Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:30

Reket olduğu iddia edilən jurnalist həbs olunub


Bakıda özünü müxtəlif dövri mətbu nəşrlərin əməkdaşı kimi təqdim edərək şantaj yolu ilə pul tələb edən jurnalist həbs edilib. Məlumatı Baş Prokurorluq yayıb.

Məlumatda deyilir ki, Mətbuat Şurasından və Bakı şəhəri, 1 saylı Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Rəşad İsmayılovun “Azad Azərbaycan” qəzetinin şöbə müdiri Vasif Bayram oğlu Paşayev tərəfindən şantaja və təzyiqlərə məruz qalması barədə Baş Prokurorluğa daxil olan məlumat araşdırılıb.

Müəyyən edilib ki, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Paşayev Vasif Bayram oğlu bu ilin iyul ayında özünü «Azərbaycan» qəzetinin şöbə müdiri, daha sonra isə «Azad Azərbaycan» qəzetinin əməkdaşı kimi təqdim edərək 1 saylı Dəri-Zöhrəvi Dispanserinin baş həkimi Rəşad İsmayılovu şantaj edib, ondan 1200 manat məbləğində pul tələb edib.

Bundan başqa Vasif Paşayevin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar evinin direktoru Ədilə Muradəli qızı Əliyevadan da eyni yolla 500 manat pul tələb etməsi aşkarlanıb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. V.Paşayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, dindirilərkən törətdiyi əməlləri etiraf etməklə yanaşı, istintaqa guya «Vedi inform» qəzetində redaktor, «Media press» qəzetində şöbə müdiri və «Demokratik islahatlar və ictimaiyyətlə əlaqələr» monitorinq qrupunun direktoru vəzifələrində işləməsi barədə üç ədəd vəsiqə təqdim edib.

Hazırda iş üzrə istintaq Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində davam etdirilir.
XS
SM
MD
LG