Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:27

Əsas məsələ hərbi əməkdaşlıqdır


İlham Əliyev Abdulla Gülü qəbul edir, 16 avqust 2010
İlham Əliyev Abdulla Gülü qəbul edir, 16 avqust 2010
Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfərinin gündəmində duran əsas məsələ hərbi əməkdaşlıqdır. Bunu bir çox ekspertlər deyir. Amma onların sözlərinə görə, səfərin gündəmini Türkiyə ilə Azərbaycan hərbi əməkdaşlığı deyil, Rusiya ilə Ermənistan arasındakı mümkün hərbi saziş şərtləndirir.

Türkiyədəki Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oqtay deyir ki, Abdulla Gülün Azərbaycan səfəri Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana gələn həftə nəzərdə tutulan səfəri ilə əlaqəlidir. Yəni, avqustun 19-da Medvedev Ermənistana səfər edəcək. Orada Türkiyə-Ermənistan-Azərbaycan əlaqələri mövzusunda, eləcə də Qarabağla əlaqədar bəzi özəl məsələlərdən danışılacaq:

QARABAĞLA BAĞLI BİR İRƏLİLƏYİŞ GÖZLƏNİLİR

«Mətbuata açıqlamalardan kənar Qarabağla əlaqədar bəzi məsələlər danışılır. Medvedev Ermənistanla danışacaq. Qarabağla bağlı bir irəliləyiş gözlənilir. Ən azı irəliləmə mövzusunda görüşlər var, həm Azərbaycanda həm də Ermənistanda».

Hasan Oqtayın sözlərinə görə, hazırda bölgədə Rusiyanın S300 raketlərini yerləşdirməsi məsələsi də müzakirə mövzusudur. Bir sözlə, bölgənin gündəmi çox sıxdır və bu məsələdə Türkiyənin Azərbaycana dəstək olmasını ifadə etmək üçün Abdulla Gül Bakıya səfər edib.

Abdulla Gül özü İstanbulda bildirib ki, səfərdə məqsəd iki qardaş ölkə arasında bir sıra məsələləri müzakirə
Hasan Oqtay
etməkdir.

CİDDİ SƏYLƏRƏ EHTİYAC VAR


O, görüşlərdə Cənubi Qafqaz bölgəsində sülh, əməkdaşlıq və inkişaf, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və sair məsələlərdən danışacağını, ölkəsinin regionda sülhə nail olunmaqla bağlı apardıqları işləri bir daha Azərbaycan tərəfinə çatdıracağını bildirib. Türkiyə prezidenti vurğulayıb ki, bölgədə əsaslı sülhə nail olmaq üçün ciddi səylərə ehtiyac var. Türkiyə bu siyasəti bəzən gizli, bəzən açıq şəkildə yürüdür.

Politoloq Ərəstun Oruclu isə deyir ki, prezidentlərin görüşündə qarşılıqlı əməkdaşlıqla yanaşı yaxın keçmişdə iki ölkə arasında yaşanan gərginliyə də aydınlıq gətiriləcək. Çünki bu məsələyə hələ də tam aydınlıq gətirilməyib. Eyni zamanda regional təhlükəsizlik məsələləri sırasında İran barədə də danışılacaq. Çünki bu aktual mövzudur.

İRAN MƏSƏLƏSİ

«İran məsələsində Türkiyə Azərbaycanın onunla eyni mövqedə olmasında maraqlıdır. Azərbaycanın maraqları da yəqin ki, bunu tələb edir.
Ərəstun Oruclu
Azərbaycan bu bölgədə sülhün mövcudluğunda maraqlı olmalıdır. Amma həmçinin İranın nüvə silahı əldə etməsində maraqlı olmamalıdır. Çünki Azərbaycanın bütün bu müstəqilliyi dövründə İranın ona yönəlik siyasəti yalnız təhdid siyasəti olub».

Ərəstun Oruclunun sözlərinə görə, Azərbaycanın indiki rəhbərliyinin bir hissəsi Rusiya ilə strateji müttəfiqliyin tərəfdarıdır və bunu açıq şəkildə Rusiya mediasında da ifadə edirlər. Ancaq Türkiyə Azərbaycan rəhbərliyinin yox, dövlətinin mənafelərini nəzərə alaraq onun təhlükəsizliyi məsələlərində də yaxından iştirak etməkdə maraqlıdır. Bu səfərlər də ümumilikdə həmin məqsədə xidmət edir.

«Atlas» Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, əslində iki ölkə arasında müzakirəsinə ehtiyac olan xeyli məsələlər doğrudan da qalmaqdadır. Türkiyənin iş adamları hələ ki, iri kapitalla Azərbaycanda təmsil olunmurlar. Birtərəfli viza rejiminin süni şəkildə saxlanılması, bürokratik əngəllər, rüşvət, «şapka» məsələləri hələ ki, gündəmdədir. Bunların hamısını müzakirə etmək lazımdır.

Ancaq bununla belə, Elxan Şahinoğlu hesab edir ki, Abdulla Gül Bakıda həmkarı İlham Əliyevlə əsasən bölgədə getdikcə ağırlaşmaqda olan vəziyyətdən danışacaq. Çünki Rusiya açıq-aşkar Ermənistana hərbi dəstəyini artırır.
Elxan Şahinoğlu
Sankt-Peterburq görüşündən sonra Moskva Madrid prinsiplərinin üzərində xətt çəkərək işğal altında olan torpaqların boşaldılmasını bölgənin statusunun müəyyənləşməsinə bağlayıb:

AZƏRBAYCANIN TƏK QALMASI PROBLEMİ ORTAYA ÇIXIR

«İndi də Rusiya prezidenti Ermənistana səfərə hazırlaşır. Bu səfər çərçivəsində də Ermənistandakı hərbi bazanın müddətinin uzadılması ilə bağlı anlaşma imzalanacaq. Gələcəkdə bu ölkəyə yeni modern silahların verilməsi məsələsi gündəmə gələcək. Bu sözlə, artıq Ermənistanla Rusiya arasında siyasi və hərbi tandem gücləndi. Belə bir şəraitdə isə Azərbaycanın tək qalması problemi ortaya çıxır. Deməli, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının səviyyəsini qaldırmaq məsələsi də aktualdır».

Elxan Şahinoğlu deyir ki, Gürcüstan prezidenti Mixail Saakaşvili bu yaxınlarda Batumidə Azərbaycanla Gürcüstanın birgə konfederasiya yaratmaları barədə təklif səsləndirmişdi. Bu təklif Ankaranı da maraqlandırmışdı. Ola bilsin ki, Türkiyə və Azərbaycan prezidentləri Bakıda bu məsələni də müzakirə etsinlər.

Çünki həqiqi müttəfiqlərin – yəni Türkiyə, Azərbaycan və Gürcüstanın bir yerdə olması mümkündür. Bu birliyin məhz konfederasiya olması da vacib deyil. Amma bu istiqamətdə də danışıqların başlaması Ermənistanla Rusiyaya ciddi mesaj ola bilər.
XS
SM
MD
LG