Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:21

“...Oxucular o qədər də təqdirəlayiq deyil”


Azadlıq Radiosunun keçirdiyi “Ədəbi Azadlıq” hekayə müsabiqəsinin finalçısı Mirmehdi Ağaoğlu ilə söhbət. Müsabiqənin onluğuna onun "Mərəz" hekayəsi düşüb.

- Nə vaxtdan yazırsınız?

- 2001–ci ildə yazmaq qərarına gəlmişəm.

- Niyə məhz o vaxtdan?

- Bir az mistik çıxacaq, çıxmayacaq bilmirəm, əslində o vaxta kimi daim yazmaq istəyim olub, nəsə yazmamışam. 2001-ci ildə əmim vəfat elədi. Çox oxuyan, mütaliəli adam idi. Həmişə onun otağına keçəndə görürdüm ki, kitab oxuyur. Onun mənə çox təsiri olmuşdu. O rəhmətə gedəndən sonra öz–özümə hiss etdim ki, nəsə yazmalıyam. Beləliklə də yazmağa başladım.

- İlk dəfə nədən yazdınız?

- İlk dəfə hamı çalışır özünü şeirlə ifadə etsin. Bu da yəqin ki, insanın yazmağa tam hazır olmaması, geniş miqyasda düşünməməyi deməkdir. Poeziya hisslərlə bağlı olan bir şeydir. Ona görə də insanın ilk yazılarında şüur, düşüncə yox, emosiya olur. Ona görə də hamı kimi ilk öncə şeirlə başladım, sonra keçdim nəsrə, hekayə yazmağa.

- Niyə yazırsınız? Nə verir sizə yazmaq?

- Sadəcə yazmaq istəyirəm. Hər kəsin bir iddiası var içində, heç kəs öz ayranına turş deməz. Amma ilk öncə yazmaq ehtiyacı var. Mən də ona görə yazıram. Nəsə görürəm, analiz edirəm, içimdə bişirirəm, material əmələ gəlir müşahidələrimin nəticəsində. Bunu artıq yazmalısan, enerjini boşaltmalısan.

- Sizcə nədən yazmaq daha maraqlıdır?

- Daha çox realizmə üstünlük verirəm. Real mövzular - sosial problemlərdən və bu kimi mövzularda yazmağı xoşlayıram. Fantastika yox, haradasa sürrealizmə can atmaq olar. Amma detektiv yaza bilmərəm, heç istəmərəm də. Sırf real şeylər.

- Kimin üçün yazırsınız?


- Hamı deyir özüm üçün yazıram. Amma əslində yazdığını kiməsə oxutdurmasan əsər olmaz axı bu. İstəyirəm ki, dost–tanış oxusun. Dostlarım yazdığıma qiymət verəndə çox məmnun oluram.

- Ümumiyyətlə necə fikirləşirsiniz, qiymət verilməsi vacibdirmi?

- Hər bir əsərdə nəsə problem qaldırılır. İdeya ortalığa atılır. Bunu anlayan da olur, tam başa düşməyən də. Nə qədər cəhd etsən də düşündüyünün yüz faizini yaza bilmirsən. Əlli faiz alt qatda qalır. O alt qatı da paylaşırsan, bölüşürsən, insana xoş təsir bağışlayır.

Mirmehdi Ağaoğlu 1982 –ci ildə Neftçala rayonunda anadan olub. 1989 –cu ildən Bakıda yaşayır. 2004 – cü ildə İqtisad Universitetinin mühasibat uçotu fakültəsini bitirib.
"Mərəz" hekayəsi «Ədəbi Azadlıq» qısa hekayə müsabiqəsinin ilk onluğuna düşüb.

- Nə dərəcədə paylaşa bilirsiniz bunu yaxın dostlarla, qələm adamları ilə, tanıdıqlarınızla?


- Bir də görürsən yazdığın hekayədə sənin heç fikirləşmədiyin şeyləri fikirləşib tapırlar. Hansı ki, onu düşünüb yazmamışdın.

- “Mərəz”i niyə yazdınız, nədən gəldi?

- “Mərəz”ə yazılan şərhlərdə var idi ki, nə olsun, bunu qabartmaq olmaz, filan. Bu əslində olmuş, real bir şeydir. Bütün müharibələr iqtisadi, siyasi maraqların bölünməsi uğrundadır. Aparılan müharibələrin arxasında bu durur. Amma orada insan taleləri var, sadə insanların taleləri. Bu hekayədə də ömür boyu təzə ət yeməyə öyrəşmiş yaşlı insandan söhbət gedir. Birdən gəlir düşür belə bir yerə və heç nə yeyə bilmir. Böyük müharibə baş verib. İndii ortada kiçicik insanın faciəsi var. O günü gündən məhv olur, əriyir gedir, özü də utanır, amma bacara bilmir. Burada iradə axtarmağa da ehtiyac yoxdur.

- Müsabiqəyə niyə məzh bu hekayəni verdiniz?


- Müsabiqəyə üç hekayə göndərmişdim. «Mərəz»i çoxdan fikirləşmişdim, müsabiqənin çox böyük təsiri oldu, oturub onu yazmağa. Üç hekayəni çoxdan yazmaq istəyirdim, müəyyən səbəblərdən vaxt tapa bilmirdim, səhlənkarlıq edirdim. Vaxt olsaydı daha çox yazacaqdım.

- Gözləyirdiniz onluğa düşəcəyini?

- «Mərəz»dən gözləyirdim. «Su pərisi» hekayəsindən də gözləyirdim.

- İndi növbəti üçlük olacaq, necə bilirsiniz, ora düşəcəksiniz, ya yox? Hər halda digər hekayələrlə tanışsınız.

- Sizin müsabiqəni hər gün izləmişəm. Onluğu da oxudum, əllilikdən də bəzi hekayələri oxudum. Şərh yazanların hekayələrə qiymət tərzi məni qane etmədi. Müsabiqə elə şeydir ki, kampaniya aparıb qohumlardan cəlb etmək olar ki, səs versinlər. Cəhd göstərdim, dedim bir–iki nəfərə. Amma gördüm ki, bu mənim hekayəmə qiymət olmadı, mənə qiymət oldu. Elə bil ki, xalq ulduzuyam mənə qiymət verirlər. Ona görə sadəcə oturub gözlədim. Məni daha çox münsiflərin səs verməsi maraqlandırır. Çünki onların münasibəti professionaldır, əsərə verilən qiymətdir.

- Bütün hekayələrlə tanışsınız. Bu 10 ehtimalın arasından baxanda öz hekayənizi ilk üç yerdə görürsünüz?

- Görürəm. Onluğa düşənlərdən bir qismi (adbaad deyir-İ.R) xoşuma gəlimədi. Amma bəyəndiklərim də oldu (adlarını deyir-İ.R.).

- Ümumiyyətlə nə dərəcədə özünüzü qiymətləndirmə məqamında hesab edirsiniz?

- Mənə elə gəlir ki, kifayət qədər qiymətləndirə bilərəm. Mütaliəsi dar olan insan deyiləm. Öz yazdığımı özüm oxumuram. Mütaliə edirəm, daim araşdırıram. Yeri gəldikcə hər hansı əsər haqqında fikirlərimi bildirə bilirəm. Sırf professional tənqidçi kimi də yanaşmıram, amma öz fikirlərimi paylaşıram. Düşünürəm ki, buna ehtiyac var. Qarşılıqlı sürətdə paylaşmaq normal bir şeydir.
-
- Onluğa düşmək sizə nə verdi?

- Sevindim. Məni qane etdi. Hamı sevindi. Növbəti nəticəni gözləyirəm.

- Növbəti nəticə ürəyinizcə olsa nə verər sizə?

- Bilmirəm. Konkret o barədə düşünməmişəm.

- Bəs ürəyinizcə olmasa ?


- Mən bu müsabiqəyə bir az professional yanaşmağa – yəni sırf iştirakçı kimi yox, həm də ədəbiyyatçı kimi yanaşmağa çalışıram. Prosesi, onun gedişatını analiz edirəm. Nəticəsindən sonra tam qərara gələcəm.
-
- Nə barədə qərara? Yazmaq, yazmamaq, ya nə?

- Yox. Sadəcə olaraq oxucunun zövqü, oxucu nə tələb edir. Bazardır, tələb təklif məsələsi var. Bu barədə düşünmək ola bilər.

- Oxucu nə dərəcədə etibarlıdır sizcə?

- Bu müsabiqənin oxucuları o qədər də təqdirə layiq oxucular deyil. Yəni bu filan hekayə (adını deyir-İ.R.) o qədər də ciddi məsələ deyil də onu hər gələn bəyənsin. Sırf şərhlərdən, səsvermədən hiss olunur ki, oxucular o qədər də təqdirəlayiq deyillər.

- Necə fikirləşirsiniz, yazmamaq olar ümumiyyətlə?

- Özüm üçün yox. Bu bir az çətin məsələdir. Yazmamaq gündəlik ehtiyaclarımı ödəməmək, qidalanmamaq kimi bir şeydir.

- Birdən daha yaxşı başqa bir qida təklif etdilər bunun əvəzinə sizə. Mümkündür bu?


- Bu ona oxşayar ki, insana təklif etsinlər daha yemək yemə, səni başqa üsulla qidalandıracağıq. Olmaz. Yazmamaq üçün kifayət qədər maneələr var. Hər kəsdə var. Bu, təbiidir. Amma cəhd edirik, yazırıq. Qidalanmaq kimi bir şeydir bu. İnsan mənən qidalanır.

- Daha çox harada qidalanırsınız, evdə yaxud işdə?

- Əvvəllər işdə daha çox imkanım olurdu. Qarşımda kompüter, vaxtım da olurdu, yazırdım. Evdə isə kitab oxuyurdum. Amma son vaxtlar evdə çalışıram.
-
- Necə düşünürsünüz, sizi oxusalar yaxşıdır, oxumasalar?

- Hər halda oxusalar yaxşıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG