Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 16:23

«Xala-xətrin qalmasın verilən təklif»


GÜRCÜ HÖKUMƏTİ VAZ KEÇDİ

Gürcüstan Rusiyadan Ermənistana qaz nəql edən kəməri satmaq niyyətində deyil. Daha doğrusu, bu kəmərin Gürcüstandan keçən hissəsini. Bu haqda Gürcüstanın enerji naziri Aleksandr Xetaquri deyib. Ötən şənbə hökumətin toplantısından sonra.

Nazir gürcü hökumətinin bu fikrindən daşınmasının səbəblərini açıqlamayıb. Sadəcə deyib ki, Tbilisi bir qaz kəmərini də satmayacaq. Bir qədər əvvəl bu kəməri tenderə çıxaran gürcü hökumətini nə vadar etdi ki, fikrindən vaz keçsin?

KƏMƏRİN İKİ MÜŞTƏRİSİ


Bu qaz kəmərinin iki müştərisindən biri Rusiyanın «Qazprom» şirkətiydi ki, 250 milyon dollar təklif edirdi. Amma Gürcüstan rəsmiləri nə az, nə çox bunun üçün bir milyard dollar qiymət qoymuşdular.
Rövnəq Abdullayev

İkinci müştəri isə mətbuatın yazdığına görə Azərbaycanın Dövlət Neft Şirkətiydi. Şirkət buna görə gürcü tərəfə yarım milyard - 500 milyon dollar verməyə hazırdır.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ötən həftə yerli mətbuata deyib ki, Azərbaycan Gürcüstandakı bütün enerji layihələrində iştirakda maraqlıdır və o cümlədən də bu qaz kəməri məsələsi də nəzərdən keçirilir.

BAKI QAZI DAYANDIRA BİLƏRDİMİ?

Bakıdakı bəzi ekspertlərə görə, Tbilisini fikrindən daşındıran da Azərbaycanın təklifi olub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, kəməri almaqla Azərbaycan Ermənistana strateji təsir imkanları əldə edirdi. Amma bu o demək deyildi ki, Azərbaycan şirkəti Ermənistana qaz nəqlini istədiyi vaxt dayandıra bilərdi. Bu məsələ yəqin ki, hər hansı formada təkliflər paketində əksini tapacaqdı.

Vüqar Bayramova görə, Gürcüstan hökumətinin fikrindən daşınması iki səbəblə bağlıdır. Əvvəla Gürcüstan kəmərin «Qazprom» tərəfindən alınmasından, Rusiyanın Gürcüstana təsir imkanı əldə etməsindən ehtiyatlandı. İkinci səbəbsə, iqtisadçıya görə, Azərbaycanla bağlıdır.

Vüqar Bayramov
«AVROPA BALANSIN POZULMASINDAN QORXDU»


«Kəmərin satılmaması ilə bağlı qərar Azərbaycan şirkəti öz niyyətini dilə gətirməsindən sonra verildi. Azərbaycanın kəmərə marağı səbəblərdən biri kimi izah oluna bilər. Ona görə güman olunur ki, Avropa ölkələri Gürcüstandan kəməri satmamağı xahiş ediblər. Bəzi Avropa ölkələri düşünürlər ki, bu regionda balansın pozulmasına, Azərbaycanın regiondakı prosesləri diktə etməsinə səbəb ola bilərdi…»

KƏMƏRİ ALANA QAZANC QALMIRDI

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə bu qənaətdədir ki, bu kəməri alan qazanc götürməyəcəkdi. Çünki Rusiya Gürcüstandan nəql etdiyi qaza görə 10 faiz tranzit haqqı ödəyir. Başqa sözlə, 1,7 milyard kub metr qazın təxminən 170 milyon kubmetrinin pulunu verir. Bu da cəmi-cümlətanı 10-15 milyon dollar edir. İqtisadçı deyir ki, bu məbləğə həm kəməri istismar et, həm vergi ödə… Bu real görünmür.

Üstəlik, Gürcüstan rəsmiləri bu kəmərlə bağlı bir-birini təkzib edən açıqlamalar verirdilər. Onlar gah kəmərin iki-üç ilə özəlləşdirilə biləcəyini bildirirdilər. Gah da deyirdilər ki, nəzarət paketinin 51 faizi Gürcüstanda qalacaq. Bunun özü də layihənin gələcəyinə skeptik yanaşmaya rəvac verirdi. Bunu da İlham Şaban deyir:

«Məncə, real təklif olmadığından bu məsələnin üstündən sükutla keçildi. Baxmayaraq ki, Rövnəq Abdullayev ötən həftə demişdi ki, Azərbaycan o kəməri almaqda maraqlıdır».

«XALA-XƏTRİN QALMASIN VERİLƏN TƏKLİF»


İlham Şabana görə, bütün bu səbəblərdən də Azərbaycan tərəf kəməri almaq niyyətini dilə gətirsə də, ciddi addım atmadı. Sadəcə Azərbaycan da, Ermənistan da bu məsələdən daxili təbliğat üçün istifadə etməyə çalışdı.
İlham Şaban


«Xala-xətrin qalmasın bu təklif verilmişdi. Mən mətbuatı izləyirdim. Azərbaycanda təxminən belə deyilirdi ki, biz tezliklə kəmərə sahib olmalıyıq və ermənilərin belə deyək kranını bağlamalıyıq. Erməni mətbuatı, parlamenti və müxalifəti də haray-həşirlə deyirdi ki, Ermənistanın nəyi var satıb Azərbaycanın o kəmərə sahib olmasına imkan verməməlidir. Məncə hər iki ölkə daxili təbliğat üçün bu addımı atırdı».

«QAZSIZ ERMƏNİSTAN AZƏRBAYCANI İŞĞAL ETDİ Kİ…»

O ki qaldı məsələnin Azərbaycana gətirə biləcəyi hərbi-siyasi dividentə, İlham Şaban deyir ki, 1990-cı illərin əvvəlində müharibə dövründə Azərbaycan Ermənistanı qazsız qoydu, bu ölkəyə gedən kəmər 38 dəfə partladıldı, ölkə aylarla qazsız qaldı:

«Ancaq nəticəsi nə oldu? Azərbaycan torpaqları işğal edildi… Bundan başqa indi Ermənistanın İrandan alternativ qaz kəməri də var. Eləcə də ölkənin ehtiyat qaz anbarı var. Tutaq ki, sən kəməri bağladın. Sonra? Rusiyanın təzyiqləri artacaq, səni məhkəməyə verəcəklər. Bu cür diplomatik savaş Azərbaycanın əleyhinə işləyərdi, nəinki lehinə…»
XS
SM
MD
LG