Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:42

Şəffaflıq təkcə məscid tikintisindəmi olmalıdır?


Şeyx Mübariz Qaçayev və Qənimət Zahid
Şeyx Mübariz Qaçayev və Qənimət Zahid
Bu həftə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov məlumat verdi ki, yeni bir şura yaradılır. Bu şura məscidlərin tikintisinə, təmirinə rəy verəcək. Hidayət Orucovun deməsinə görə, şura təkcə rəy verməklə kifayətlənməyəcək, məscid tikintisində istifadə ediləcək maliyyənin mənbəyini də araşdıracaq. Həmin şurada QMİ və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri də iştirak edəcək.

Komitənin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov isə AzadlıqRadiosuna deyib ki, məqsəd bununla sadəcə şəffaflığı təmin etməkdir. Həmin pulun halal yolla qazanılıb-qazanılmadığını öyrənmək, çirkli pulların yuyulmasında məscid və kilsə tikintisindən istifadə edilməsinə yol verməməkdir.

«Panorama» verilişində Müşfiqabad məscidinin imamı Şeyx Mübariz Qaçayev və «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid yeni yaradılmaqda olan şura ilə bağlı fikirlərini bölüşüblər.

ŞEYX MÜBARİZ QAÇAYEV:

«İslamda məscid tikənlər Allaha inananlar, ondan qorxanlar, ibadət edənlər olmalıdır. Xəlifə Osman peyğəmbərə istinadən deyərdi ki, bir kəs məscid tikərsə, Allah da ona cənnətdə bina inşa edər. Ancaq əməl niyyətə görədir. Bəzi insanlarda riyakarlıq var. Ola bilər ki, onların məscid tikdirməkdə məqsədi cəmiyyətdə comərd kimi tanınmaq, irəli getməkdir. Mən indi bilmirəm ki, bu şura hansı məqsədlə yaradılır və hökumətin məscid tikdirən insanlardan şəffaflıq tələb etməsi hansı məqsəd daşıyır. Ancaq Allaha inanan, ondan qorxan, ibadət edən insanların da elə qazancı halaldır. Ancaq biz cəmiyyətə baxanda, başqa şeylər görürük. Bu qədər şadlıq evləri tikirlər. Onların biri ilə neçə-neçə məscid tikmək olar. Həmin şadlıq evləri insanların cibini soyur. Ancaq heç şadlıq evi tikdirənə deyən yoxdur axı, maliyyənin mənbəyini göstər. Düzdür, Azərbaycanın əksər məscidlərində savadsızlıq baş alıb gedir. Bəlkə də bunun qarşısını almaq istəyirlər…»

QƏNİMƏT ZAHİD:

«Məncə, bu məsələ 3 aspektdə dəyərləndirilməlidir. Birincisi, bu, imza davasıdır. Bəzi məmurlar hansısa qərarların verilməsində öz imzalarını görmək istəyirlər. İkincisi, burada qazanc məqsədi güdürlər. Üçüncüsü isə, buna hakimiyyətin siyasəti kimi baxmaq olar. Hakimiyyət həm məscidləri hansısa kvotada saxlamaq istəyir, həm də insanların dinə meyl etməsindən çəkinir. Yaxşı, bunlar şəffaflıq istəyirlərsə, bəs nəzir qutularına nəzir verənlərdən soruşurlarmı ki, bu pul haradandır? Və yaxud bu nəzir pulları hara gedir, hansı savab işlərə xərclənir? Yer üzündə 60-a qədər müsəlman ölkəsi var. Bu ölkələrin yarısından çoxu şeytan fitnələri ilə idarə edilir. Xalqı məzlum kökünə salmaq, fəqir insanın sonuncu tikəsini də əlindən almaq…»

XS
SM
MD
LG