Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Bir dəstənin faciəli taleyi…


Səid Dadaşbəyli
Dövlət çevrilişinə cəhd və vətənə xəyanətdə günahlandırılaraq dəstə rəhbəri kimi 14 il həbs cəzası alan Səid Dadaşbəyli prezidentə müraciət edərək ailə üzvlərinin taleyindən narahatlığını bildirib. Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Səid Dadaşbəyli prezidentə məktubunda qeyd edir ki, onun həbsindən sonra atası və bacısını işdən çıxarıblar. Məktubda o, əslində öz taleyindən də narahatlığını gizlətmir. Səid Dadaşbəyli qeyd edir ki, 3 il əvvəl həbs edilərkən onun dəstə üzvü kimi təqsirləndirilən Emin Məmmədov ittihamları qəbul etmədiyindən ağır şəkildə döyülüb və bu səbəbdən də ölüb. Müttəhimin sözlərinə görə, istintaqın gedişində Emin Məmmədovun döyülmə və can vermə lentini göstərərək, ona da təzyiqlər edilib.

Səid Dadaşbəyli yazır ki, indi ona qarşı irəli sürülmüş əsassız ittihamları dartışmaq istəmir, çünki işi artıq Avropa İnsan Haqları Məhkəməsindədir. Sadəcə, məqsədi Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin istintaq zamanı qanunsuz əməlləri ilə bağlı prezidenti məlumatlandırmaqdır.

ANA OĞLUNUN ƏFVİNİ YOX, GÜNAHSIZLIĞININ SÜBUTUNU İSTƏYİR

Səid Dadaşbəylinin anası Qətibə Qarayeva da deyir ki, ona oğlunun əfvi yox, günahsızlığının sübut edilməsi lazımdır. Üstəlik, o uydurma ittiham müəlliflərinin, istintaq zamanı işgəncə və özbaşınalıqlara yol verən şəxslərin cəzalandırılmasını istəyir. Qətibə Qarayevə deyir ki, Səidin həyat yoldaşını və uşaqlarını evlərinə gətirərək, onun evini kirayəyə verib. Bu yolla da ailələrini dolandırmağa, oğluna tez-tez baş çəkməyə çalışır. Qızı 6 dil bilsə də, özünə iş tapa bilmir, Dadaşbəyli familiyasını eşidən kimi hamı onlara «yox» deyir.

Qətibə Qarayeva düşünür ki, ali məktəbi qırmızı diplomla bitirən, ingilis dilində təmiz danışan oğluna dövlət çevrilişi ilə bağlı ittiham məhz namaz qılıb, oruc tutmasına görə verilibsə, bu ədalətsizliyi heç cürə qəbul edəsi deyil. Ananın gümanına görə, görünür, bəzi məmurlara günahsız dindar şəxsləri həbs etmək hansısa qazanc gətirir:

- Gözləri doymayan, müftəxor insanlar mənim oğlum kimi insanları tutub özlərinə rütbə qazanırlar. Onların məntiqinə görə, cəhənnəm olsun 15 gənc, qoy gedib həbsdə çürüsünlər. Təki özlərinə xeyir olsun…

HƏCC ZİYARƏTİNDƏ DÖVLƏT ÇEVRİLİŞİ OLUR?

İstintaqın gəldiyi nəticəyə görə, Səid Dadaşbəylinin dəstəsində özündən başqa 15 nəfər olub
İstintaqın gəldiyi nəticəyə görə, Səid Dadaşbəylinin dəstəsində özündən başqa 15 nəfər olub. Onlardan biri Emin Məmmədov istintaqın gedişindəcə vəfat edib. Dəstə üzvlərindən 13 il iş alan Hacı Rasim Kərimovun anası İradə Kərimova deyir ki, həbslər zamanı onun oğlu Həcc ziyarətində olub. Ana Həcc ziyarətində olan oğlunun dövlət çevrilişində ittiham edilməsini də heç cürə başa düşə bilmir:

- Həccdən zəng elədi ki, uşaqları niyə tutublar, mən dedim ki, bilmirəm. Əgər onun günahı olsaydı, heç Azərbaycana dönməzdi. 5 dil bilir, rus sektorunu qurtarmışdı, ingilis, fars, ərəb dillərini də bilirdi.

İradə Kərimova deyir ki, oğlunu dövlət çevrilişini maliyyələşdirməkdə günahlandırırlar və ittiham aktında qeyd edilir ki, dəstəyə 500 manat pul verib. Ana 500 manatla dövlət çevrilişi etməyi gülünc sayır. Üstəlik, İradə Kərimovanın sözlərinə görə, oğlu əgər dövlət çevrilişini maliyyələşdirsəydi, heç özləri bir otaqlı mənzildə yaşamazdılar.

Dəstə üzvlərindən Samir Qocayevin həyat yoldaşı Dürdanə İsmayılova da deyir ki, evlərini kirayə verib, özü valideynlərinin yanına köçüb. Kirayədən gələn pula körpə balasını saxlayıb həyat yoldaşının yolunu gözləyir.

HÜQUQ MÜDAFİƏÇİLƏRİ ONLARLA MARAQLANMIR?

Dürdanə İsmayılova deyir ki, hüquq müdafiəçilərinə də dəfələrlə üz tutsalar da, heç kim onlarla maraqlanmır:

- Həqiqətən bilmirik kimə üz tutaq. Prezidentə əfv üçün yazdıq, cavab gəldi ki, cəzasının yarısını çəkməsə əfv olmayacaq.

Bu dəstədən 14 həbs cəzası alan Ceyhun Əliyevin həyat yoldaşı Günel Əliyeva isə vəziyyətinin daha çıxılmaz olduğunu deyir. Həyat yoldaşı həbsdə, atası isə Qarabağ döyüşlərində həlak olub, heç qardaşı da yoxdur. İki xəstə uşağı ilə xəstə qayınanasının əlinə göz dikiblər:

- Qayınanamın özü də onkoloji xəstədir. Ancaq «peraşki» sexində işləyib, bizi dolandırır.

10 MİN DOLLAR PUL, KOMPYUTER QAYTARILMAYIB

Milli Təhlükəsizlik Nazirliyi
Dəstə üzvlərindən 12 il həbs cəzası alan Mikayıl İdrisovun həyat yoldaşı Nərmin İdrisova isə deyir ki, evlərindən axtarış zamanı 10 min dollar pullarını və komyuterlərini götürsələr də, hələ də qaytarmayıblar. Üstəlik, divanlarının küncünə partladıcı maddə qoyaraq, həyat yoldaşını evdə qanunsuz silah-sursat saxlamaqda günahlandırıblar. Nərmin İdrisova sual edir ki, evdə iki körpə uşaq olduğu halda divanın küncündə qumbara saxlamaq hansı məntiqə sığar?

BİR İNSANIN NEÇƏ MƏZHƏBİ OLAR?


- İttihamda bunlara gah yazıblar vəhhabisiz, gah yazıblar «Həmas»ın üzvsüz. Bir insanın nə qədər məzhəbi olar? Hər şeyi bir-birinə qatıb kaşa düzəldiblər. Adamı elə təriqətlərdə günahlandırırlar ki, o təriqətlər bir-birləri ilə düşməndirlər.

Milli Təhlükəsizlik Nazirliyində İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Arif Babayev isə həmin istintaqla bağlı səslənən ittihamları əsassız sayır. Arif Babayev deyir ki, Səid Dadaşbəylinin dəstəsi ilə bağlı tam, hərtərəfli və obyektiv istintaq aparılıb və sonra da iş məhkəmənin ixtiyarına verilib. O, çıxarılan hökmü də ədalət mühakiməsinin işi sayır.

Səid Dadaşbəylinin dəstəsi adı altında tutulan insanların valideynləri isə əksinə hələ də ədalətin təcəllasını arzulayırlar.
XS
SM
MD
LG