Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:15

«Ölkədəki vəziyyət azad və ədalətli seçkilərin keçirilməsinə xidmət etmir»


«Azərbaycanda ictimai-siyasi vəziyyət azad və ədalətli parlament seçkilərinin keçirilməsinə xidmət etmir».

Bu barədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) hesabatında deyilir.

«Təəssüf ki, seçkiqabağı demokratik atmosfer haqqında danışmağa dəyməz. Bu ilin aprelindən 9 etiraz aksiyası dağıdılıb. Onların iştirakçılarının bir çoxu inzibati həbslərə və fiziki təzyiqlərə məruz qalıb. Toplaşma azadlığı yalnız küçə aksiyaları zamanı deyil, həm də vətəndaş cəmiyyəti tərəfindən qapalı yerlərdə keçirilən tədbirlər zamanı məhdudlaşdırılır. Belə ki, Gəncə, Yevlax, Naxçıvan, Şəki, Mingəçevirdə bəzi QHT-lərin tədbirləri baş tutmayıb», - SMDT-nin rəhbəri Anar Məmmədli Bakı Media Mərkəzində hesabatın təqdimatı zamanı bildirib.

O, söz və fikir azadlığı ilə bağlı ciddi problemlərin olduğunu, əsasən telekanallarda siyasi plüralizmin olmadığını deyib.

Hesabat dövründə seçici siyahıları ilə bağlı problemlər də aşkar olunub. Belə ki, MSK-nın məlumatına görə, əhalinin 54%-i, Dövlət Statistika Komitəsinin məlumatına görə isə 70%-i seçicidir.

Sonda hesabatda seçkiqabağı vəziyyətin demokratikləşdirilməsi üzrə tövsiyələr əksini tapıb. Əsasən söz və fikir azadlığının təmin olunması, jurnalist Fətullayevin, bloggerlər Milli və Hacızadənin həbsdən buraxılması, toplaşma azadlığına məhdudiyyətin aradan qaldırılması və şəhərin mərkəzi yerlərində mitinqlərə icazə verilməsi, müxalifət nümayəndələrinin və müstəqil namizədlərin iştirakı ilə televiziya və radioda debatların təşkili, Seçki Məcəlləsinin təkmilləşdirilməsi üzrə yerli və beynəlxalq təşkilatların təşəbbüslərinin dəstəklənməsi təklif olunur.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə AzadlıqRadiosuna bildirib ki, hesabatdan onların xəbəri yoxdur və rəsmi şəkildə tanış olmadıqları sənədə şərh vermirlər.
XS
SM
MD
LG