Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:59

Aşıq Xanların məkanı


Murad Köhnəqala

Əvvəllər biz tərəflərdə toy məclisləri belə olardı, hərə öz həyətində çadır qurar, qonaqları, aşıqları çağırardı.

Bir qayda olaraq, toylar payızda başlayardı.

Yəni, camaat məhsulunu yığıb, pulunun sayını biləndən sonra xeyir işini başlayardı.

Toy mövsümlərində sovxozların da işi tükənmiş sayılardı.

Məclisləri, adətən, iki aşıq, bir balabançı aparardı.

Ustad-şəyird qismində olan aşıqlar dastan danışar, oxuyardılar.

Dastanı ustad aşıq danışar, səyird ona oxumaqda yardım edərdi. Yemək mağarı ayrı olduğundan, uşaq, böyük, qadın – hamı bu mağarda oturub aşığa qulaq asardı.

Mən toylarda, Aşıq Əkbərin, Aşıq İmranın, Azaflı Mikayılın, Aşıq Ədalətin, Aşıq İdrisin dilindən çox dastanlara qulaq asmışam.

Azaflı Mikayıl, adətən, öz başına gələn əhvalatlardan danışardı.

Onun, dostluğa möhkəm olmaq, iyidin səxavəti, xəyanətə görə sərt cəzalar, insanın azadlıq sevgisi kimi mövzularda müəllifi olduğu çoxlu dastanvari əhvalatları vardı.

Azaflı bəzən hadisələri o qədər təsirli danışırdı ki, məclisdəkilərin çoxu göz yaşlarını saxlaya bilmirdi.

Sovet quruluşunun eybəcərliyindən, harın komunistlərdən, haqsız məhkəmələrdən, müstəmləkə olmağımızdan car çəkdiyinə görə onu şərləyib dəfələrlə türməyə göndərmişdilər.

Lakin, türmələrdə saç ağartmış bu nurani kişi heç vaxt qorxu bilməz, həmişə haqq-ədalətdən, türmə həyatından, necə şərlənməyindən danışar, cəmiyyətdəki dözülməzlikləri nəzmə çəkib çalıb oxuyardı.

Onun çox da zil olmayan xoş səsi vardı. Azaflı danışan məclislərdə heç vaxt səs salan adam görmədim.

Belə dissidentlərdən biri də Alakollu Aşıq İdris idi.

Aşıq İdrisin “Səs veririk”, “Əl çalırıq”, “Kommunizmə gedirik biz”, “Dəhşətdi, dəhşət!” kimi onlarla kəskin antisovet şerlərinə toy mağarlarında öz dilindən qulaq asmışam.

İctimai-siyasi duruma dəqiq diaqnoz qoymaq, cəmiyyəti ayıltmaq, qorxmazlıq, yurdsevərlik və öldürücü sarkazm onun şerlərinin aparıcı qüvvəsi idi. Aşıq İdrisin eşq-məhəbbətdən oxuduğu yadıma gəlmir.

Baxın, bu, onun 70-ci illərdə yazdığı şerlərindəndi: “

Araz axır aramızdan,
Qanlar sızır yaramızdan,
Dahiləri sıramızdan,
Silə-silə əl çalırıq!

Kiminkidi gedən naxır,
Kimlər yeyir, kimlər baxır,
Dalımızdan nəfəs çıxır,
Ölə-ölə əl çalırıq!

Gönümüzü aşdamışıq,
Varımızı xaşdamışıq,
Kişiliyi boşdamışıq,
Elə-belə əl çalırıq!”


O vaxtlar onun bu şeri də çox məşhur idi:

“Başımızda qıllı papaq,
Belimizdə zorba çomaq,
Ağ şalvarda qara yamaq,
Kommunizmə gedirik biz!”

Yaxud,

“...Oğrular xırmanda, doğru zindanda,
Gəzir həqiqəti, dəhşətdi, dəhşət!..”


Dönməz, əqidəli bir insan olduğuna görə ömrünün çox illərini sovet türmələrində keçirməli olub.

Hətta bir dəfə Aşıq İdrisi məclis apardığı zaman toyda qandallayıb aparmışdılar.

Türmədən çıxan kimi yenə öz antisovet fikirlərini qorxmadan yayırdı.

Onun başındakı kepka, həmişə gülən üzü, hündür boyu hələ də gözümün qabağındadı…

Kəklik kimi qaqqıldayan Aşıq Əkbəri öz ustadı Aşıq Qədirlə görmüşəm.

Qədir kişinin qoca vaxtları idi, saz çalmırdı, əlindəki əsasını sehrlə fırlada-fırlada məclisdə dastan danışar, oxumaq vaxtı çatanda “Əkbər, dur!” deyib də Aşıq Əkbəri məclisə çəkərdi.

Qədir kişi Hüseyn Bozalqanlının şəyirdi olmuşdu.

O, ortalıqda dolaşan nur parçasına bənzəyərdi. Onun sifətini güclə xatırlayıram.

Dastanlarımızın kamil bilicisi, çox da baməzə bir adam idi.

Aşıq Əkbərin özü də dastanlarımızın usta bilicisi, gözəl danışanı idi.

Sonralar Qədir kişinin danışığını, hərəkətlərini yada salanda başa düşdüm ki, aşıqlıq şamanlığın davamıdı…

Aşıq İmran Koroğludan danışıb, Koroğludan oxumağı çox sevərdi. Məclisdə özünü çevik, dəliqanlı aparar, zil səslə oxuyardı…

Aşıq Ədaləti əlində saz, başında buxara papaq, əynində aşıq libası, toy mağarında dastan danışan görmüşəm. Ədalət onda axsamırdı. Onun çox şirin dastan danışmağı vardı…

1970-ci ilin ortaları olardı, kəndimizdə yenə toy idi.

Görünməmiş bir iş! Kəndin o başındakı toydan sazın səsi eşidilirdi.

Gəldik ki, məclisin başında 25-30 yaşlarında cavan bir oğlan mikrafona qoşulmuş saz çalır.

Dedilər, bu, Aşıq Xanlardı. İlk dəfə idi belə aşıq görürdük, yəni, oxumurdu, eləcə saz çalırdı.

Qıvrımsaçlı, hündür, girdəsifət, yaraşıqlı bir oğlan idi. Saz dillənəndə, ritmə uyğun olaraq, onun var bədəni “dilə” gəlirdi.

Çaldığı havaların müxtəlif məqamlarına çatdıqca, təkcə sazın səsiylə yox, bütün bədəniylə havanın içindən bizlərə nəsə danışırdı.

Çaldığı saz havasının gözəgörünməz məşəqqətlərindən üzünün əzələləri oynayır, bədəni yüz yerdən sınıb parçalanır, dağılıb tökülürdü.

Sazının səsi sel kimi üstümüzə gəlirdi. Biz həm qulaq asır, həm də ona tamaşa eləyirdik.

Gah beli tab gətirməyib yana, arxaya, irəliyə əyilir, gah da boynu qılıncla vurulmuş kimi, başı çiyninin üstünə, sinəsinə, arxaya, sazın üstünə düşürdü.

Birdən dizləri dözməyib bükülür, bükülür, bükülürdü.

Sonra yavaş-yavaş, ağır əzablar bahasına, qamətini dikəldir, dikələn kimi də qayıdıb yenə sınıq-sınıq olurdu.

Birdən simlərdən onun saçına qığılcım düşdü. Qığılcım aşığın saçlarını alovlandırdı.

O, dartınır, başını yelləyərək alovlanan saçını söndürmək istəyirdi.

Əlləri bizlərə saz çalmaqla məşğul olduğundan, qolubağlı kimi görünürdü. Başını sürətlə yellədikcə saçı daha da alovlanırdı. Get-gedə alov onun var bədənini bürüdü.

Gözümüzün qabağındaca, al-qırmızı alovun içində bir aşıq yanırdı.

O, alovlanıb yanır, lakin, qışqıra bilmirdi. Oxusaydı, haray çəkib qışqıra bilərdi.

O, oxumurdu, beləcə alov içində saz çalırdı. Onun oxumağa ixtiyarı yox idi. O, öz halını yalnız sazın diliylə çatdıra bilərdi.

Bu, dözülməz və məşəqqətli idi. O, hər dəm dar ağacında taxtaya mismarlanmış kimi görünürdü.

Sazın səsi bizi sel kimi götürmüşdü. Hava qurtaranda qan-tər içində özünə qayıtdı.

Tarix hələ bizə beləsini göstərməmişdi. Bu, tamam ayrı aşıq idi, bu, yeni şaman idi!..

Aşıq Xanları həyatda yalnız onda görmüşəm.

Lakin, onun bizə göstərdiyi o qıvrımsaçlı, alov içində saz çalan cinli şamanı heç vaxt unutmayacam.

Xanların sazının elə havaları var ki, dinlədikcə adamın içinin bağçası çiçəkləyir. Elə havaları var, o bağçaya payız gəlir, ot-yarpağı saralır.

Elə havaları da var, o bağçaya durmadan qar yağır. Aşıq Xanlar bircə “Aran gözəlləməsi”lə istədiyi vaxt dağlara duman gətirə bilərdi…

Aşıq Xanlar mizrabı simə çəkəndə adamı min il geriyə aparırdı. Min il geridəki bir ocağın qırağında isinirdin, iyitləri, gözəlləri görürdün, qəlbini təmizləyirdin, at çapıb qılınc oynadırdın…

Bunları bizə onun sazı göstərirdi.

Aşıq Xanların “dili” 40 yaşından sonra açıldı.

O, 40 yaşından sonra oxudu. Aşıq Ədalət də belə olmuşdu. İndi də Aşıq Xanların oğlu oxumur, eləcə saz çalır.

Yəqin, Azər Xanlaroğlunun da səsini 40 yaşından sonra eşidəcəyik...

Xanların oxuması da gözəl idi. Onun xarlamış, qədim səsi vardı. Məclisdə mehriban, ədəbli davranar, son dərəcə səmimi olardı.

O, sazı çalanda da, oxuyanda da yenilikçi idi, yaratmağı sevirdi.

Onun çaldığı havalar dədə-baba çalınan havaların içinə sığmırdı, budaqları klassik ölçüdən bir az çölə çıxırdı. Bir də gördün, Xanlar bir havanın gül dəstəsinin yanına özünün solmaz bir gülünü qoydu!

Onun saz havalarına, oxulara əlavə elədiyi güllər heç vaxt klassik formanın ruhunu incitmir, əksinə, ona yeni təravət gətirirdi.

Nə qədər yenilikçi olsa da o yenilikləri Aşıq Xanlar çox qədimlərdən üzüb gətirirdi.

Gətirdiyi gülləri elə bir gülüstandan dərirdi ki, oraya yalnız Aşıq Xanları buraxırdılar.

Yəqin bu saat Xanlar həmin gülüstandadı...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG