Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

«Demokratiyanı ixrac etmək olmaz»


Ceremi Kinsman
1939-cu ildə «London Times» qəzeti britaniyalı yazıçı Herbert Corc Uellsdən soruşanda ki, «biz nə uğrunda mübarizə aparırıq?», yazıçı Britaniya ilə yanaşı, cavabında «insan haqları»nı da təklif etmişdi.

Bir müddət sonra Franklin Ruzvelt də amerikalılara müttəfiqliyin səbəbini «dörd azadlıqla» izah etmişdi: dünyanın hər yerində söz və ifadə azadlığı, din azadlığı, ehtiyacdan azadlıq və qorxudan azadlıq.

Ancaq görünür, bu səbəblər artıq öz təsir gücünü itirir. Keçmiş kanadalı səfir Ceremi Kinsman «International Herald Tribune»a yazdığı məqalədə belə qeyd edir.

Kinsman yazır ki, «Pew» Araşdırma Mərkəzi ABŞ-da ictimaiyyətin demokratiyaya dəstəyinin xeyli azaldığını bildirib. «Freedom House» təşkilatı da dünyada demokratik məkanın daraldığını, 4 il ardıcıl olaraq «azadlıqların tənəzzül etdiyini» qeyd edib.

Qərb dövlətlərinin 1990-cı illərin əvvəlindəki gözləntiləri bu günlə səsləşmir:

«O zaman biz ruslara təzyiq göstərirdik ki, demokratiyamızı təqlid etsinlər və azad bazardan yararlansınlar. Keçmişdəki xaos ruslara tərəqqi bəxş etdi, amma bu, nizamsız proses idi. «Demokratiya» təlaşlı dəyişikliyin, iqtisadiyyatda tənəzzülün, dərin sosial bərabərsizlik və zorakılıq rəmzinə çevrilmişdi».

Boris Yeltsin 1991-ci il avqustun 20-də Hökumət Evinin qarşısında
Kinsmanın fikrincə, demokratik sistemin ixrac olunacağını düşünmək yanlışlıq idi. Çünki demokratiyanın vətəndaş cəmiyyətinə əsaslanan kökləri olmalıdır.

Məqalədə deyilir ki, qeyri-hökumət sektoru hazırda vətəndaş cəmiyyətlərinə demokratik idarəçiliyi qurmaqda yardım edir. Corc Sorosun bu yaxınlarda «Human Rights Watch» insan haqları təşkilatına 100 milyon dollar verməsi buna nümunədir. Ancaq başqa tərəfdən, QHT-lərin avtoritar rejimlər tərəfindən incidilməsi də artır.

Yazı müəllifinin fikrincə, vətəndaş cəmiyyətini müdaxilə etmədən dəstəkləmək beynəlxalq təşkilatların hüququdur və demokratik hökumətlər bu işdə onlara dəstəyi artırmalıdır:

«Demokratik dövlətlər öz xarici siyasətlərində qarşılıqlı maraqlarla dəyərləri birləşdirə bilərlər. Qeyri-demokratik dövlətlərlə ünsiyyətə vadar edən xudbinliyimizdir. Amma bu münasibətlərdən yaranan siyasi kapitaldan istifadə edib vətəndaş cəmiyyətini və təzyiqlərə məruz qalan hüquq müdafiəçilərini də qorumalıyıq...

Avtoritar rejimlər bilməlidir ki, biz Aun San Su Çji, Lyu Syaobo, Osvaldo Paya yaxud Ayman Nur kimi vicdan qəhrəmanlarını dəstəkləyirik və onlarla bölüşdüyümüz dəyərlər danışıqlar mövzusu ola bilməz».

/Tərcümə edəni Sevinc Hüseynzadə/

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG