Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 17:15

Cavid Ramazanov "Absurdistanda ədəbiyyat davası" (II yazı)


Cavid Ramazanov
Cavid Ramazanov
"Alma" qəzetinin yazarı Cavid Ramazanovun Milli Kitab Müsabiqəsinin münsiflər heyətinin üzvü olmuş Rəşad Məcidin Azadlıq Radiosuna verdiyi müsahibəyə cavabı.

Vallah, çox absurd ölkədə yaşayırıq. Bunu yüz dəfə, min dəfə, milyon dəfə deyiblər. Qoy mən də yüzbirinci, minbirinci, milyonbirinci dəfə deyim:

Azərbaycan absurdlar ölkəsidir, Azərbaycan mənasızlıqlar ölkəsidir, Azərbaycan təfəkkürcə xəstə insanlar tərəfindən idarə edilən ölkədir.

Keçən həftə Absurd cəmiyyətdə ədəbiyyat müsabiqəsi” adlı bir məqalə yazdım, bir həngamə, bir vay-şivən qopdu ki, gəl görəsən.

Ömründə “A” romanından başqa əsər oxumayan, “HOST”un replərindən başqa alternativ musiqiyə qulaq asmayan, ciddi, kədərli, yalanı sevməyən, xəyanəti bağışlamayan Elxan Qaraqanın fanatlarını başa düşmək olardı, bəs qeyriləri?

“Onlar bütün bunları paxıllıqları, kinləri və hikkələrindən edirlər…

Sadəcə, mən o cavan uşaqların öz yaşıdlarına qarşı o cür münasibətini anlamıram. Məsələn, Anara, qoca yazıçılara bu cür yanaşırdılar, indi də öz yaşıdlarına keçiblər. Nə var-nə var, bir az uğuru var…

Sadəcə, Elxan haqqında kampaniya aparmağa cəhd edən o gənclərin bəd niyyətlərinə heyfislənirəm”.

Bu sözləri Elxan Qaraqanın ideoloqu Rəşad Məcid məlum məqaləmə münasibət bildirərkən deyib.

İndi nə deyəsən? Bu nə məntiqdir? Bu nə düşüncə tərzidir? Bunu allah qoymasa, ədəbiyyat adamı, kitab oxumuş, intellektual bir insan deyir.

Mən Elxan Qaraqanın romanı barədə tənqidi məqalə yazmışam. Amma sən demə, Azərbaycanda kimisə tənqid etmək, ona paxıllıqdan, kindən-küdurətdən irəli gəlirmiş.

Rəşad bəy, mən indiyə qədər nə bir hekayə, nə də bir roman yazmışam.

Milli Ədəbiyyat Müsabiqəsinə əsər təqdim etməmişəm. Əgər mən hekayə yazsaydım, roman yazsaydım, onu ədəbiyyat müsabiqəsinə təqdim edib, uduzsaydım, bəlkə də bu sizin əlinizdə məni paxıl, kinli, bəd niyyətli adlandırmaq üçün fürsət ola bilərdi.

Amma mən bunların heç birisini eləməmişəm, mən hələ ki publisistikayla məşğulam.

Sözünüzdən belə çıxır ki, AYB-nin üzvü olan ədəbi-tənqidçilər paxıl, kinli, bəd niyyətli adlandırılmaqdan qorxduqları üçün yalnız təriflə, mədhiyyəylə məşğuldurlar.

Sözünüzdən belə çıxır ki, bu gün cəmiyyətimizi məhv edən tərifin, yaltaqlığın, əntərliyin səbəbi elə insanların paxıl, kinli, bədniyyətli adlandırılmaqdan qorxduqları üçündür.

Kimisə tənqid eləyən adamları da dərhal dama basırlar. Emin Millini, Adnan Hacızadəni, Eynulla Fətullayevi, həbsdən təzə çıxmış digərlərini də paxıl olduqları üçün, hakimiyyətin uğurlarını qısqandıqları üçün, əsassız tənqid etdikləri üçün dama basıblar.

Əla məntiqdi, söz ola bilməz. Dərhal beynəlxalq təşkilatlara bu barədə məlumat vermək lazımdır ki, həbs edilənlər paxıldırlar, kinlidirlər, qısqancdırlar, ona görə də içəridə ömürləri çürüyür, əcəb olur, vətən öz düşmənlərini tanımalıdır!

Tənqidə dözməyənlər

Bir şeyi anlamalısınız ki, dünyada tənqid deyilən bir şey var. Tənqid cəmiyyətin inkişafı deməkdir, fikir plüralizmi deməkdir.

İstənilən mədəni, sivil ölkədə tənqid çox normal qarşılanır, hətta sevgiylə qarşılanır, yalnız banan ölkələrində, cındırından cin hürkən ölkələrdə tənqidi topla-tüfənglə qarşılayırlar.

Rəşad bəy, tutduğunuz vəzifə, cəmiyyətdəki mövqeyiniz, oxuduğunuz kitablar sizi insanlara fərd kimi yanaşmağa məcbur etməlidir, halbuki siz qarşınızdakına sürü kimi baxırsız:

“Sadəcə, mən o cavan uşaqların öz yaşıdlarına qarşı o cür münasibətini anlamıram. Məsələn, Anara, qoca yazıçılara bu cür yanaşırdılar, indi də öz yaşıdlarına keçiblər. Nə var-nə var, bir az uğuru var”, deyirsiz.

Mən indiyə qədər, nə Anar barədə, nə də digər qoca yazıçılar barədə bir kəlmə də yazmamışam, kimisə təhqir etməmişəm, kiməsə qara yaxılan kampaniyada iştirak etməmişəm. Siz isə məni hansısa sürüyə aid edirsiz.

Bu sizin probleminizdir, əgər belə sözlərinizə görə, bu düşüncə tərzinizə görə sizi tənqid edirlərsə düz edib, tənqid edirlər! Günahı özünüzdə görün, başqalarında yox…

12-ci, 16-cı əsrdən sitatlar

“A” romanı plagiatdır, sudan quru çıxmaq üçün 12-ci, 16-cı əsrə qayıdıb Nizamidən, Füzulidən misal gətirmək gülüncdür.

“A” romanı ona görə plagiatdır ki, müəllif “Döyüş klubu” (“Fight club”) filminin mövzusunu eynilə romanında işləyib, süjet xətti belə eynidir. Qəhrəmanların adlarını Azada, Ayselə, Abbasa dəyişməklə əsərə “plagiat deyil”, demək düzgün deyil. Keçən dəfə bu barədə ətraflı yazmışdım.

Rəşad Məcid isə deyir: “Adı çəkilən “Döyüş klubu” filmi bəyəm Azərbaycan cəmiyyətindəki rüşvətxorluq və başqa problemlərdənmi bəhs edir ki, Elxan oradan oğurluq etmiş sayılsın?”

“Döyüş klubu” filminin əsas mövzusu SİSTEM əleyhinədir. Qaraqanın romanın da əsas mövzusu SİSTEM əleyhinədir.

Rüşvətxorluq və başqa problemlər SİSTEMƏ daxil olan xırda detallardı, “Döyüş klubu” filmində də belə xırda detallardan bəhs edilir. Əgər Rəşad Məcid ön söz yazdığı romanın SİSTEM əleyhinə yazıldığını, rüşvətxorluq və başqa problemlərin burada xırda detallar olduğunun fərqinə varmayıbsa, təklif edirəm ki, romanı bir də oxusun, “Döyüş klubu” filminə baxmayıbsa baxsın, sonra başqalarını paxıl, kinli qısqanc adlandırsın.

Hansısa əsərlərdən təsirlənmək başqa şeydi, plagiat başqa şeydi.

Bir də təkrar edirəm, “A” romanı ilə “Döyüş klubunun” mövzusu eynidi, süjet xətti eynidi. Qaraqanın romanı “Döyüş klubu”nun tənqidi deyil, parodiyası deyil, hansısa postmodern elementlərdən istifadə edilməyib, dekonstruksiya yoxdur. Bu isə birbaşa müəllif hüquqlarının pozulmasından və plagiatçılıqdan xəbər verir.

Amerikada plagiat qalmaqalı

Bu yaxınlarda belə bir plagiat qalmaqalı yaranmışdı. Məşhur Amerika yazıçısı Selincer müəllif hüquqlarının pozulduğunu iddia edərək, məhkəməyə müraciət etmişdi.

Səbəb isə o idi ki, İsveç yazıçısı Fredrik Koldinq onun romanının əsasında “60 il sonra. Çovdarlıqdan keçib gələrək” əsərini yazıb, bu isə onun müəllif hüquqlarının pozulması deməkdir.

Məhkəmə Selincerin hüquqlarını bərpa etdi və İsveç yazıçısının əsərinin Amerikada nəşrinə qadağa qoydu. Rəşad Məcidin məlum məsələylə bağlı müsahibə verdiyi Azadlıq radiosunda da bu xəbər getmişdi. Məlumatı ixtisarla burada yerləşdirirəm bir daha diqqətlə oxuyun:

“Amerika məhkəməsinin qənaətinə görə, əsər (“60 il sonra. Çovdarlıqdan keçib gələrək”-C.R) 20-ci əsr ədəbiyyatının ən görkəmli simalarından olan amerika yazıçısı Cerom Devid Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını çox xatırladır və çətin ki, Amerikada çapı mümkün olsun.

Amerikanın Manhettendəki 2-ci Federal Dairə Apellyasiya Məhkəməsi aprelin 30-da aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Aşağı instansiya məhkəməsi isə keçən il qərar qəbul etmişdi ki, İsveç yazıçısının əsərinin nəşri mümkünsüzdür, çünki Selincerin romanının əsasında yazıldığı aydındır, tekstində də “Çovdarlıqda uçurumdan qoruyan”a nə parodiya, nə də tənqidi yanaşma var.

“60 il sonra. Çovdarlıqdan keçib gələrək” – Fredrik Koltinqin debüt romanıdır. O iddia edir ki, Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanını ikicə dəfə oxuyub, amma qəribədir ki, onun romanının çox hissəsi Selincerin romanına əsaslanır.

Buna “Çovdarlıqda uçurumdan qoruyan”ın davamı da demək olar.

Selincerin qəhrəmanı Holden Kolfildin xarakteri yeniyetmələrin qiyamçı təbiətini ifadə edir.

İsveç yazıçısı isə onun adını Mr. K. kimi göstərir və 60 il sonra – ahıl yaşlarında onun başına gələnləri təsvir edir.

Mr. K. oğlu tərəfindən qocalar evinə köçməyə məcbur edilir və bu dəfə oxucu – qəhrəmanın qocalıq qiyamının şahidi olur. O, qocalar evini tərk edir və avtobusa minib Nyu-Yorka yollanır.

Koltinq öz əsərini Selincerin fanatı kimi yazdığını, “Çovdarlıqda uçurumdan qoruyan”ın mətninə tənqidi yanaşdığını iddia edir.

Selincer bu ilin yanvarında 91 yaşında vəfat edib. Koltinqi məhkəməyə verməsi Selincerin – öz müəllif hüquqlarını qorumaq üçün ölümündən qabaq etdiyi son cəhd idi”.

Frederik Koldinqin uğursuz cəhdinin qarşısı alındı, amma halbuki onun əsəri “A” romanı ilə müqayisədə plagiatdan çox uzaq idi. Koldinqin əsəri Selincerin əsərinin davamı olsa da, mövzuya yeni baxış, yeni süjet xətti gətirsə də, onun əsərinin Amerikada çapına icazə verilmədi.

“A” romanı isə nə “Döyüş klubu” filminin davamıdır, nə mövzuya yeni baxış gətirilib, nə də süjet xəttində dəyişiklik var. Koldinqin əsəri “A” romanı ilə müqayisədə daha “mütərəqqi” plagiatdır.

Qeyri-peşəkar münsiflər

Nə isə… Nə qədər fakt ortaya qoysan da, axırda yenə öz bildiklərini deyəcəklər, onsuzda yazmağın bir mənası yoxdu.

Rəşad Məcidin özü münsiflər haqqında deyir: “Amma bəzi yazıçılar var ki, cəmiyyətdəki imicləri elədir ki, ola bilsin bəzi münsiflər onlara münasibətdə siyasi amilləri də nəzərə alıblar.

Mənə jüri üzvlərinin biri dedi ki, Rafiq Tağı dini təhqir edib, mən ona “0” bal verəcəm.

Bir “0” da həll edir ki, Rafiq Tağı qiymətləndirmədə düşsün aşağı pilləyə. Amma Elxan Qaraqan heç kimə mane olmayan, yəni mənfi impuls doğurmayan adamdır”.

Münsif Rafiq Tağının nə vaxtsa yazdığı esseyə görə ona “0” bal verir, halbuki o, müsabiqəyə təqdim edilmiş əsəri oxuyub, obyektiv, ədalətli qiymət verməliydi.

Təklif edirəm gələn ilki namizədlərin təmiz olub-olmadığını yoxlamaq üçün onları bioloji laboratoriyaya aparıb ekspertizadan keçirsinlər. Məncə daha obyektiv qərar çıxardarlar.

P.S Nə isə… Müvəqqəti narahatçılığa görə üzr istəyirəm. İşinizdə olun…

“Alma”
XS
SM
MD
LG