Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:11

Xaricdə kim müalicə ala bilir?


Bəzən müraciət edən xəstələrin xaricə göndərilməsinə ehtiyac olmur, çünki onların xəstəliyi ölkə daxilində də müalicə oluna bilər
Bəzən müraciət edən xəstələrin xaricə göndərilməsinə ehtiyac olmur, çünki onların xəstəliyi ölkə daxilində də müalicə oluna bilər
Birinci qrup gözdən əlil olan Firudin Məmmədov əlacı Azərbaycan sərhədlərindən kənarda olan pasientlərdəndir. O, ilk dəfə 1995-ci ildə Almaniyada müalicə olunub. Müalicəsi dövlət hesabına başa gəlib. Gediş-gəliş və müalicə haqqı tam ödənib:

«1995-ci ildə bizi dövlət göndərmişdi. Beynəlxalq Valyuta Fondu 29 nəfər üçün 500 min dollar pul ayırmışdı. Almaniyadakı həmin müalicənin ciddi əhəmiyyəti oldu. Gözüm görmə qabiliyyətinin indiki səviyyəsinə Almaniyadakı müalicədən sonra gəlib çatdı. Sonra yenə getməyimə ehtiyac yarandı. İndi o formada vəsait ayrılmır. Ancaq yol pulu – müalicə yerinə çatmaq və qayıtmağın xərci çəkilir».

XƏSTƏLİYİN ŞƏFASI ÖLKƏDƏ DEYİLSƏ...


Səhiyyə Nazirliyində 2005-ci ildə «Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya» yaradılıb.

Komissiyaya Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri daxildir.

Komissiyanın sədri Nəsib Quliyev deyir ki, əgər konkret bir xəstəliyin müalicəsi obyektiv səbəblərə görə ölkə daxilində mümkün deyilsə, Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrdə həmin xəstəliklərin müalicəsi varsa, həmin şəxslər xaricə müalicəyə göndərilir. Xəstələr əsasən Türkiyə, İran, Rusiya, Ukraynaya göndərilir.

Nəsib Quliyev deyir ki, bəzən müraciət edən xəstələrin xaricə göndərilməsinə ehtiyac olmur, çünki onların xəstəliyi ölkə daxilində də müalicə oluna bilər.

Komissiya daxili orqanların köçürülməsi əməliyyatları ilə bağlı müraciətləri isə qəbul etmir.

XARİCDƏ MÜALİCƏYƏ KİM GEDİR?


Nəsib Quliyev deyir ki, əsasən əsəb sistemi, nevrocərrahi, travmatoloji-ortopedik, ürək, uşaq, endokrinoloji xəstəliklərlə bağlı xəstələrin müraciətlər araşdırılandan sonra xəstə haqqında komissiya qərar çıxarır:

Səhiyyə Nazirliyində 2005-ci ildə «Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya» yaradılıb
«Xəstə haqqında qərar çıxarıldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tədbirlər üçün nəzərdə tutulmuş vəsait hesabına onlara yardım göstərilir. Əsasən onların yol xərcləri ödənir. Bəzi hallarda orada aparılan müalicəyə müəyyən dərəcədə köməklik göstərilir. Elə xəstəlik var ki, bütövlükdə müalicəsi küllü miqdarda vəsait tələb edir. Bu, imkanlar xaricindədir».

AİLƏMİ SAXLAYIM, MÜALİCƏYƏ GEDİM?


Birinci qrup gözdən əlil Firudin Məmmədov isə deyir ki, indi onun yenə xaricdə müalicə olunmağa ehtiyacı var. İmkanlar isə məhduddur:

«Əlilliyə görə 230 manat təqaüd alıram. Bununla ailəmi də saxlamalıyam, yerli müalicələri də həyata keçirməliyəm, çox çətindir. Almaniyaya getsəm, gərək xərcləri özüm ödəyəm».

Sağlamlığa Çağırış Səhiyyə Alyansının eksperti Süleyman Cəbrayılov deyir ki, vətəndaşların xaricdə müalicəsi ilə bağlı vəziyyət ürəkaçan deyil. Ancaq dövlət istəsə imkanlarını genişləndirə bilər:

HÖKUMƏTLƏ İŞLƏYƏN FONDLAR DA KÖMƏK ETSİN


«Azərbaycan vətəndaşlının orta aylı əmək haqqı ilə xaricdə səhiyyə xərclərinin heç bir faizini ödəmək olmaz. Dövlət xaricə müalicəyə göndərişi tam şəkildə ödəmirsə, vətəndaş özü çətin gedə bilsin. Onun üçün də başqa variantlardan istifadə etmək lazımdır. Səhiyyə Nazirliyi ilə əlaqəli işləyən Azərbaycandakı fondlardan, təşkilatlardan, imkanlı adamların köməyindən istifadə oluna bilər».

«Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya»nın sədri Nəsib Quliyev deyir ki, hər il onlara 1500-2500 xəstə xaricdə müalicə üçün müraciət edir.

2009-cu ildə komissiyaya 1291 xəstə müraciət edib. Onlardan 120-ə müsbət cavab verilib.

Bu il 50 nəfərin göndərilməsi haqqında qərar çıxarılıb. Bundan başqa, 130 nəfər Ukraynanın Saki şəhərindəki Əlillərin Bərpa Mərkəzinə göndəriləcək.
XS
SM
MD
LG