Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:15

Başını götürüb getdi deyərsiz…


Vurğun Əyyub
Vurğun Əyyub
«O bu zəmanədən söz götürmədi
Başını götürüb getdi deyərsiz…».

AzadlıqRadiosunun «İşdən sonar» proqramında Məmməd İsmayılın bu sözlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri, Müsavat Partiyasının Divan üzvü, Azərbaycanı tərk etməyə hazırlaşan Vurğun Əyyub özünə aid edib.

«Mən vətən qarşısında borcumu ödəmişəm» – deyən V.Əyyub bu günə qədər heç kimin yanında gözü kölgəli olmadığını bildirib:

«Azərbaycanda yaşamağın nə qədər çətin olduğunu hamı dərk edir. Və Azərbaycandan gedənləri qınamaq əvəzinə daha da alqışlayırlar. Bu, birinci səbəbdir. İkinci səbəb isə budur ki, insanlar düşünür ki, hər halda əqidəsinə dönük çıxmaqdansa, belə bir irticaçı hakimiyyətin yanında olmaqdansa, elə ölkəni tərk etmək bəlkə də daha yaxşıdır».

Vurğun Əyyub deyir ki, o məcburiyyət qarşısında qalıb ölkəni tərk edir, inamını itirdiyindən getmir. O deyib ki, ailəsi az qala aclıq təhlükəsi ilə üz-üzədir. Amma Vurğun Əyyub vurğulayıb ki, hara getsə də, sonda bura dönməli olacaq.

Vurğun Əyyub Türkiyəyə işləməyə getməsinə, artıq həmin universitetlə müqavilə bağlamasına baxmayaraq, AXCP və Müsavatın birgə seçki siyahısında adının olmasına da aydınlıq gətirib. O deyib ki, partiyanın başqanı İsa Qəmbər çox təkid edir ki, seçkidə iştirak etsin:

«Mən yəqin ki, gedəcəyəm, ali məktəbin rəhbərliyi ilə razılaşsam ki, mənə bir imkan yaratsınlar seçki prosesində iştirak edim, o zaman namizədliyimi verəcəm. Yox əgər belə bir razılıq olmasa, təbii ki, mən geri dura bilmərəm. Çünki universitetlə müqaviləni çoxdan imzalamışam».

Vurğun Əyyub onlardan sonra gələn gəncliyin də problemlərinə toxunub. O deyib ki, indiki gənclik onlardan fərqlənir:

«Gənclik qorxu içindədir. Hakimiyyətin zor aparatı bunları qorxudub. Bir hissəsi isə ancaq karyera barədə düşünür. Və başa düşürlər ki, karyera qazanmağın yolu hakimiyyətin əleyhinə olmaqdan keçmir. Gərək hakimiyyətin yanında olasan ki, karyera olsun. Bir qisim gənclik isə ümumiyyətlə hər şeydən uzaqdır».

Sonda Vurğun Əyyub «Azərbaycandan kənarda kimdən və ya nədən ötrü darıxmayacaqsınız» sualına maraqlı cavab verib. O deyib ki, «Yüzdə-yüz polislərdən ötrü darıxmayacağam».

ƏTRAFLI DİNLƏYİN

XS
SM
MD
LG