirazı yoxdur».

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov isə həmkarının dedikləri ilə razılaşmır. O bildirir ki, bu layihənin ərsəyə gəlməsi Azərbaycanın gələcəkdə «Nabucco»ya qoşulması üçün əngəl yaratmayacaq:

AZƏRBAYCANIN HƏM AGRİ, HƏM DƏ «NABUCCO»YA QAZ VERMƏK İMKANLARI OLACAQ

«Mən birmənalı şəkildə AGRİ-nin «Nabucco»ya alternativ olması fikri ilə razılaşmıram. Çünki AGRİ «Nabucco»ya alternativ deyil. Eyni zamanda AGRİ-yə qoşulmaq gələcəkdə Azərbaycanın «Nabucco»ya qoşulmaq imkanlarını məhdudlaşdırmayacaq. Nəzərə alsaq ki, rəsmi proqnozlara görə, Azərbaycanın 2020-ci ilədək qaz ixracatı 55 milyard kubmetrə qədər artacaq. Eyni zamanda 2009-cu ildə Azərbaycan 28 milyard kubmetr mavi qaz hasil edib. Praktiki olaraq Azərbaycanın həm AGRİ, həm də «Nabucco»ya mavi qaz vermək imkanları olacaq».

Vüqar Bayramov
Vüqar Bayramov deyir ki, bu layihə yalnız qazın kəmər vasitəsi ilə ötürülməsini nəzərdə tutmur. Çünki Azərbaycan qazı Gürcüstanın Qara dəniz sahillərinə kəmər vasitəsi ilə ötürüləcək. Daha sonra isə orada yaradılacaq zavodda həmin qaz sıxılacaq. Sıxılandan sonra isə tankerlər vasitəsi ilə Qara dəniz vasitəsi ilə Rumıniyaya aparılacaq. Rumıniyada qurulacaq zavodda sıxılmış mavi qaz adi qaz halına salınacaq.

Bu layihədə yeni texnologiyadan, yəni sıxılmış qaz təcrübəsindən istifadə edilməsini isə iqtisadçı-ekspert onunla izah edir ki, Türkiyənin tranzit xərclərinin yüksək olması yeni alternativ yollar axtarmaq zərurəti yaradır. Qaz kəmərinin Rusiyadan keçməsinə isə Avropa narazıdır.

LAYİHƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİKDİR

Politoloq Rövşən İbrahimov isə bu səbəbdən layihənin strateji əhəmiyyətə malik olduğunu söyləyib:

«Türkiyə Azərbaycan qazını sərhəddə alıb Avropa ölkələrinə ixrac etməyə çalışırdı. Hətta bəzən qiymət 3-4 dəfə fərq edirdi. Bu cəhətdən Azərbaycan Türkiyəni Rusiyaya alternativ gördüyü halda, Türkiyəyə də bir alternativ yol axtarmaq zərurəti doğmuşdu. Azərbaycan-Gürcüstan-Rumıniya kəmərinin tikilməsi bir strateji əhəmiyyət daşıyır».

XS
SM
MD
LG