Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:36

Kak mojna, çaxırsız klub harada görüküb?


Molla Nəsrəddin

Qiyməti 12 qəpik № 11 1906, 16 iyun


Qeyrət

“Qeyrət” mətbəəsi bu həftə Germaniyadan təzə üsul ilə çap maşını dəxi gətirtdi.

“Qeyrət” mətbəəsinin qəsdi budur ki, müsəlmanlar arasında çap işlərini yüngülləşdirib qiymətlərini ucuzlatsın və bu lazımlı iş barəsində camaatı özgələrə möhtac etməsin.

Lakin camaat bu ağır fədakarlığın əvəzində sifarişlərini genə yadlara verib bu tək müsəlman mətbəəsində işləyən iyirmidən artıq öz müsəlman qardaşlarını işsiz buraxırlar.

Ümid ki millətimiz bundan sonra bu tək müsəlman mətbəəsinə sifariş verməklə həmiyyəti-milliyyələrini boş və yalançı sözlər ilə yox, işlə göstərərlər.

Və illa bu həmiyyətsizliklə bizdə heç bir elm və mərifət işi qabağa getməz. “Qeyrət” mətbəəsinin türkcə və rusca çap qiymətləri:

Paket 500 ədəd 1 manat 60 qəpik

Blank 1000 ədəd 2 manat 70 qəpik

Paket 1000 ədəd 2 manat 60 qəpik...

Hər cür dəftər və kitablar dəxi ucuz qiymətlə çap olunur. Özgə şəhərlərdən sipariş dəxi qəbul olunur və poçta ilə əcələ göndərilir.

Müsəlman Məclisi
()

Keçən ilin payız fəsli idi. Mən də o məclisdə var idim.

Şəhərimizin bir neçə ağsaqqalları, oxumuşları, tacirləri yığışmışdılar ki, öz aralarında məsləhət edib bir “klub” binası qoysunlar.

Həmin məclisdə bir neçə Axund da var idi.

Məclis əhli tamam cəm olduqdan sonra cənab Cəfər bəy (dörd il bundan irəli Moskva darülfünununun ədliyyə şöbəsində təhsil edib) ayağa durub başladı rus dilində “klub”un nədən ibarət olmağını bəyan etməyə.

Cəfər bəy sözünü qurtarıb oturdu. Amma heç kəsdən bir səs çıxmadı.

Mən duydum ki, Cəfər bəyin sözlərini bir-iki yoldaşdan savayı başa düşən olmadı. Mənim zənnim doğru imiş, çünki mollaların birisi üzünü Cəfər bəyə çevirib dedi:

- Bəy, nitqiniz bəndəyə məfhum olmadı.

Cəfər bəy mollaya bir cavab vermədi, çünki mollanın dediyini qanmadı.

Cəfər bəy gözlərini dirədi mollanın üzünə, molla da Cəfər bəyin üzünə. Axırda mollaların biri Cəfər bəyə dedi ki, ay bəy, sənin sözlərinə biz necə ki, lazımdır mültəfit olmadıq. Çünki biz rusca o qədər bilmirik, əgər mümkündür zəhmət olmasa müsəlmanca de.

Cəfər bəy durdu ayağa, çeşməyini düzəldib dedi: “Qaspada, pajalusta, mən bir az kak sleduet, müsəlmanca dildə abyasnitsya ola bilmərəm, proşu izvineniya ( yəni müsəlmanca necə ki lazımdır danışa bilmirəm, məni bağışlayınız).”

Oturanların çoxusu dedi: heç eybi yoxdu, heç zəhmət çəkmə.

Sonra Həsənağa ayağa durub bu cür danışdı:

- Biz müsəlmanlar lap bədbəxt olmuşuq: hər bir millət özü üçün bir klub açıb axşamnan axşama yığışır ora və hər kəs hər nə kefi istəyir eləyir, biri görürsən kitab oxuyur, biri tansavat eləyir, biri qumar oynayır, biri yeyir, biri içir.

Qərəz dost dostu ilə, aşna aşnası ilə görüşür və xoşluq ilə vaxtını keçirir. Amma biz biçarələr otururuq evdə və bir yer tapa bilmirik ki, orada ürəyimiz istədiyi kimi günümüzü keçirək.

Həsənağaya mollaların bir belə cavab verdi: “çox əcəb, bavücudi-həmeyi-in gərək bunu nəzərdə tutasınız ki, “klub” dediyiniz yerdə gərək şərab istemal olunmasın və illa bizim üçün oraya gəlmək bir az müstəhsən olmaz.”

Molladan sonra bəylərin birisi tez ayağa durub bir qədər hirsli haman mollaya cavabən dedi: “necə, necə? Nə olmasın?”

Tacirlərdən biri dedi ki, klubda çaxır gərək içilməsin.

Bu sözü eşitcək bəylərdən bir neçəsi qeyzə gəlib və ayağa durub başladılar uca səslə deməyə:

“Necə olmasın? Nə danışırsınız? Kak mojna, çaxırsız klub harada görüküb? Hər kəs gəlir gəlsin, gəlmir gəlməsin. Kak mojna?

Kto xocet, pust ne piyot. Heç kəsə zornan deyən yoxdur ki, çaxır iç.”
(hələ qurtarmayıb)

Hop-Hop

Teleqraf xəbərləri

Təbriz – Vəliəhd Həzrətləri fəqir və acizlər üçün “Kəcil” qəbiristanında bir böyük mərizxan (xəstəxana-Abbas) təsis etdirir;

Jurnalın redaktoru Mirzə Cəlil - "Molla Nəsrəddin"
Şuşa – General-Qubernator Qoloşşapov o qədər qanunla iş görən və ədalətlidir ki, beş addım o yanında ölən müsəlmanların köməyinə getmir ki, qanun və ədalətdən bir tük qədərində dişqarı çıxmış olmasın;

Bakı – Müsəlmanların əxlaq və ətvarını xoşlayıb bu gün otuz nəfər yəhudi İslama müşərrəf oldular. Ehtimal ki, Bakı müsəlmanlarının təqva və təvazöləri cəmi ətrafı əhatə edəcəkdir;

Quba – Dəli pirin yaxınlığında ricalül-qeyb ərənlərinin məskəni tapılmışdır. Ziyarət edənlərin hesabı məlum deyil. Hətta Sibiryadan katrojni dustaqlar yüzdən ziyadə qaçıb ziyarətə gəlmişlər;

Tiflis – Polisə və jandarma idarələri Molla Nəsrəddin əmiyə həmişə riayət edəcəklərini vəd etdilər.

NƏSİHƏT (camaat vəkillərinə)

Sizədir bizim ümidimiz, biz müsəlman camaatının ümidi, ey millət vəkilləri! Allah sizə yaxşı yol versin!

Gedirsiniz gediniz, amma mollanın xeyir-duasını yadınızdan çıxarmayasınız! Ey millətimizin seçilmişləri!

Gediniz, Allah sizə yaxşı yol versin.

Gediniz, amma bunu hər dəqiqə yadınızda saxlayınız ki, sizin boynunuzda ağır təkliflər var ki, onları əmələ gətirməyi millətimiz sizdən tələb edəcək.

O təkliflər çox ağırdırlar. Üstünüzə götürdüyünüz öhd və xidmət dünyada etdiyiniz savab əməllərin ən əfzəlidir və bu xoşbəxt bəndələrin xoşbəxtisiniz.

Gediniz, Allah sizə yaxşı yol versin. Gediniz, amma bu bir neçə məsləhətimi fəramuş etməyiniz (unutmayasınız-Abbas).

Amma, aman günüdür nə edirsiniz ediniz bircə bunu yadınızdan çıxartmayınız: həmişə ədəbli olunuz, ədəbli, ədəbli, ədəbli!

Aman günüdür biz müsəlman millətini yetmiş iki millətin vəkilləri içində biabır etməyiniz, elə rəftar eləməyin ki, desinlər: bu müsəlmanlar biədəb, bihəya, sırtıq millətdir.

Aman günüdür, mənim bu nəsihətimi nəzərdə saxlayınız: bunun da çarəsi heç dinməməkdir.

Əgər xamuş olmağa (sönməyə-susmağa - Abbas) aylar ilə, illər ilə dözə bilsəniz, dözünüz və illa əgər səbr və qərarınız kəsildi, bir danışmaq istəsəniz, heç olmasa millətimizin xoş səadəti və tərəqqisi adına bu bir neçə tələbləri hökumətdən eləyiniz:

Əvvəla: Tələb ediniz ki, İran məmləkəti ilə Qafqaz müsəlmanlarının arasında sərhəd götürülsün, belə ki, o tərəfdən bu tərəfə keçmək, şey gətirmək, adam gətirmək bimane (maneəsiz) olsun.

Əgər işdir həmin tələbin mənasını və səbəbini sizdən soruşsalar, deyiniz ki, sizə dəxli yoxdur, bu mətləb İran məmləkəti ilə öz aramızda məxfi məhrəmani işdir, özümüz bilərik.

İkinci: Tələb ediniz ki, Rusiya hökumətinin yolunda can-dil və xidmət edən müsəlmanlara layiqincə vəzifə və ənam verilsin və bununla belə Rusiyanın müstəbid idarəsinin tərəfdarı olmayan müsəlmanlar Saxalin cəzirəsinə göndərilsinlər.

Üçüncü: (qalanını da sonra deyərik...)

Molla Nəsrəddin

Rubrikanın arxivi
Bu şərt ilə ki, şagirdin adının axırında “of” ola... (9 iyun)
Lalın dilini molla bilər... (2 iyun)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG