Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:00

«Cinayət işini bizə qarşı çevirmək istəyirlər»


Jurnalist Elmin Bədəlov
Jurnalist Elmin Bədəlov
İyulun 28-də Bakının Şüvəlan qəsəbəsində döyülən jurnalistlərlə bağlı təhqiqat işi yekunlaşıb. Ancaq nəticə jurnalistləri qane etmir. Belə ki, polis jurnalistlərin döyülmə faktını təsdiqləməyib.

Döyülən jurnalistlərdən biri Elmin Bədəlov AzadlıqRadiosuna deyib ki, avqustun 21-də Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevdən «Yeni Müsavat» qəzetinə məktub daxil olub. Məktubda Xəzər Rayon Polis İdarəsində işin araşdırılmasının başa çatdırıldığı qeyd olunur.

MƏSƏLƏNİN BAĞLANMASINA ÇALIŞIRLAR

E.Bədəlov polisin cavabından narazıdır və araşdırmanın qanunsuz olduğunu deyir:

«Onlar bildirirlər ki, əvvəlcə mən və həmkarım Anar Gəraylının oğru olduğunu düşünüblər. Halbuki video-çarx, şəkillər var. Özləri də video-çarxda deyib ki, hasara çıxanı döyərlər. Hasar 7 metr hündürlüyündədir, ora çıxmaq qeyri-mümkündür. Onlar qorxutmaq, işi bizə qarşı çevirmək istəyirlər ki, bir daha şikayət verməyək, məsələnin bağlanmasına çalışırlar».

Bakı Şəhər Baş Polis İdarəsinin məktubunda qeyd olunur ki, Şimal DRES qəsəbəsində «Mauak» bağlar ərazisində iş adamı Emin Ələsgərova məxsus bağ evinin darvazasının üstünə çıxıb fotoşəkil çəkərkən bağın təsərrüfat işlərinə baxan Arif Musayev onların oğurluq etmək niyyətində olmasından şübhələnib, ordan düşməsini tələb edib:

«Saymazyanalıq göstərdiklərindən Arif Musayev bağ evinə su gətirən avtomaşınının sürücüsü Zəfər Şəfiyev, qonşu bağın bağbanı Laçın adlı şəxs və bağda sürücü işləyən Sabir Məmmədov ilə birgə müxbirləri bağın xidmətçi otağına aparıblar.

Evin sahibi onların qəzet işçiləri olduqlarını biləndən sonra polisə müraciət etmək istəməyib. Lakin icazəsiz bağ evinin fotoşəkillərini çəkdiklərinə görə, fotoaparatın yaddaş kartı çıxarılıb, yeni yaddaş kartı almaq üçün ona 20 manat pul verilib, adları çəkilən şəxslər isə bağdan çıxıb gediblər».

ŞİKAYƏT VERƏCƏYİK

Elmin Bədəlov deyir ki, polisin cinayət işi açmamaq qərarına baxmayaraq onlar geri çəkilməyəcəklər:

«Biz şikayət verəcəyik. Çünki bizim döyülməyimiz danılmaz faktdır. Halbuki döyən şəxsin internetdə, qəzetlərdə foto görüntüsü yayılıb. Əslində, belə bir yola əl atmaları təəccüblü deyil. Azərbaycan təcrübəsində bu var, digər jurnalistlər də var ki, hələ də həbsdə yatırlar. Bizə qarşı da belə addım atılacağını düşünürəm. Ümumiyyətlə, təhlükə hiss edirəm. Mən bu araşdırmadan narazıyam, araşdırmadan məhkəməyə şikayət verəcəyəm. Mən istəyəm ki, jurnalistlərə zor tətbiq edən şəxslər cəzalandırılsın. Əgər bunun qarşısı alınmazsa, digər jurnalistlərə də qarşı tez-tez belə hallar baş verə bilər».

Bu günlərdə jurnalistlərlə birgə döyüldüyü deyilən taksi sürücüsü və onun dostu polisdə jurnalistlərin əleyhinə ifadə verib. Elmin Bədəlov güman edir ki, belə bir ifadə almaq üçün onlara təzyiq göstərilə bilərdi .

İyulun 28-də «Yeni Müsavat» və «Milli Yol» qəzetlərinin müxbirləri Elmin Bədəlov və Anar Gəraylı Nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu iddia edilən imarətin şəkilini çəkərkən döyülüblər.
XS
SM
MD
LG