Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 02:38

İranda ölümə məhkum olan qadın azərbaycanca danışdı.


Londonda Səkinə Məhəmmədi Aştiyaniyə dəstək aksiyası, 24 iyul 2010
Londonda Səkinə Məhəmmədi Aştiyaniyə dəstək aksiyası, 24 iyul 2010
İranda daşqalaq edilməklə ölümə məhkum edilmiş qadın Səkinə Məhmmədi Aştiyani avqustun 11-də dövlət televiziyasına çıxarılıb. O, sıxıntı içində ana dili olan Azərbaycan dilində danışırmış. Dediklərini də fars dilinə tərcümə edirlərmiş.

Həmin müsahibəsində o deyib ki, ərinin xalası oğlu ilə münasibətləri varmış. Bir gün həmin xalaoğlu bildirib ki, onun ərini öldürəcək, planının detallarını da danışıb. Amma o, bunu ciddiyə almayıb, fikirləşib ki, sadəcə zarafat edir.

Onun bu sözlərindən sonra əyalət prokuroru Malik Əjdər Şərifi danışmağa başlayıb:

«Sonra arvadı mərhuma yatırdan iynə vurub. Bundan sonra o biri kişi gəlib, mərhumu götürüb hamama qoyub. Ardınca da onun bədəninə elektrik naqili qoşaraq onu qətlə yetirib».

VƏKİL İDDİA EDİR Kİ, İFADƏNİ İŞGƏNCƏ İLƏ ALIBLAR

Səkinə Aştiyaninin vəkili isə israrla bildirir ki, qadından bu sözləri işgəncə ilə alıblar. Vəkillərindən biri Houtan Kian Britaniyanın «The Guardian» qəzetinə müsahibəsində bildirib ki, televiziyaya çıxarmazdan əvvəlki iki gün ərzində qadına işgəncə verərək ondan bu sözləri deməsini tələb ediblər.

İkinci vəkili və hazırda Norveçdə olan Məhəmməd Mustafayi isə CNN telekanalına müsahibəsində bildirib ki, Səkinə Aştiyaninin efirə çıxarıldığı «20:30» adlanan televiziya proqramı İran kəfiyyatının nəzarətindədir. Məhəmməd Mustafayi bu yaxınlarda İrandan qaçıb, bildirir ki, Səkinə Aştiyanini müdafiə edən internet kampaniyası təşkil etdiyinə görə özü həbs olunmaq təhlükəsi ilə üzləşibmiş.

Məhmməd Mustafayi
2006-cı ildə tutulanda Aştiyaniyə ərinə xəyanət ittihamı ilə 99 qamçı vurulub. Sonra Təbrizdə məhkəmə onu ərini öldürməkdə də ittiham edib. Bunun ardınca xəyanət ittihamı üzrə bəraət alsa da, az sonra məhkəmə «öz məlumatlarına» əsaslanaraq yenidən işi təzələyib və onu daşqalaq edilməklə ölümə məhkum edib.

DÜNYA İRANA SƏSLƏNİR


Bu yay İranda 43 yaşlı bir ananın daşqalaqla ölümə məhkum edilməsi barədə xəbərlər internetdə yayılandan sonra Səkinə Aştiyaniyə beynəlxalq diqqət yönəldi. Onun övladları dünyaya müraciət edərək analarının günahsız olduğunu, onu daşqaladan xilas etmək üçün kömək xahiş edirdilər.

Məsələ ətrafında beynəlxalq qalmaqal yarananda isə İran hakimiyyəti onun haqqında daşqalaq hökmünü asmaqla edam cəzası ilə əvəz edib.

Bu həftənin əvvəlində ABŞ Dövlət Katibi Hillari Klitnon da bildirib ki, Aştiyaninin müəmmalı taleyi onları məyus edib. Dövlət katibi hesab edir ki, Aştiyaninin məhkəməsi şəffaf olmayıb, bu proses İranın özünün Konstitusiyasına da zidd olub, hətta vəkili təzyiqlərdən qorxaraq ölkəsindən qaçmağa məcbur edilib.

Eyni zamanda Brziliya yenidən Tehrana müraciət edərək Aştiyaniyə münasibətdə humanizm nümayiş etdirməyə çağırıb. Bundan əvvəl Braziliya prezidenti Luiz İqnasio Lula da Silva Səkinə Aştiyaniyə sığınacaq təklif edib.
XS
SM
MD
LG