Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:38

Sahibkarlar polisə aparıldı


Avqustun 26-da bir qrup sahibkar ZQAN holdinqin binası qarşısından Nəsimi rayon polis idarəsinin 21-ci bölməsinə aparılıb. Bu barədə AzadlıqRadiosuna polis bölməsində olan sahibkarlardan biri Hüseynağa Quliyev məlumat verib.

Onun dediyinə görə, bir neçə sahibkar iki gün əvvəl ünvanladıqları müraciətlə bağlı ZQAN Holdinqdə olublar. Onlar Metronun «28 May» stansiyası qarşısındakı yeraltı ticarət mərkəzində köşklərinin əllərindən alınmasının və indiyə qədər qaytarılmamasının səbəblərinə nə vaxt cavab veriləcəyini öyrənmək istəyiblər. Amma az keçməmiş Nəsimi rayon polisləri onları Holdinqin binası qarşısından 21-ci bölməyə aparıblar.

Sahibkar Hüseynağa Quliyevin sözlərinə görə, onlara polis bölməsində deyilib ki, guya ZQAN Holdinqə hücum ediblər. Amma qısa araşdırmalardan məlumat təsdiqini tapmayıb və onlar sərbəst buraxılıb.

İndiyə qədər sahibkarlar ticarət köşklərinin onlara qaytarılması tələbi ilə ZQAN Holdinqin qarşısında bir neçə dəfə aksiya keçiriblər. Hər dəfə də sahibkarlar Nəsimi rayonunun 21-ci polis bölməsinə aparılıblar.

Sahibkarlar iddia edirlər ki, metronun 28 may stansiyasıda yeraltı ticarət mərkəzində onlara məxsus olan mağazaları «ZQAN» Holdinq əllərindən alıb.
Holdinqin mühafizə xidmətindən AzadlıqRadiosuna məsələnin yaxın vaxtlarda həll olunacağını bildiriblər.
XS
SM
MD
LG