Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:03

«Mən kosovolu olaraq Azərbaycana mesaj göndərmək istərdim ki...»


Azadlıq Radiosunda Cənubi Slavyan redaksiyasının Kosovo bürosunun müdiri Arbana Vidişiqi ilə müsahibə.

- Kosovonun özünü müstəqil elan etməsindən 2,5 il keçir. Kosovo əhalisi özünü doğrudan da müstəqil hiss edirmi?


- Yeni yaranan bir dövlət kimi Kosovonun problemləri çoxdur. Problemlərdən biri də Kosovonun şimalında yaşayan serblərlə bağlıdır.

Amma ümumilikdə Kosovo insanında müstəqil dövlətin vətəndaşı olmaq hissi güclüdür. İnsanların öz dövlətlərinə məxsus pasportları var.

Parlament müstəqil ölkənin qanunverici orqanı kimi öz qanunlarını qəbul edir.

Kosovo dövlət quruculuğu dövrünü yaşayır.

- BMT-nin Haaqadakı beynəlxalq məhkəməsi - Kosovonun müstəqilliyini elan etməsini qanunsuz saymadı. Serbiya isə bu qərarı qəti şəkildə rədd etdi. Həmin qərar deyəsən Kosovoda əsl bayram ovqatı yaratdı...

- Məhkəmənin qərarı hətta Kosovo albanları üçün də gözlənilməz idi. Onlar qərarın belə qəti olacağını gözləmirdilər.

Əlbəttə bu, Kosovoda yüksək əhval-ruhiyyə yaratdı. Bu, Kosovonun müstəqilliyini beynəlxalq səviyyədə də leqallaşdırdı.

Mənim bu məsələ ilə bağlı söhbətləşdiyim analitiklərin çoxu bu fikirdədirlər ki, məhkəmənin qərarı Kosovonun müstəqilliyini hələ də tanımamış ölkələri, o cümlədən Avropa Birliyinin 5 üzvünü məyus edib.

Serbiya parlamenti beynəlxalq məhkəmənin qərarını rədd etdi
Çünki Slovakiya, Kipr, İspaniya, Rumıniya və Yunanıstan Kosovonu məhz onun beynəlxalq hüquq çərçivəsində tanınmamasını əsas gətirib dövlət kimi qəbul etməkdən imtina etmişdilər.

- Təkcə Avropa Birliyinin 5 üzvü yox, bir çox dünya ölkələri Kosovonu müstəqil dövlət kimi tanımayıblar. Onlar öz ərazilərindəki tanınmamış bölgələrin də Kosovonun müstəqilliyindən bir president kimi istifadə etməsindən narahatdırlar.

O cümlədən Azərbaycan. Bu president məsələsi haqda siz nə düşünürsüz?


- Mən kosovolu olaraq Azərbaycana mesaj göndərmək istərdim ki, onların Kosovonun müstəqilliyindən narahat olmalarına ehtiyac yoxdur. Kosovo məxsusi haldır.

Beynəlxalq məhkəmənin hakimləri qərarlarında Kosovonun öz müstəqilliyini elan etməsinə aparan prosesləri təfərrüatı ilə göstərmişdilər.

Kosovo uzun müddət serb liderlərinin kobud idarəçiliyi altında yaşayıb.

Müharibə zamanı Kosovo albanlarına qarşı soyqırımı törədilib. Müharibə 1999-cu ildə yox, 1997-ci ildə başlanmışdı. Serb təhlükəsizlik qüvvələri albanlara qarşı olmazın zülümlər etdilər. Mən o zaman jurnalist işləyirdim.

O zorakılıqları öz gözlərimlə görmüşəm. Bütöv bir ailə, o cümlədən əlində süd şüşəsi olan uşağın qətlə yetirildiyini görmüşəm.

Yəni elə bir vəziyyət yaranmışdı ki, Kosovonun Serbiyanın tərkib hissəsi olması mümkün deyildi. Bu mənada Kosovo müstəqilliyini elan etmiş digər bölgələr üçün nümunə ola bilməz.

Azərbaycanı bu məsələdə qınamıram. Əgər Avropada yerləşən 5 dövlət Kosovonu müstəqil dövlət kimi tanımaqda tərəddüd edirsə, Azərbaycan da təbii ki edəcək.

Kosovonu indiyəcən 69 ölkə müstəqil dövlət kimi tanıyıb.

Onların çoxu Qərb ölkələridir.

- Yeri gəlmişkən, Kosovonun müsəlman ölkələrindən gözləntiləri nədir?

- Kosovo dünyəvi dövlətdir. Müsəlman ölkələrindən olan gözlənti bütün başqa dövlətlərdən olan gözləntilər kimidir.

Amma mən əcnəbi ekspertlərlə olan söhbətlərimdə eşitmişəm ki, onlar müsəlman ölkələrinin, o cümlədən ərəb liqası dövlətlərinin, yaxud Azərbaycanın Kosovonun müstəqilliyini dəstəkləməməsinə bir az təəccübləniblər.

Hollandiya. Beynəlxalq Məhkəmə Kosovonun müstəqilliyinin qanuni olub-olmaması ilə bağlı rəy verir. 22 iyul 2010
Çünki Kosovo demokratiya və insan haqlarına hörmət yolunu tutmuş yeni bir dövlətdir.

- BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya Serbiyanı tam dəstəkləyir. Bu o deməkdirmi ki, Kosovonun BMT Təhlükəsizlik Şurası tərəfindən tanınan normal dövlət kimi qəbul edilməsi heç zaman mümkün olmayacaq?

- Kosovonun BMT yolu çox uzaq bir yoldur. İlk növbədə Kosovo ən azı BMT Baş Assambleyasının üzvü olan 100 dövlət tərəfindən tanınmalıdır.

Əgər nəzərə alsaq ki, Rusiya əsrlərdir ənənəvi olaraq Serbiyanın müttəfiqi olub və hazırda da BMT-nin Təhlükəsizlik Şurasının veto hüquqlu üzvüdür, onda Kosovonun BMT-də ən ali səviyyədə tanınması hələ çox çəkə bilər.

Amma məncə, bu vəziyyət daimi davam edə bilməz. Kosovo ilə bağlı hay-küy yatanacan davam edəcək.

O zamana qədər ki, daha heç kəsi Kosovonun müstəqil olub-olmaması maraqlandırmayacaq.

Düzdür, Rusiya da daxil olmaqla bir sıra dövlətlər Kosovonun müstəqilliyinə qarşı çıxır, amma Amerika, Britaniya kimi Kosovoya tam dəstək verən ölkələrin də olduğunu unutmaq olmaz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG