Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:19

Kənd qadını…


Səhər açılandan axşama kimi gündə neçə dəfə su üstünə gəlir, ya paltar yuyur, ya da su daşıyır
Ağcabədinin Gələbədinli kəndində artezianda paltar suya çəkən Tahirəylə tanış oldum. Tanış oldum deyəndə, mən ona sual yağdırırdım, o da əlini bir dəqiqə də olsun işindən ayırmadan, heç başını qaldırıb üzümə baxmadan cavab verirdi.

Deyirdi ki, səhər açılandan axşama kimi gündə neçə dəfə su üstünə gəlir, ya paltar yuyur, ya da su daşıyır. 24 yaşlı Tahirə özündən 20 yaş böyük, Rusiyada yaşayan qohumuna nişanlıdı. Deyir, kəndin oğlanlarının əksəriyyəti Rusiyaya gedib:

«KİMDİ ONLARI OXUDAN?»

- Orda rus alırlar, burda «musurman». Mənim özüm boyda oğlum var orda…

- Qızlar neçə yaşında ərə gedir sizin kənddə?

- Məktəbi qurtarandan sonra da. Kimin qisməti açılır, məktəbdən qabaq da gedir.

- Qızlar oxumaq istəmir ki?

- Niyə istəmirlər? İstəyirlər, amma kimdi onları oxudan? Kasıbçılıq dərdindən oxuya bilmirlər.

Bərdənin Çələbilər kəndində isə qadınlar nəinki oxumaq, işləmək də istəyirlər, amma ev-eşik təmizləməkdən, təsərrüfatla məşğul olmaqdan göz açılmır ki, bir yan-yörəyə də baxalar:

«GƏRƏK ODUN GƏTİRƏSƏN, OCAQ QALAYASAN»

- Səhər tezdən gedirik sahəyə, sahədən qayıdırıq, gedib xeyli uzaqda olan bulaqdan su gətiririk. Sonra da paltar yuyuruq.

- İstirahətdən söhbət gedə bilməz. Axşama kimi su daşıyırıq.

- Qazımız yox, suyumuz yox, rahatçılığımız yox. Kənddir də…

- Uşaq bağçası yoxdur ki, uşağımızı aparıb qoyaq.

- Yay vaxtıdı, indi mürəbbə bişirmək istəyirik. Gərək odun gətirəsən, ocaq qalayasan. Özü də bu istidə…Şəhərlinin bir saata elədiyini biz 3 günə eləyirik.

Çələbilər kəndində Şükufə Cəbrayılova deyir ki, kənd qadını da gündəlik ev-çöl işlərindən ayrılıb sosial həyatda iştirak etmək istəyir,
«Qazımız yox, suyumuz yox, rahatçılığımız yox. Kənddir də…»
amma savadsız, peşəsiz ictimai həyata qoşulmaq onlara çətin görünür. Həm də təcrübə yoxdur:

SAVADSIZLIQ BAŞ ALIB GEDİR

- Ev işləri başımızı elə qatır ki, kənar işlərə vaxtımız qalmır. Əlbəttə, biz də istərdik ki, bələdiyyə seçkisində iştirak eləyək, hansısa işlərdə olaq.

Onun sözlərinə görə, təhsil alan qızlar da şəhərdə qalır, heç kəndə qayıtmır da. Şükufə xanım başqa bir problemdən də danışır:

- Qabaqlar məktəbdə qrup olurdu, valideyn savadsızdır, uşağıyla məşğul ola bilmir, uşaq gedirdi o qrupa. O qrup dağılıb, savadsızlıq da baş alıb gedir.

Müsahiblərim gülə-gülə deyirlər ki, onlar heç seriallara da baxa bilmirlər, onların fikrincə, seriallar işi-gücü olmayanlar üçündür, kənddə isə bekar qadın tapmaq mümkün deyil. Çünki kənd qadınının çiyninə təkcə ev təsərrüfatı yox, həm də əriylə çiyin-çiyinə əkin sahəsində çalışmaq da düşür.

«SU GƏTİRMƏK QADIN İŞİDİR»

Deyəsən, kənd qadınlarından fərqli kişilərin işi bir az asandır, çünki onlar hərdən istirahətə vaxt tapırlar, hər halda mən kəndlərdə olanda kişiləri ya bir yerə yığışıb söhbət edən, ya domino oynayan gördüm. Dolanışıqdan, kəndin problemlərindən, qadınların gündə neçə kərə uzaq məsafədən su gətirməyindən şikayətlənən kişilərdən soruşdum ki, heç olmasa, qadınınıza su gətirməyə kömək edirsizmi?

- Yox, su gətirmək qadın işidir. Bizim kənddə kişi su gətirsə, adamlar ona gülərlər.

Amma bəziləri etiraf etdi ki, axşam vaxtı, hamı ev-eşiyinə çəkilib yatandan sonra su gətirməyə gedirlər.

«Aran» Humanitar Regional İnkişaf Təşkilatının eksperti Ləman Babayeva deyir ki,
«Ev işləri başımızı elə qatır ki, kənar işlərə vaxtımız qalmır»
arada bir hansısa qeyri-hökumət təşkilatı kənddəki qadınlarla bağlı layihə həyata keçirəndə, aktivlik hiss olunur, amma bu da 3-4 ay çəkir, yəni layihə başa çatandan sonra əldə olunan təcrübə itib-batır.

Ləman Babayevanın sözlərinə görə, icmada kifayət qədər problemlər var, amma bunun həllinə qadınlar cəlb oluna bilmirlər, çünki təşəbbüskarlıq yoxdur, olanda isə dəstək tapılmır.

LAYİHƏ ƏSASƏN TƏLİMLƏRDƏN İBARƏT OLACAQ

Uşaq bağçaları və məktəblərdə qrup məsələsinə gəlincə, Bərdənin Çələbilər kənd bələdiyyəsinin sədri Əyyub Əhmədov bələdiyyə hesabına bu problemi həll edə biləcəklərini düşünür. Onun fikrincə, bələdiyyə şəraiti olan bir evdə cüzi ödənişlə uşaq bağçası yarada bilər.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sektor müdiri Aynur Kərimova isə deyir ki, kənddə yaşayan evdar qadınlar üçün peşə kurslarının təşkili və onların ailə biznesinə cəlb olunması məqsədilə layihələr həyata keçirməyi planlaşdırıblar. Bu layihə əsasən təlimlərdən ibarət olacaq.

Bərdənin Çələbilər kəndində yaşayan Şükufə Cəbrayılova da ümid edir ki, ömürləri ev-təsərrüfat işlərindən ibarət yeknəsək həyatla bitməyəcək, onlar da bir ağ günə çıxacaqlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG