Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Hans Xristian Andersen "Tufan lövhələri necə asdı"


İndi heç nə o uzaq keçmişdəki kimi deyil, o vaxt mənim babam hələ lap balaca uşaq idi, əyninə qırmızı şalvar və qırmızı qurşaqlı gödəkcə geyər, başına isə lələkli papaq qoyub gəzərdi; deyim ki, o qədim vaxtlarda uşaqları geyindirib-keçindirmək istəyən hər bir kəs onları məhz elə bu cür də geyindirərdi.

Hələ küçələrdə necə şənliklər qurulardı!

Belə şeyləri artıq nə biz görərik, nə də siz, çünki onlar artıq çoxdan unudulub, nə etmək olar, dəbdən düşüb demək...

Amma indi babamın bu haqda danışdığı hekayətlərə qulaq asmağın nə qədər maraqlı olduğunu heç təsəvvürünüzə belə gətirə bilməzsiniz!

Məsələn, çəkməçilər, - siz bircə görəydiniz, onlar necə emalatxana yerlərini dəyişər və başları üstündəki lövhələri nə cür bir təmtəraqla yeni iş yerlərinə aparardılar.

İzdihamın başında ipək bayraq yellənər, bayrağın üstündə isə nəhəng çəkmə ilə ikibaşlı qartal əzəmətlə dalğalanardı.

Kiçik şəyirdlər təntənəylə şərəf qədəhi, bir də yekə bir sandıq aparardılar, külək isə onların qolundakı qırmızı və ağ lentləri yellədərdi.

Böyük şəyirdlər əllərində ucuna limon taxılmış çılpaq şpaqa tutardılar.

Musiqinin gurultusundan yer-göy titrəyərdi və orkestrdə ən gözəl alət, - babamın «quş» dediyi, - başına aypara şəkilli tac qoyulmuş, üstündən cürbəcür zənglər, zınqırovlar asılmış uzun şüvül olardı.

Şüvülü yuxarı qaldırıb sağa-sola yelləyərdilər, zənglər danqıldayar, zınqırovlar cingildəyərdi - əsl türk musiqisi! – gözlər isə günəş altında bərq vuran qızıl, gümüş və mis parıltılarından alacalanardı.

Hamıdan qabaqda - rəngbərəng parça qırıqlarından paltar geymiş arlekin qaçardı: onun üzü hisə bulaşmış, təsəyi isə zınqırovlarla bəzədilmiş olardı – eynən xizəyə qoşulmuş at kimi!

Əlindəki çubuğu sağa-sola yellədərdi, çubuq isə şax-şax idi: o yalnız bərkdən şaqqıldar və adamları qorxudardı, amma heç kəs ondan ziyan çəkməzdi.

Adamlar - kimisi irəli, kimisi geriyə, - soxulmağa çalışdıqlarından basabas yaranardı: oğlanlı-qızlı hamının ayağı ilişər və onlar düz arxın içinə uçardılar, yaşlı xəbərçilər isə dirsəkləri ilə fədakarcasına çalışar, hirsli-hirsli ətrafa göz gəzdirər və söyərdilər.

Hər yerdən danışıq və gülüş eşidilərdi. Adamlar pilləkənə toplaşar, pəncərədən boylanar, bəziləri isə hətta dama da dırmaşardı. Səmada günəş parlayardı.

Düzdür, hərdən izdihamın üstünə azacıq yağış da səpələyərdi, amma kəndlini yağış saxlaya bilməzdi axı: istəyir lap bütün şəhər iliyinə qədər islansın, məhsul ki bol olacaq!

Babamız elə yaxşı danışardı ki, qulaq asmaqla doymazdın.

Axı o, bapbalaca uşaq ikən bütün bunları öz gözlərilə görmüşdü. Emalatxananın böyük şəyirdi həmişə düz lövhənin altında qurulmuş taxta səhnəyə dırmaşar və nitq söyləyərdi, özü də elə belə yox a, şeirlə, sanki ona ilham gəlirdi.

Doğrudan da burada ilhamsız keçinmək olmurdu: o axı nitqi iki dostu ilə bir yerdə qoşmuşdu, işə başlamamışdan qabaq isə bir parç punş boşaltmışdılar, - əlbəttə ki, işin xeyri üçün.

Xalq bu nitqi «ura» sədaları ilə qarşılardı. Amma ən bərk «ura», səhnəyə çıxıb natiqi yamsılayan arlekin üçün ucalardı.

Hamı gülməkdən ölərdi, o isə araq qədəhlərindən bal içər və qədəhləri camaata tullayardı, adamlar da onları havada tutardılar.

Belə bir qədəh babamda da var idi, onu bir suvaqçı tutub babama yadigar vermişdi. Bəli, bu hamılıqla keçirilən əsl şənlik idi! Lövhə isə öz yeni yerində gül-çiçək içində göz oxşayardı.

- Yüz il yaşasan, belə bayram yaddan çıxmaz! – babam deyərdi.

Həyatı boyu çoxlu bayram və şənliklər görməsinə baxmayaraq, doğrudan da heç nəyi unutmamışdı.

O, çox maraqlı şeylər danışa bilərdi, amma onların içində ən maraqlı olan - böyük bir şəhərdə lövhələrin necə dəyişilməsi haqda idi.

Babam valideynləri ilə ölkənin ən böyük şəhərinə gələndə hələ bapbalaca idi.

Buranın küçələri adamla qaynaşırdı, babam hətta fikirləşirdi ki, burada da təmtəraqla lövhə yerlərini dəyişəcəklər, yeri gəlmişkən, onlar burada çoxlu sayda asılmışdı, - əgər onları çöldən yox içəridən assaydılar yüzlərlə otağı ağzınacan doldurmaq olardı.

Dərzinin lövhəsində cürbəcür donlar təsvir olunmuşdu və əgər o, istəsəydi ən görkəmsiz adamı öz paltarıyla ən gözəl adama çevirə bilərdi.

Tütün alverçisinin lövhəsində isə yaxşı-yaxşı oğlanlar dişlərində siqar sıxıb dayanmışdılar, ay nadinclər!

Burada lövhələr var idi ki, üstündə yağ və siyənək balığı çəkilmişdi, lövhələr də var idi ki, üstündə keşişin boyunluğu və tabut təsvir olunurdu, hələ hər yerdən nə qədər elan və afişalar asılmışdı - sayı bilinmirdi!

Bütün günü küçəbəküçə gəz, ürəyin istəyən qədər bu şəkillərə tamaşa elə: üstəlik, bu küçələrdə yaşayanların necə adam olduqlarını da bilərsən, - axı öz lövhələrini özləri asıblar.

- Bir də, - deyə babam danışırdı, - böyük şəhərə düşəndə evlərin qalın daş divarları arxasında nələrin gizləndiyini bilmək həm faydalı, həm də ibrətlidir.

Sən bir işə bax, bütün bu lövhə həngaməsi də məhz babamın şəhərə yenicə gəldiyi həmin gün baş verməli idi.

Bu haqda o özü danışırdı, özü də çox səlis, amma anam məni inandırmağa çalışırdı ki, o mənim başımı aldadır. Yox, bu dəfə babam ciddi danışırdı.

Onun şəhərə gəldiyi günün elə birinci gecəsi burada dəhşətli bir tufan qalxdı, elə dəhşətli ki, beləsinə nə qəzetlərdə rast gələrdin, nə də köhnə sakinlər xatırlayardı.

Külək damlardan kirəmit qoparırdı, köhnə hasarlar yerindən oynayıb aşırdı, bir araba tufandan qaçmaq üçün birdən-birə küçə ilə götürülməyə başlamışdı.

Tufansa getdikcə daha da coşurdu, külək vıy-vıy vıyıldayır və uğuldayaraq pəncərə taxtalarını, divar və damları döyürdü.

Kanallardan axan su daşmışdı və indi heç bilmirdi özünü hara vursun.

Tufan şəhərin üzərilə şığıyır, boruları sındırıb özü ilə aparırdı. Hələ köhnə kilsələrin nə qədər lovğa milləri bu gecə əyilmişdi – sayı-hesabı yox idi! Onlar heç vaxt da dikəlmədilər.

Yalnız binanın kösövü qalandan sonra özünü yanğına çatdıran möhtərəm brandmayorun evinin qarşısında gözətçi köşkü var idi.

Tufan da onu niyəsə yanğınsöndürmə hünərinin xırdaca rəmzi olmaqdan məhrum etmək istəmiş və onu aşırıb gurultuyla küçə boyu diyirlətmişdi.

Qəribə də olsa köşk kasıb bir dülgərin evi qarşısında dayanmışdı – bu dülgər axırıncı yanğın zamanı üç nəfəri od içindən çıxarmışdı, - köşk elə oradaca qaldı, əlbəttə ki, heç bir qərəzsiz-zadsız.

Dəlləyin lövhəsini – böyük mis ləyəni – külək aparıb ədliyyə məsləhətçisinin pəncərəsi altına saldı.

Qonşular öz aralarında danışırdılar ki, bu açıq-aşkar qəsd idi, çünki hamı, hətta onun arvadının ən yaxın rəfiqəsi belə, məsləhətçi xanıma «ülgüc» deyirdilər.

O, elə ağıllı, elə ağıllıydı ki, adamlar haqqında onların özlərindən çox bilirdi.

Qurudulmuş treska balığının şəkli olan lövhə isə uçub bir qəzet redaktorunun qapısı qarşısına düşdü. Belə də məntiqsizlik olar?! Tufan yəqin unudub ki, müxbirlə zarafat pisdir: axı o, öz qəzetində özünə ağadır və onun üçün heç bir qanun hələ yazılmayıb.

Küləyin səmtini göstərən yelqovan xoruz qonşu evin damına uçdu, elə orda da qaldı, - qonşuların dediyinə görə, əlbəttə ki, onun pis bir niyyəti vardı.

Çəlləkçinin çəlləyi uçub düz «Yeni qadın geyimləri» lövhəsinin altına düşdü.

Restoranın giriş qapısından asılmış yemək siyahısını külək teatrın alaqapısına qoydu, oraya nadir hallarda kimsə gələrdi.

Pis deyildi, çox məzəli afişa alınmışdı: «qıtığotulu şorba və doldurulmuş kələm». Camaat dəstəylə teatra axışmağa başladı.

Xəzçi lövhəsindən qopmuş tülkü dərisi bir oğlanın qapısındakı zəng ipindən asılıb qaldı, o, müntəzəm kilsəyə gedir, özünü çox fağır aparır və çalışırdı ki, haqq yolu ilə getsin, xalasının əlavə olaraq dediyinə görə o, hamıya nümunə idi.

«Ali məktəb» yazılmış taxta – bilyard klubuna getdi, onun yerinə isə uşaq həkiminin lövhəsi gəldi: «Burada uşaqlar şüşədən içməyə öyrədilir».

Bu heç də ağıllı iş deyil, sadəcə nəzakətsizlik idi! Amma tufan nə isə törətmək istəsə, mütləq törədəcək və ona heç nə edə bilməyəcəksən.

Bəli, yaman gecə idi! Səhər açılanda isə, siz bir təsəvvür edin, şəhərdə bütün lövhələr yerlərini dəyişmişdi və bəzi yerlərdə elə biabırçılıqlar alınmışdı ki, babam nə qədər bu haqda danışmaq istəsə də, susur və özbaşına gülürdü.

Mən bunu o saat duymuşdum, bu isə o demək idi ki, onun ağlından daha nələrsə də gəlib keçir.

Şəhər sakinləri nələr keçirirdi, xüsusilə də gəlmələr!

Onlar tamam çaşıb qalmışdılar və azdırılmış adamlar kimi gəzirdilər. Başqa cür ola da bilməzdi: axı onlar yolu lövhələrlə axtarmağa adət eləmişdilər!

Məsələn, kimsə mühüm dövlət məsələlərini müzakirə edən xadimlərin iclasına düşmək istəyirdi, amma gedib oğlan uşaqlarının məktəbinə düşürdü, onlar isə var-gücləri ilə bağıraraq bir-birilərinin səsini batırmağa çalışır, təkcə başları üstə gəzmirdilər.

Elələri də olurdu ki, lövhənin ucbatından, kilsə əvəzinə – dəhşət! – gedib teatra düşürdü.

İndi daha bu cür tufanlar olmur: beləsini görmək təkcə babama nəsib olub, o da hələ uşaq ikən. Bir də ki, belə bir tufan çətin ki, bizim vaxtımızda təkrar oluna; nəvələrimizin vaxtında isə bilmək olmaz.

Biz də onlara yaxşı bir məsləhət verək: «Nə qədər ki, tufan lövhələrin yerini dəyişir, evdə oturmağınız məsləhətdir».

Çevirəni: Mehman Musabəyli
XS
SM
MD
LG