Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Məscid qapısında partlayışları kim törədib?


Partlayışları törədən İranın sünni üsyançı qrupu olan «Cundallah»dır
Partlayışları törədən İranın sünni üsyançı qrupu olan «Cundallah»dır
İranın cənub-şərqində iki partlayışda azı 28 adam ölüb, ölənlər arasında İranın elitar İnqilabi Qvardiyasının üzvləri var. Yaralılar 169 nəfərdir.

Sistan -Bəlucistan vilayətinin Zahedan şəhərində əsas məscidin qapısı qabağında əvvəlcə bir intiharçı özünü partladıb, adamlar köməyə gələndə ikinci intiharçı özünü partladıb.

Partlayışları törədən İranın sünni üsyançı qrupu olan «Cundallah»dır.

«Cundallah» bununla öz lideri Abdulməlik Riqinin iyun ayında dar ağacından asılmasına cavab verdiyini bildirib.

«CUNDALLAH» NƏDİR?

Allah əsgəri mənasını verən «Cundallah»ın digər adı İran Xalqının Müqavimət Hərəkatıdır.

«Cundalah»ın lideri Abdulməlik Riqi öz mübarizəsinin məqsədini belə izah edirdi - şiə hökuməti xalqın vəziyyətini düzəltməyincə mübarizə davam edəcək.

O həmçinin İrandakı bəlucların və ümumiyyətlə sünnilərin haqları uğrunda mübarizə apardığını deyirdi.

«Cundalah»ın lideri Abdulməlik Riqi
Riqinin sözlərinə görə, bəluclar soyqırımına məruz qalırlar.

Pakistanlı ekspert Əhməd Rəşid «Cundallah»ın «Taliban»la və «Əl Qaida» ilə əlaqələri olduğunu deyir.

«Cundullah»ın təxminən 100 yaraqlısı var.

2005-ci ildə prezident Əhmədinejad Bəlucistana gələndə ona sui-qəsd cəhdi olmuşdu. Bunda da «Cundallah»ı günahlandırdılar.

Hakimiyyət «Cundallah» liderinin qardaşını noyabr ayında asdı.

İran Zahedandakı partlayışlarda Amerikanı günahlandırıb.

İranın İnqilabi Qvardiyasının dediyinə görə, Riqinin özü etiraf edirdi ki, Amerikadan, İsraildən və digər Avropa ölkələrindən pul alır.

İran həmçinin Pakistanı və Britaniyanı ittiham edir.

Bu ölkələrin hamısı ittihamları rədd edirlər.

Dövlət katibi Hillari Klinton partlayışları pisləyib
Amerikanın Dövlət katibi Hillari Klinton deyib ki, partlayışları «mümkün olan ən kəskin sözlərlə» ittiham edir.

PARTLAYIŞ-DAR AĞACI-PARTLAYIŞ


Son iki partlayış Bəlucistandakı vəziyyəti gərginləşdirəcək.

İran partlayışlara «Cundullah» üzvlərini tutub, asmaqla cavab verir. Bunun da cavabında yeni partlayışlar olur.

«Əl Ərəbiyə» televiziyasına göndərdiyi e-maildə «Cundullah» elan edir ki, yeni partlayışlar gəlməkdədir.

Sistan-Bəlucistan İranın ən sabitsiz vilayətlərindəndir. Narkotik yollarından biri burdan keçir və tez-tez narkotik daşıyanlarla polisin toqquşmaları olur.
XS
SM
MD
LG