Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:20

İranda fəalların tuthatutu davam edir


İrandakı hüquq müdafiəçiləri deyirlər ki, son vaxtlar bu ölkədə əməlli- başlı tuthatutdur
Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə fəallarından biri, hüquq müdafiəçisi Həsən Rəhimi İranda sonuncu həbs olunanlardandır.

O, artıq 10 gündür məhbəsdə olmasına baxmayaraq, hələ də ailə üzvləri ilə görüşə bilməyib. Əslində ailə üzvləri onunla görüşə bilmir. Bu barədə ailədən kimsə danışmaq istəmir.

NİYƏ TUTULUB? BİLİNMİR…

Adının çəkilməsini istəməyən yaxınlarından biri isə deyir ki, Həsən Rəhimi Evin zindanında saxlanılır. Niyə tutulduğu, hansı suçla ittiham olunduğu da bildirilmir. Vəkil yardımından istifadə etməyə də imkan verilmir ki, sağ-salamat olması barədə ondan nəsə öyrənmək mümkün olsun.

Mühəndis Həsən Rəhimini İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi- ETTELAAT-ın əməkdaşları iyulun 3-də iş yerindən aparıblar.

İRANDA TUTHATUTDUR

İrandakı hüquq müdafiəçiləri deyirlər ki, son vaxtlar bu ölkədə əməlli- başlı tuthatutdur. Artıq milli kimlik uğrunda dinc mübarizə aparanların təkcə özlərinin deyil, həm də ailə üzvlərinin –xüsusilə də onların həyat yoldaşlarının zindana düşməsi intensivləşib. Fərdin özünə verilən işgəncələrin əvvəlki illərdəki kimi effektli olmadığını görən İran rejimi indi də bu üsulla içəridəkilərdən istədiyi ifadəni almağa çalışır. Bu vasitə həm də həbsdəkilərin azadlıqda olan ailə üzvlərini təzyiqdə saxlamağı asanlaşdırır.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü, hüquq müdafiəçisi Yaşar Həkkəkpur isə deyir ki, Həsən Rəhimi hüquq müdafiəçisi olduğuna və milli kimlik uğrunda mübarizə apardığına görə həbs edilib. İranda belə adamlar həbsə salındıqda bir müddət onlarla görüşə icazə verilməməsi də təsadüfi deyil:

Yaşar Həkkəkpur
«İranın cəza qanunlarının 128-ci maddəsinin bəndlərindən birində deyilir ki, təhqiqat mərhələsində müttəhimin ailəsi, yaxud vəkili ilə görüşməsinə icazə verilməyə bilər. Dəfələrlə müşahidə olunub ki, tutulub ailəsi və vəkili ilə görüşməyə bir neçə ay icazə verilməyən fəallar işgəncəyə məruz qalıblar. Məsələn Səyid Mətinpur 9 ay Evin həbsxanasında olduğu müddətdə ailəsi ilə danışmağa izin vermədilər. Bu müddətdə ETTELAAT-a həmin adamların ittihamları zorla üzərlərinə götürtmək üçün şərait yaranır. Və onlardan işgəncə altında ifadə alırlar. Buna görə də bəzən hətta bir neçə ay görüşə icazə verilmir. İran qanunvericiliyi saxlanılan adamla belə rəftar üçün imkan yaradır. Və təhqiqat zamanı zindanda olan şəxsin vəkillə təmin olunmaması da qanunla yolveriləndir».

MƏHBUSLARIN AİLƏSİNƏ DANIŞMAQ YASAQDIR

Yaşar Həkkəkpurun sözlərinə görə, İranda həbs olunanların ailə üzvlərinə bu barədə mediaya danışmaq, beynəlxalq təşkilatlarla əlaqə saxlamaq yasaq edilir. İnsanlara təzyiqlər, təhdidlər edilir ki, onlar hadisə ilə bağlı məlumat yaymasınlar. Elə bu səbəbdəndir ki, bir çoxlarının- o cümlədən də Həsən Rəhiminin ailə üzvləri danışmaqdan çəkinirlər.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü onu da deyir ki, Ancaq bu cür təzyiqlərlə İran hakimiyyəti istədiyinə nail ola bilməyəcək. Çünki onlar bir təşkilat olaraq bu ölkədə baş verənlər, fəaliyyətinə görə azadlıqdan məhrum edilən hər bir azərbaycanlı barədə beynəlxalq qurumları və dünya mediasını mütəmadi məlumatlandırırlar.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı – GAMOH–un Azərbaycan respublikası üzrə təmsilçisi Ağrı Qaradağlı isə deyir ki, Həsən Rəhimidən öncə də xeyli milli hərəkatçı həbs olunub. Onların da heç birinə yaxınları ilə nə görüş, nə də telefon bağlantısı verilmir. Ağrı Qaradağlının sözlərinə görə, İran rejimi indi də həbs olunanların həyat yoldaşlarını tutmaqla milli kimliyi uğrunda mübarizə aparanları sındırmaq istəyir.
Ağrı Qaradağlı
Onun sözlərinə görə, Güneyli milli hərəkatçı Yürüş Mehrəlibəylinin həyat yoldaşı Zəhra Fərəczadə artıq 20 gündən çoxdur ki, həbsdədir və heç kimlə hər hansı formada əlaqə saxlamasına imkan verilmir.

«ETİRAFLARA MƏCBURETMƏ MƏQSƏDİ»

«Son zamanlar milli hərəkat daxilində böyük gəlişmələr və belə desək Təbrizdə, başqa şəhərlərdə, ümumən Güney Azərbaycanda bəzi birləşmələrə doğru gedən insanlar var idi. Bunlar da ümumiyyətlə 1994-95-ci illərdə hərəkatın özəyini qoyan şəxslər idi. Həmin bu adamlar 2 aydan çoxdur ki, yaxalanıb içəridə saxlanılırlar. Bu isə birləşmənin qarşısını almaq üçün təzyiqlərlə həmin şəxsləri bəzi «etiraflar»a məcbur etmək məqsədi daşıyır. Yürüş bəyin həyat yoldaşını da ona görə saxlayıblar ki, ona təzyiq edib hətta televizora çıxarmaqla bəzi etiraflar etdirsinlər».

Yürüş Mehrəlibəylini ETTELAAT-ın əməkdaşları mayın 10-da Təbriz yaxınlığında həbs edib.

Onun həyat yoldaşı Zəhra Fərəczadə isə iyunun ortalarında məhbus həyat yoldaşının durumunu öyrənmək üçün Təbriz məhkəməsinin 4-cü şöbəsinə müraciət edərkən həbs olunub.

Ağrı Qaradağlı deyir ki, İran rejimi çətin ki, yeni üsullarla nəyəsə nail ola bilsin. Hətta bu və digər milli hərəkatçıların hansısa biri çıxıb televizorda nəyisə etiraf etsələr belə, xalq ciddi yanaşmayacaq. Çünki indi İranda hamı yaxşı bilir ki, belə etiraflar nəyə görə edilir.
XS
SM
MD
LG