Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:04

Kəramət Böyükçöl "Çatlamış fincan" (Hekayə)


Bu, mənim ilk şeirlər kitabımdı. Necə sevindiyimi bilmək istəyirsinizsə, gəlin Bakı Dövlət Universitetində çayçı işləyən Məlahət xaladan soruşun, çünki şahidim çox olsa da, bilirəm ki, məni başa düşən təkcə Məlahət xaladı.

Elə bu hekayəmi də bufetdə yazıram. Dostlarım deyirlər, özündən hoqq çıxarma, get kitabına tanınmış bir şairə ön söz yazdır. Millət vəkili olsa lap yaxşı olar. Nə isə...

Kitabımın çapında mənə ən çox çətin gələni ad seçimim oldu. Uzun bir müddət düşündüm ki, kitabımın adını “Kəramət hey” qoyum, anam bəyənmədi, dedi - o nə addı, qonşular elə biləcək sən sözə baxmırsan, mən də səni çağırıram.

Atam da dedi, yazıçı Qərib Mehdinin belə bir hekayəsi var: “Qərib hey”. Uzun sözün qısası, ürəyimdə qaldı bu ad. Çoban babamdan soruşdum ki, baba, nə məsləhət görürsən, kitabıma nə ad verim?

Babam dedi, bala ya “it” qoy, ya da “quzu”. Xoşuma gəlmişdi bu ad da, anam yenə qarışdırdı aləmi, dedi, xoşuma gəlmir.

Elə bil öz kitabıdı, nə işinə qalıb bilmirəm. Atamın kitabı olsaydı, yenə deyərdim, hə. Kiçik qardaşımın fikrini öyrənmək istədim.

O da əsgərdi. Dedi, “gecə növbəsi” qoy. Hərə öz peşəsinə uyğun ad deyir, yəqin, anamdan soruşsaydım, deyəcəkdi kartof, soğan, ət, çörək, bozbaş qoy kitabının adını, dünyanın ən gözəl adlarıdı.

Ona görə də soruşmadım heç. Bacım da yüz faiz deyəcək ki, mənim adımı qoy - Sevinc, çox böyük mənaya malikdi bu ad.

Atam deyir, doğulanda sənə də adı çətin tapmışıq, düz üç həftə adsız yaşamısan.

Araşdırmalar səngimədi, evimizdə ad məsələsində toxunmadığımız bir söz qalmadı. Bu dəfə nəhayət ki, evimizdə beş nəfərdən ibarət son toplantı keçirildi. İki somavar çayı içib qurtarmışdıq, amma hələ də ad seçə bilməmişdik.

O, dedi, bu, bəyənmədi bu, dedi, o, bəyənmədi, nə bilim söz-söhbət, mübahisə... Yenə gecə keçdi, hamı yatdı.

Tək qaldım otaqda. Birdən gözümə otağın küncündə atamın o qədər də böyük olmayan kitab rəfi dəydi.

Kitablara baxdım. Dedim, görəsən müəlliflər kitaba adı necə seçirlər? Rəfdə çox az kitab var idi.

Bir neçəsini vərəqləyəndən sonra, sırada yenə əlimi rəfə atdım ki, yeni kitab götürüm. Əlim bu dəfə kitaba yox, fincana dəydi, çatlamışdı fincan...

Diksindim. İçində xoruzquyruğu çayın hələ də “əl” izləri yaşayırdı. Bu fincanı bura kim qoymuşdu, nə vaxt qoymuşdu, niyə qoymuşdu, bilmirəm?

Bir onu bilirəm ki, burada hansısa qalın bir kitab varmış, məsələn bu Dostoyevskinin “İdiot” əsəri də ola bilərdi, çünki bu fincan həcminə görə ancaq onun yerini tutardı.

Demək, burdan kimsə kitab götürüb, özü də çay içə-içə.

Görünür, kitabı iki əlli tutanda fincanı onun yerinə qoyub, sonra kitabı oxuya-oxuya o biri otağa keçib, ordan zala, zaldan da həyətə çıxıb.

Və beləliklə, kitab “oğurlanıb”, fincan da yaddan çıxıb. Bu, yüz faiz belədir. Amma fincan niyə çatlamışdı, səbəbini tapa bilmədim.

O da yadımdadır ki, nənəm bir dəfə bibimə deyirdi: “Canın sağ olsun, uşağı döymə, təki sınan fincan olsun, ürəklər sınmasın”. Yəqin, bu fincanın sınmağı da o seriadandı.

İndi fincan mənim üçün çox maraqlı bir hekayədi. Yazılmamış, yəni sözsüz-zadsız, paltarsız, kağızsız-kuğuzsuz canlı şəkildə qoyulmuşdu rəfə.

Kim bilir, bəlkə də bir neçə ay kitablarla çiyin-çiyinə dayanmışdı, özünü kitaba oxşatmışdı və sıradakı o biri kitablar da ərklə ona tərəf əyilmişdi.

Qərara gəldim ki, kitabımın adını “Çatlamış Fincan” qoyum.

İstəyirəm ki, bu kitabım rəfdəki “Çatlamış Fincan” hekayəsini ağuşuna alsın, fincanı götürüb, yerinə kitabımı qoyum.

Hə, necə addı? çatlamış fincan... çatlamış həyat... və ya ürək... ya pəncərə şüşəsi, ya da ki, dodaq... Bəlkə də çatlamış şeirlər...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG