Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Avropanın «motoru» böhrandan çıxırmı?


Artım davamlı olmaya bilər
Artım davamlı olmaya bilər
Son rəqəmlərə görə, birliyin ən qüdrətli dövləti olan Almaniyanın iqtisadiyyatı axır 20 ildə ən yüksək templə artır.

Azərbaycanın xarici ticarətinin böyük hissəsi Avropa ölkələri ilədir.

Təkcə onu qeyd edək ki, Azərbaycan neftinin böyük hissəsi məhz Avropa bazarına çıxarılır.

Avropa Birliyinin yaxın vaxtlarda maliyyə böhranından çıxması nə dərəcədə realdır?

İNDİ ÇOX TƏZADLI VƏZİYYƏT YARANIB

Bir tərəfdən, Avropa Birliyinin bəzi ölkələrində iqtisadi vəziyyətin pisləşdiyi müşahidə olunur.

Maliyyə böhranı Yunanıstanı diz üstə çökdürüb və Avropa Birliyinin yardımı olmasaydı, ölkə müflis olacaqdı. Yunanıstanda büdcə xərcləri azaldılır, maaşlar aşağı salınır.

İtaliya və İspaniya da büdcə kəsirini azaltmaq üçün radikal tədbirlər görür.

Amma digər tərəfdən, Almaniya iqtisadiyyatı axır 20 ildə - yəni qərbi və şərqi Almaniya birləşəndən bəri ən yüksək templə artır.

Avqustun 13-də açıqlanan rəqəmlər göstərir ki, Almaniya iqtisadiyyatı bu ilin aprelindən iyununa qədər 2.2 faiz böyüyüb.

Bu artım ötən ilin eyni dövrü ilə müqayisədə - proqnozlaşdırılan rəqəmlərdən çoxdur.

Artımın əsas səbəbi avtomobil və motorlara tələbatın artmasıdır
Rəqəmlərə inansaq, bu artımın əsas səbəbi

ALMANİYA MALLARINA DÜNYA BAZARINDA TƏLƏBATIN YÜKSƏLMƏSİDİR

Xüsusən avtomobil və motorlara.

Özü də maraqlıdır ki, keçən il Almaniya iqtisadiyyatı xeyli geriləmişdi.

Almaniyanın Federal Statistika İdarəsi açıqladığı rəqəmlərdən belə nəticə çıxarır ki, maliyyə böhranı doğrudan da aradan qalxmaqdadır.

Almaniyanın Maliyyə naziri Rainer Bruederle:

«Bu rəqəmlər göstərir ki, hökumətin böhran əleyhinə tədbirləri nəticəsini verir. Demək olmaz ki, bu iqtisadi möcüzədir, vəziyyət kökündən dəyişib, amma dirçəliş göz önündədir, eksport yetərincə artıb, sərmayələr də tədricən artmağa başlayıb, investisiya mühiti düzəlir».

Yunanıstanda və bəzi başqa ölkələrdə böhrandan çıxmaq əlamətləri hiss olunmasa da, Almaniya iqtisadiyyatı barədə xoş xəbər az şey demək deyil.

Almaniya Avropa Birliyinin ən böyük, dünyanın isə 3-cü ən böyük iqtisadiyyatıdır.

Buna görə də Almaniyada vəziyyətin düzəlməsi ümumilikdə 16 ölkənin daxil olduğu

AVROZONADA STABİLLƏŞMƏNİN İLK QARANQUŞU SAYILA BİLƏR

Son rəqəmlər göstərir ki, avrozonada iqtisadiyyat ikinci rübdə 1 faiz artıb
Son rəqəmlər göstərir ki, avrozonada iqtisadiyyat ikinci rübdə 1 faiz artıb.

Bu, 2006-cı illə müqayisədə ən sürətli artımdır. Həmçinin, eyni dövrdə ABŞ-la müqayisədə daha sürətli artım sayılmalıdır.

Amma bu nikbinliyi bölüşməyən ekspertlər də var.

Londondakı «Capital Economics» iqtisadi araşdırmalar təşkilatının eksperti Ben Mey deyir ki, bu artım davamlı olmaya bilər:

«Biz şübhələnirik ki, bu artım iqtisadiyyat üçün vacib olan

İKİ MOTORDAN YALNIZ BİRİNİN İŞİNİN NƏTİCƏSİDİR

Bir motor eksportdur, ola bilər ki, yalnız ixrac artır, ikinci motor, yəni istehlakçıların alıcılıq qabiliyyəti, sərmayələr isə artmır. Belədirsə, bütün bu optimizm tezliklə aradan qalxa bilər».

Bədbin proqnoz verənlər ona da diqqət çəkirlər ki, iyun ayında ümumilikdə avrozonada sənaye istehsalı da azalıb.

Hətta Avropanın ən güclü iqtisadiyyatı olan Almaniyada da sənaye istehsalında 0.5 faizlik eniş müşahidə edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG