Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 18:52

50-yə yaxın dindar həbs olunub?


Sentyabrın 11-i axşam saatlarında Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasının yaxınlığında 50-yə yaxın dindar saxlanaraq polis bölməsinə aparılıblar. Bu barədə AzadlıqRadiosuna hadisə yerində olan dindarlardan biri – Elvin Bəkirov məlumat verib. Onun dediyinə görə, həmin gün 60-a yaxın dindar Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasından azadlığa çıxan dostları Mövsüm Səmədovu qarşılamağa gediblərmiş:

«Dostumuz ötən həftə İsrail səfirliyi qarşısında piketə cəhd etdiyinə görə həbs olunmuşdu, dünən azadlığa çaxacaqdı deyə onu qarşılamağa getmişdik. Onunla birlikdə maşınlara minib təcridxanadan təzəcə aralanmışdıq ki, polis bizi saxladı. Əvvəlcə heç bir səbəb demədən aramızdan 2 nəfəri maşına mindirdilər, digərləri isə dostlarımızı tək qoymayıb maşınlara könüllü mindilər».

Elvin Bəkirovun dediyinə görə, hadisə zamanı heç bir qarşıdurma yaranmayıb, dindarlar müqavimət göstərməyiblər.

Onun dediyinə görə, hazırda əldə etdikləri məlumata görə, saxlanılanlardan təxminən 30 nəfəri Gəncə sakini, 10 nəfəri isə Yevlax sakini olduqlarına görə həmin rayonların polis bölmələrinə göndəriliblər, 8 nəfər isə Binəqədi rayonundakı 4, 6 və 7-ci polis bölmələrində saxlanırlar.

Saxlananlar polisə müqavimət göstərməkdə ittiham olunurlar.

Saxlanılanlardan ikisi – Orxan Hüseynov və Tural Həsənov isə jurnalistdirlər – «Fakt Xəbər» internet qəzetinin əməkdaşıdırlar. Onlardan biri – Orxan Hüseynovun sentyabrın 12-də Binəqədi rayon Məhkəməsində məhkəməsi keçirilib, 25 manat cərimə olunaraq azadlığa buraxılıb. Bu barədə AzadlıqRadiosuna Orxan Hüseynov özü məlumat verib:

«Biz dünən Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına azadlığa çıxan Mövsüm Səmədovla bağlı reportaj hazırlamaq üçün getmişdik. Bizi və 50-yə yaxın qarşılamaya gələn dostları heç bir səbəb olmadan həbs etdilər, sonra da polisə müqavimət maddəsilə ittiham etdilər».

Orxan Hüseynovun da dediyinə görə, həbs olunanlardan çoxu Gəncəyə və Yevlaxa aparılıblar. Bakıda, Binəqədi rayonunda saxlanan 10-a yaxın şəxsin isə bu saatlarda məhkəməsi gedir. Orxan Hüseynov ondan başqa bir nəfərin də cərimə edilərək artıq azadlığa buraxıldığını deyir.

Hadisəni adı çəkilən polis bölmələrində nə təsdiq, nə də inkar etdilər. Bu barədə yalnız Daxili İşlər Nazirliyindən məlumat ala biləcəyimizi bildirdilər. Daxili İşlər Nazirliyində isə iş günü olmadığından suallarımıza cavab verəcək bir kimsə tapılmadı.
XS
SM
MD
LG