Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:17

Rəsul Rza çibinlər və mığmığalar haqda














DAMĞA
(Rüşvətxor Binamusoviçə açıq məktub)


Saçları ya şəvə kimi qapqara,
Ya yumurta sarısı,
ya tünd qəhvəyi,
məxməri pivə kimi.
Qəlbini arayıb axtarsan,
dibə kimi,
bu fikirləri taparsan, ancaq.
Neyləyək alaq!
Kimdən alaq?
Necə alaq?
Gündüz alaq?
Gecə alaq?
Ucdantutma hamıdan,
yoxsa seçə-seçə alaq?
Pul var, pul alaq!
Yoxdu, imarət, pendir, yağ,
Xalça, palaz, keçə alaq!
Lap bəd başı,
fərə alaq,
beçə alaq.
Necə olur-olsun,
necə yaşayır-yaşasın xalq,
biz alaq, alaq!
Gəliri iştahasından az olsa,
ovqatı təlx olur.
Deyinir…deyinir...
Tutasan yaxasından, deyəsən:
-Yəni sən də kişisən?!
Arvadın özgə puluna geyinir.
Yatdığın yorğan-döşək,
yediyin xörək,
qızının başındakı örpək,
mənzilindəki limon ağacı,
içi büllur dolu servant,
dörd bir yana düzdüyün
qayırma çiçək,
qapı pəncərələrdəki pərdə-ipək,
hamısı rüşvət pulunadır,
Sən də kişi qoymusan adını!
Rüşvət alıb saxlayırsan arvadını.
Bəlkə, eşidib bunu,
Rüşvətxor Binamusoviç deyər:
"Bəs mənim pulum yoxdur, məgər?
Bəs mənim maaşım?"
-Yum kalafa ağzını!
Dayan!
Haray salma!
O xidmət yerini də
rüşvətlə almısan.
Gəlininin yumşaq başmağı,
qardaşının iki çeşmə otağı,
hamısı rüşvətə gəlib başa.
Oğlunun kostyumu,
ayaqqabısı,
qol saatı,
cib bıçağı,
bacının qızıl zəncir qolbağı:
hamısı rüşvətə düzəlib.
Gözümə soxma,
bir günlük kef məclisinə
bəs eləməz maaşını.
Hələlik girləsən başını,
hələlik saxlasan da,
yeznənin adına yazdırdığın
təzə "Volqa" maşını,
belə getməz.
Tez-gec verərlər,
suyunun aşını.
Yəni sən də kişisən!
Gözünə girsin, o maaş!
Bilirsənmi ən layiq adın
nədir, sənin?!
Aşın müqəyyəd qafiyəsi!
Anladınmı?!
Qulaq as!
Dara-bara salma!
Sus!
Rüşvət puluna külfət saxlayan
dəyyus!
İndi get al rüşvətini,
ala bilirsən.
Bu adla adamlar içində qal,
qala bilirsən.

1962


MIĞMIĞALAR

Məni şirin yuxudan oyatdı mığmığa.
(Cücülər də başlayıb mərdimazarlığa)
Bir alacağı yoxdur məndən;
bir damcı qandan qeyri.
Qan mənə lazımdır,
yaşamaq üçün
Qanın ona nə xeyri?
Deyirlər o da yaşamaq istəyir.
Ona da qan lazımdır
Axı, qan mənimkidir.
Xüsusi mülkiyyətin
Əleyhinə olsam da kökündən,
hemoqlobinlər, leykositlər
fərdi olmaya bilməz.
Zəhmətlə toplamışam onları damarlarıma.
Bu mığmığalar nə deyir, bəs!
Yaxşı, deyək bir damcı qanla
mən nə zəngin olaram, nə yoxsul;
gəlirsən gündüz gəl apar,
açıq-aşkar,
həm də dağılmasın gözlərimin yuxusu,
İstə ədəblə, ərkanla,
sancaqsız, dızıltısız.
Bir damcı aparıb, bütün qanımı qaraltma.
Düşünürəm;
bütün dünyanın mərdimazarlarını yığalar
içində çibinlər, hünülər
və… ədəbi mığmığalar.
Söz verələr mənə.
Kürsü alçaq, ya hündür olsun,
nə ziyan.
Sözə başlayıb deyəm:
- Əya, kürühi-kifiryan!
İstəyiniz nədir?
Dızıltınız həm tanış, həm köhnədir.
Cücü mığmığalar
qaranlıq sevir, nəm sevir,
durğun hava sevir.
Ədəbi mığmığalar,
fürsət gəzir,
girəvə axtarır.
Dava sevir.
Hələ deyək adi mığmığaya
yaşamaq üçün qan gərəkdir.
Bəs siz?
Ədəbi mığmığalar?
Axı siz özünüzü adam sayırsınız.
Niyə
həşəratı yamsılayırsınız?

1962


ÇIBİNLƏR

Çibinlər yenə də incidir məni
Aman vermirlər ki, dincəlim bir an.
Quru nəsihətçi, tənqidçi kimi
Bərk-bərk yapışıblar mənim yaxamdan.

Neyləyim, neyləyim, dil bilmirsiniz,
özündən bədgüman şairlər kimi.
Yoxsa açıb bütün tökərdim sizə
sizdən nələr, nələr çəkmiş qəlbimi.

Axı nə yamanlıq etmişəm sizə!
Belə qoşun-qoşun axıb gəldiniz?
Bu şəkər, bu pendir, bu da ət, yeyin!
Gəzməyə də bu çöl, bu bağ, bu dəniz…

Yanımdan bircə an ayrılmırsınız,
Bu necə rəftardır, bu nə ədəbdir?
Yoxsa mən hamıdan şirin olmuşam.
Bəlkə məhəbbətdə bu yeni dəbdir?

Neçə nöqtə, vergül düzdünüz bu gün,
yazıldı vərəqlər üstünə dən-dən.
Gündə bir dəyişən orfoqrafiyanı
yaxşı bilirsiniz, görünür, məndən.

Hava xoş, dəniz göy, əncir, üzüm bol,
Dənizdə oğlanlar, qızlar çimirlər,
Xoşbəxtlik əlçatmaz bir xəyal deyil.
Aman bu çibinlər, ah bu çibinlər!..

Buzovna, 1959


QORXURAM
(Sabir sağ olsaydı)


Taksi maşınla çıxıram yollara,
şoferi lülxan görürəm, qorxmuram.

Gah zooparkda gəzirəm səllimi,
hər cürə heyvan görürəm, qorxmuram.

Bağlı, dəmir çaxçaxın ardında çox
mürgülü aslan görürəm, qorxmuram.

Modaya vurğun bala meymunları
az qala üryan görürəm, qorxmuram.

Tənqidə düşmüş neçə gənc şairi
"qanına qəltan" görürəm, qorxmuram.

Gah bitirib iclası, dərhal, yenə
bir yeni elan görürəm, qorxmuram.

Bağda, ya plyajda papaq - yan gəzən
təptəzə xuliqan görürəm, qorxmuram.

Şanısı, əncirləri səf-səf duran
bağları viran görürəm, qorxmuram.

Dəstəsi yüz-yüz qaçışan küdrüdə,
tək bala ceyran görürəm, qorxmuram.

Sözləri əzbər, quru natiqləri
kürsüyə qalxan görürəm, qorxmuram.
Böylə şücaətlə, sözün doğrusu,
neyləyim…
Qoy olanı söyləyim:
Yerlipərəstlikdə hünər göstərən
arxalı nadan görürəm, qorxuram.

Bisəbəb qorxmuram, vəchi var-
Fikrini qan-qan görürəm, qorxuram.
Dəyməsələr onlara, mikrob kimi
günbəgün artan görürəm, qorxuram.
Qorxuram, qorxuram, qorxuram…

1962


ANONİMÇİ

Qaranlıq gecələrdə
qara fikirlərini
qara qələmlə yazdı
köhnə vərəq üstünə.
Sağanaydı, yazdı sol əliylə.
Bəzi sözü qəsdən səhv yazdı,
bəzisini savad kəmliyindən.
Özünü fağır qələmə verdi,
yaz əmliyindən.
Yazdı, o yan-bu yana baxa-baxa,
yazdı, hər hənirtidən,
hər səsdən
qorxa-qorxa.
Yadına saldı söhbətləri, zarafatları;
görsün ələ gələn nə var.
Bir-bir tutuşdurdu
uydurmaları, yarımfaktları.
Hey dönə-dönə açdı, tökdü yaddaşını;
görsün, yenə nə var.
Gözləri qan çanağı
ağzı qupquru.
Barmaqları yazmaqdan qabar-
İy çəkən burun,
darı dənləyən qulaqlar.
Yazdı: "Nə mərdimazaram,
nə paxıl.
Haqsızlıq görüb yanıram, axı.
Xəttimdən bilinər necə dilxoram.
İmza qoymuram,
düzü… qorxuram.
Çünki bu adamın dayısı oğlu
bizim müdirin xalası nəvəsinə
elçi göndərəcək, deyirlər.
Yəqin ki, toy edəcək,
üç gün, üç gecə,
izdihamla, brilyant üzük nişanla.
Hələlik siz işdən çıxardın onu,
mən də gələn məktubumda
yeni beş nəfəri
ifşa edərəm, inşaallah".
Belə məktub mənim üstümə yazılmış ola,
fərqi yoxdur, yay ola, qış ola,
çıxıb küçə eyvanına bağırardım
məktubun - anonim,
özün - anonim,
sözün - anonim.
Ax, anonimçi!
Ax, anonimçi!
Sənin bacını, ananı…
Ağlar görəydim.

1963


RÜŞVƏTXORLAR MƏRSİYƏSİ

"Ax, necə kef çəkməli əyyam idi.
Ondaki övladi-vətən xam idi…"
Rüşvət alırdıq azı-az, çoxu-çox.
Puldu, qızıldı, ya da şey, fərqi yox.
Əmr eləyirdik cibi tox, qarnı tox.
İndi nədir? Qoyma-haray, qorxhaqorx,
Xalqa ağır gün, bizə bayram idi.
"Ax, necə kef çəkməli əyyam idi".

Gör necə bir döndü bu bəxtin üzü,
Əyrini düz, əyri yazırdıq düzü.
Ruzi axırdı gecəsi, gündüzü.
Əllini bir, ayrı yığırdıq yüzü.
Sandığa pullar necə dam-dam idi,
"Ax, necə kef çəkməli əyyam idi".

Hansı lağım qaldı ki, biz oymadıq?
Hansı soğan qaldı ki, biz soymadıq?
Çarşı, bazar, budka, dükan qoymadıq,
Aldıq, alınca usanıb doymadıq.
Süfrə dolu gündə nahar, şam idi,
"Ax, necə kef çəkməli əyyam idi".

Biz kişiyik, məclisimiz şəndi, bil!
Bizdə vəfa, bizdə səxa gendi, bil!
Vardı bir az qorxusu hərçəndi, bil,
Yeddi verən on verənə zam idi
"Ax, necə kef çəkməli əyyam idi".

Hazır olurdu nə müfəttiş desək.
Gözdən itirdi balaca kiş desək.
Tez düzəldirdi nə sayaq iş desək,
Yeddi desək, altı desək, beş desək.
Barmağımız arifə eyham idi.
“Ax, necə kef çəkməli əyyam idi".

Müştəri bol, işləri bol, alqı bol,
Ölkədə bunca yox idi kontrol.
Yaxşı girinc etdi bizi komsomol,
İndi, yedin, qusmağa tez hazır ol!
Bir soruşan yox, bu, nə əncam idi,
Hər şeyimiz, hər zadımız tam idi,
"Ax, necə kef çəkməli əyyam idi".

Fevral, 1964


YALTAQ

İnsanlar əmək çəkir, tər tökür
Kimi ev tikir
Kimi dağ sökür.
Hərənin bir işi var, bir sənəti.
Ancaq necə gizlədim həqiqəti
Yaltaqlığı da özünə sənət eyləyən var,
Bu da bir döldür - yaltaqlar!
Elə zənn etməyin
yaltaqlıq asan işdir
Elə söhbətdir, gülüşdür.
Yox.
Zarafatdırmı, hər gün,
nimdaş köynək kimi
üz-gözünü dəyişdir;
lazım olan vaxt şən görün,
lazım olan vaxt qaşqabaq elə,
hər gün qarşıla müdirləri
gülə-gülə,
əyilə-əyilə
Bir xəzinədar sandığın gözündən
lazım olan xırdanı, əskinası
tapıb çıxaran kimi,
çıxart lazım olduqca
heyrəti,
nifrəti,
riqqəti, təbəssümü
könül qəfəsəsindən
Məharətlə düz sözləri,
rəfə mal düzürsən, elə bil.
Hər sözün öz vaxtı,
öz yeri.
Yaltaq var ki, açıqdan-açığa
müdirə züy tutur,
Müdir olan yerdə
yanını yerə qoymaz;
yüz desinlər otur!
Gözlərin müdirin ağzına dikib
durur,
Əlini ovuşdurur.
Dodaqlar yaylı qapı kimi
açılır, yumulur
Dişlər lazım gəlsə, qıcanır
qəzəblə,
lazım gəlsə, irişir
Böyük yanında arıqlayır,
kiçik yanında şişir.
Yox, qardaşlar!
Yaltaqlıq asan deyil.
Ən çətini budur ki, birdən,
daş qayaya rast gəlir.
Onda necə!
Elə müdirə rast gəlirsən ki,
ürəyi-filiz külçə.
Nə tərif hərarətindən boşalır,
nə yarınmaq möhürü götürür.
Necə tərif desən, de,
bu qulağından alır,
o birindən ötürür:
Onda başlayır yaltağın qara günü.
Qara buludlar alır
başının üstünü.
Axı, yaltağın ayrı peşəsi yoxdur,
Olur sudan çıxmış balıq kimi,
süpürgə qabağına düşmüş qalıq kimi…
Şübhəsiz, işsiz qalar yaltaq,
biz ucuz təriflərə uymasaq.

1963

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG