Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:46

Qaz kəmərlərinin bütün yolları Avropaya aparır


Sentyabrın 15-də Bakıda «Xəzər Qaz İnfrastrukturu -2010» adlı beynəlxalq konfrans başlayıb
Sentyabrın 15-də Bakıda «Xəzər Qaz İnfrastrukturu -2010» adlı beynəlxalq konfrans başlayıb
«Proqnozlara görə yaxın 5-10 il ərzində Avropanın qaza olan tələbatı 100 milyard kubmetr artaraq 600 milyard kubmetrə çatacaq. Hazırda 200 milyard kubmetr qaz istehsal edən Avropanın özündə isə istehsal 100 milyard kubmetrədək azalacaq. Beləliklə də daha 200 milyard kubmetr qazın idxalına tələbat yaranacaq».

Sentyabrın 15-də Bakıda başlayan «Xəzər Qaz İnfrastrukturu -2010» (Gas Infrastructure World Caspian-2010) adlı beynəlxalq konfransda «Nabucco Konsorsiumu»nun prezidenti Reynhard Mitçek belə deyib.

Cənab Mitçek onu da bildirib ki, gələcəkdə Avropanın qaza olan tələbatının artması «Nabucco» layihəsini reallaşdıracaq.

Hələlik isə Avropa qaza olan 200 milyard kubmetrlik tələbatının yarısını maye, yarısını isə adi qaz şəklində almaq niyyətindədir.

TRANZİT ÖLKƏLƏRLƏ RAZILAŞDIRILMALI MƏSƏLƏLƏR ÇOXDUR

Avropa Komissiyasının Azərbaycandakı səfiri Roland Kobia isə deyib ki, Avropa Birliyinin əsas prioritetlərindən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu baxımdan birlik «Cənub» enerji dəhlizinin inkişafına dəstək verir. Onun sözlərinə görə, bu enerji dəhlizinin inkişafı layihəsi bir qədər səbr tələb edir. Çünki tranzit ölkələrlə razılaşdırılmalı məsələlər çoxdur:

«Əgər xəritəyə baxsaq elə görünə bilər ki, Xəzər dənizi Avropa bazarından çox uzaqdır. Amma konsentrik dairələr çəkdikdə isə başa düşürsən ki,
Roland Kobia
Xəzər dənizi Avropanın ən yaxın qaz mənbəyidir. Və istehsalçıdan alıcıya çatdırmaq üçün qazı tranzit dünyasına çıxarmaq lazımdır. Biz ümid edirik ki, bu oyuna daxil olan tranzit ölkələri Ukrayna sindromunu təkrarlamayacaqlar».

Roland Kobia əlavə edir: «Qədimdə belə bir deyim var idi, bütün yollar Romaya aparır. İndi də belə demək mümkündür, qaz kəmərləri ilə bağlı bütün yollar Avropaya aparır».

Kobia hesab edir ki, Azərbaycan «Cənub» enerji dəhlizinin əsas iştirakçısı olacaq. Amma inşa olunacaq yeni kəmərin əlavə qaza da ehtiyacı var. Hazırda əsas diqqət də məhz bu ehtiyacın təmin olunmasına yönəlib.

AZƏRBAYCAN ÖZ QAZININ AVROPAYA ÇATDIRILMASINDA MARAQLIDIR


ARDNŞ-in qaz ixracı departamentinin baş meneceri Kamal Abbasov isə bildirib ki, Azərbaycan öz qazının Avropaya çatdırılmasında maraqlıdır:

«Bu il Azərbaycanla Türkiyə qazın nəqli və tranziti ilə bağlı məsələləri razılaşdırıblar. Bu razılaşma «Cənub» enerji dəhlizinin inkişafına təkan verə bilər. Azərbaycan həmçinin «Nabucco» və Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihələrini də dəstəkləyir. Ölkə qazının Bolqarıstana nəqli ilə bağlı danışıqlar da davam etdirilir. Və bütün bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayacaq».

Kamal Abbasovun sözlərinə görə, hazırda Azərbaycan öz qazını 5 ölkəyə – Türkiyə, Gürcüstan, Yunanıstan, Rusiya və İrana nəql edir. Gələcəkdə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsi ilə nəql olunan qazın bir hissəsi Türkiyə üzərindən Suriyaya satılacaq. Bunun üçün müvafiq infrastrukturun qurulması nəzərdə tutulur.

Kamal Abbasov
Cənab Abbasov onu da bildirdi ki, hazırda ARDNŞ və tərəfdaşları «Şahdəniz»in ikinci fazası ilə bağlı potensial alıcılarla danışıqları davam etdirirlər. Bu ilin sonunadək danışıqların ilkin mərhələsinin başa çatacağı gözlənilir. Çünki qazın satışı ilə bağlı müqavilə 2011-ci ilin oktyabrında imzalanmalıdır.

Kamal Abbasovun dediyinə görə, Azərbaycanın ümumi qaz ehtiyatları 3,5 trilyon kubmetr həcmində proqnozlaşdırılır.

«ŞAHDƏNİZ»DƏ HASİL OLUNAN QAZIN HƏCMİ 9-12 MİLYARD KUBMETRƏ ÇATDIRILACAQ

Sənaye və Energetika Nazirliyinin neft-qaz şöbəsinin müdiri Eldar Şiriyev isə bildirdi ki, 2011-2012-ci illərdə «Şahdəniz»də hasil olunan qazın həcmi 9-12 milyard kubmetrə çatdırılacaq. Yataqdan çıxarılan qazın böyük hissəsi Bakı-Tbilisi-Ərzurum kəməri ilə Gürcüstan və Türkiyəyə nəql olunur:

«Azərbaycan qazının Avropa ölkələrinə geniş miqyasda nəqli hazırda tikilməkdə olan Türkiyə-Yunanıstan-İtaliyanı birləşdirəcək Transadriatik qaz kəməri layihəsinin başa çatdırılması və «Şahdəniz»in ikinci fazasında hasilatın başlanması ilə reallaşa bilər».

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan daha bir layihə isə bu günlərdə Bakıda imzalanıb. Layihə Azərbaycan qazının sıxılmış halda Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyaya nəqlini nəzərdə tutur. Bu layihədən Macarıstan və Moldovanın da yararlanması gözlənilir. Bütün bunlarla paralel olaraq «Nabucco» layihəsinin həyata keçirilməsi də müzakirə edilir.

BU KONFRANS AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATININ BİR NEÇƏ CƏHƏTDƏN HƏLLİNƏ YÖNƏLİB

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, iştirakçıların kimlər olmasının özü konfransın əhəmiyyətinin az olmadığını deməyə əsas verir.

Vüqar Bayramov
Onun sözlərinə görə, bu konfrans Avropanın enerji təhlükəsizliyinin təminatının bir neçə cəhətdən həllinə yönəlib.

Vüqar Bayramov deyir ki, konfransın qəbul edəcəyi qərarlar icraedici hüquqa malik olmasa da, müzakirələr Avropaya Rusiyadan kənar «Cənub» axınlarının reallaşması baxımından əhəmiyyətlidir.

Xəzər regionu qaz infrastrukturuna həsr olunmuş iki günlük konfransda Gürcüstanın və Qazaxıstanın müvafiq nazirliklərinin rəhbərləri və bir sıra xarici mütəxəssislər də iştirak edirlər.
XS
SM
MD
LG