Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:48

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü niyə gecikir?


«Tapdıq adlı broker gətirdiyim malın hər tonuna 850 manat istəyir».

Rusiyadan kimyəvi mal gətirən sahibkar Rəsul Kərimov belə deyir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olsa, sahibkarın gömrükdə rəsmi ödənişi 265 manatdan artıq olmayacaq.

13 il əvvəl ÜTT-yə üzvlük üçün müraciət edən Azərbaycanın bu quruma nə vaxt üzv olacağı bəlli deyil. Azərbaycan hökuməti üzvlüyün yaxın illərdə mümkün olacağına o qədər də inanmır.

İqtisadi İnkişaf Nazirliyində Xarici Ticarət Siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin rəisi Bəxtiyar Alışov hesab edir ki, üzvlük Azərbaycanın milli maraqlarının necə qorunmasından asılıdır.

Bəxtiyar Alışov
B.Alışova görə, əslində ÜTT-yə üzvlük tək Azərbaycanın özündən asılı məsələ deyil. Onun sözlərinə görə, hazırda Azərbaycanın bu quruma üzvlüyünü 27 dövlətin daxil olduğu Avropa Birliyi və Amerika Birləşmiş Ştatları dəstəkləmir:

- Bu dövlətlərlə razılığa gələ biləcəyiksə, onda Azərbaycan ÜTT-nin üzvü olacaq.

NEFTİN YARATDIĞI MANEƏ


Amma üzvlüyə təkcə bu məsələ mane olmur. Ortada həm də neft amili var. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Ticarət və investisiya islahatlarına dəstək proqramında Ümumdünya Ticarət Təşkilatı qrupunun rəhbəri Elxan Mikayılov deyir ki, digər neft ölkələri kimi Azərbaycan da malik olduğu təbii resurslara görə, bu quruma daha ehtiyatlı şərtlərlə üzv olmağa üstünlük verir:

- O ölkələr ÜTT-yə üzvlüyə daha çox önəm verirlər ki, onların təbii resursları yoxdur. Əsasən neft ölkələri ÜTT-yə gec üzv olurlar. Çünki onların resursları olduğundan və ÜTT-dən çox da asılı olmadıqlarından daha ehtiyatlı şərtlərlə, gec üzv olurlar. Azərbaycan da həmin yolu seçib.

E.Mikayılov deyir ki, ÜTT-yə üzvlüklə bağlı hökumətin ziyanına, özəl sektorun xeyrinə olan müəyyən məsələlər də mövcuddur. Onun sözlərinə görə, Azərbaycan ÜTT-yə üzv olandan sonra sahibkarların gətirdiyi malın həcmindən asılı olmayaraq gömrük rəsmiləşdirilməsi üçün ödənilən məbləğ 265 manatdan artıq olmayacaq.

Elxan Mikayılov
Elxan Mikayılov hesab edir ki, özəl sektorun xeyrinə olan bu məsələ Dövlət Gömrük Komitəsinin gəlirlərinə xeyli mənfi təsir göstərə bilər ki, bunu da Azərbaycan istəmir.

İqtisadi İnkişaf Nazirliyinin şöbə rəisi Bəxtiyar Alışov isə hesab edir ki, indiki halda rüsumların aşağı salınması xeyli problemlər yarada bilər:

- Tutaq ki, 20 ildən sonra bizim neftimiz tükəndi. Biz o aşağı rüsumlarla ölkənin kənd təsərrüfatını qoruya biləcəyikmi, dövlət büdcəsinin gəlirlərini formalaşdıra, pensiyaları, yoxsul əhaliyə düşən kompensasiyaları verə biləcəyikmi?.

Bəxtiyar Alışova görə, indiki halda Azərbaycan öz daxili bazarını, milli iqtisadiyyatı qorumalıdır.

«AZƏRBAYCAN GƏLƏCƏKDƏ ƏSASSIZ TƏLƏBLƏRLƏ ÜZ-ÜZ QALA BİLƏR»

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Ticarət və İnvestisiya İslahatlarına Dəstək proqramında ÜTT üzrə komponent rəhbəri Fərhad Fərhad bu yanaşmanın düzgün olmadığını bildirir. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrin son əlli illik təcrübəsinə baxanda qoruyucu yanaşmanın o qədər də işlək olmadığı görünür. Azərbaycanın bu sahədə narahatlığını qəbul edən ekspert deyir ki, ÜTT çərçivəsində onsuz da yerli istehsalçıları qoruyan mexanizm mövcuddur.

Fərhad Fərhad hesab edir ki, Azərbaycan ÜTT-yə üzvlüyünü gecikdirməklə çox böyük risk altına girir. Onun sözlərinə görə, gecikmə ölkəni gələcəkdə əsassız tələblərlə üz-üz qoya bilər. Amma o hesab edir ki, əgər ortalıqda siyasi iradə olsa, Azərbaycanın bir ilə təşkilata üzv olması mümkündür:

Fərhad Fərhad
«Hesab edirəm ki, əgər siyasi iradə nümayiş etdirilsə, qanunvericilik sənədləri qısa vaxtda qəbul edilsə, üzvlük bir ilə mümkündür».

ÜZVLÜYƏ HÖKUMƏTİN DAXİLİNDƏKİ İNHİSARÇI QRUPLAR DA ƏNGƏL TÖRƏDİR


Azərbaycanın ÜTT-yə üzvlüyünün gecikməsi hökumətin daxilindəki bəzi qüvvələrin bunda marağının olmaması ilə də əlaqələndirilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramova görə, ÜTT-yə üzvlüyü istəməyənlərin bəziləri səmimi olaraq hesab edirlər ki, Azərbaycan bu quruma üzv olandan sonra daxili bazarı qorumaq mümkün olmayacaq.

İqtisadçı deyir ki, ölkənin sözügedən quruma üzvlüyünü istəməyən digər qruplar isə əsasən inhisarçılardır.

Ekspertlər sonuncu qrupun Azərbaycanda daha çox səlahiyyət sahibi olduğunu bildirirlər.
XS
SM
MD
LG